Azərbaycan nefti niyə sürətlə ucuzlaşır? – Ekspert təhlili – Yenicag.Az

Reklam

Reklam

“Dünya birjalarında neftin dəyər itirməsi indiki halda əsasən təklifin nisbətən artmasından qaynaqlanır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında dünya birjalarında neftin qiymətinin ucuzlaşması və ona müvafiq “Azeri LT CİF” markalı “qara qızıl”ın da enməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

“Məsələ ondadır ki, dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Azərbaycan neftinin qiyməti də dünya bazarlarında formalaşır. Eyni zamanda, Brent markalı neftin qiyməti əsasında müəyyənləşir. “Azeri LT CİF” ilə Brent markalı neft arasında cüzi fərqlər olur. Nəticədə ümumi neft qiymətində ucuzlaşma tempi “Azeri LT CİF” qiymətinə də anoloji təsir göstərib. Yəni bizim neftin ucuzlaşmasında Azərbaycana aid hər hansı bir xüsusiyyətlərdən söhbət getmir.

OPEK və ona daxil olmayan ölkələrin son toplantısında hasilatın 1 milyon barel həcmində artımı ilə bağlı qərar verildi. Eyni zamanda, Səudiyyə Ərəbistanı və Rusiya dünya bazarına mümkün qədər daha çox neft təklif etmək niyyətindədir. Ötən həftə ABŞ-da neft hasilatı və neft quyularının həcmində artımlar qeydə alınıb. Bu kimi faktorlar bütövlükdə bazarda qiymətin səviyyəsinə təsir edib. İndiki halda isə bazarda tələblə təklif arasındakı fərqin azalmasından qaynaqlanan nəticəni müşahidə edirik. Amma böyük ehtimalla bu proses ciddi ucuzlaşmaya gətirib çıxarmayacaq”.

Ekspertin fikrincə, neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün müəyyən qədər risk yaradır: “Azərbaycanda istənilən halda, neftin qiymətinin ucuzlaşması ölkəmiz üçün itkilərə gətirib çıxarır. Azərbaycan hər gün dünya bazarına 600 min barel ətrafında neft təklif edir. Bu isə o deməkdir ki, hər bir dollar ucuzlaşma ilə Azərbaycan gün ərzində 600 min dollar itkiyə düşür. Yəni istənilən halda ucuzlaşan neft Azərbaycan üçün maliyyə itkisi deməkdir.

Ölkəmizdə neftin bir bareli 55 dollardan götürülüb. İndi isə 72 dollardır. Bu da müəyyən edilmiş göstərici üzrə Azərbaycanın neft satmaq imkanının olduğunu göstərir. Ehtimala görə, cari il üçün orta qiymət 70 dollar olacaq. Bu psixoloji həddən sonra isə mümkündür ki, neftin qiymətində yenidən bahalaşma prosesi başlasın”.

Qeyd edək ki, bu gün “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 3,27 dollar və yaxud 4,32 faiz ucuzlaşıb. Nəticədə hazırda “Azeri LT CIF” markalı neftin qiyməti 72,48 dollar/barrelə bərabərdir.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1472
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."