“Proporsional sistemin bərpası ilə yanaşı, Milli Məclis üzvlərinin sayının artırılması barədə də təkliflər var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bu il ölkə Konstitusiyasına dəyişiklik məqsədilə referendum keçirilməsi ehtimalını dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
Pənah Hüseynin sözlərinə görə, Azərbaycanda Konstitusiya referendumunu şərtləndirən bir sıra ciddi səbəblər yaranıb:
“Konstitusiyada hər hansı dəyişikliyin həyata keçirilməsi yalnız referendum yolu ilə mümkündür. Əsas Qanuna dəyişikliklər edilməsi haqda təklif isə Milli Məclis və prezident tərəfindən verilə bilər.
Proporsianal seçki sisteminin bərpası ilə bağlı müxalif partiyalar tərəfindən təklif irəli sürülsə də, prezident İlham Əliyev ötən ilin dekabrında buna neqativ münasibət bildirmişdi.
Lakin prinsip etibarilə, proporsional sistemin bərpası istisna deyil. Siyasi partiyaların əsas tələblərindən biri həm də budur.
Eyni zamanda, siyasi müxalifət yeni Konstitusiya layihəsinin hazırlanması təklifini də səsləndirib.
Əslində, proporsional sistemin bərpası ilə yanaşı, Milli Məclis üzvlərinin sayının artırılması barədə də təkliflər var. Ancaq bunlar hələlik ideya formasındadır.
Qeyd olunmalıdır ki, ölkədə referendumun keçirilməsi ehtimalı var. Çünki Konstitusiyada növbəti parlament seçkilərinin noyabr ayında keçirilməsi haqqında müddəa mövcuddur. Növbədənkənar parlament seçkilərindən sonra o müddəanın dəyişdirilməsi texniki zərurət kimi meydana çıxıb”.
Səxavət Məmməd