Oktyabrın 16-da Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası çərçivəsində qurumun Sülh və Beynəlxalq təhlükəsizlik Komitəsinin iclası baş tutub. Komitə üzvləri iqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində dünyada yaranmış disbalans və humanitar fəlakət mövzusuna dair fikir mübadiləsi aparıblar.
Yenicag.az-ın məlumatına görə, Milli Məclisin üzvü Kamran Nəbizadə komitənin iclasında iştirak edərək iqlim dəyişikliyi, artan su qıtlığı, əhali artımı, demoqrafik dəyişikliklər və urbanizasiya proseslərinin su təchizatı sistemləri üçün artıq problemlər yaratdığını bildirib.
Kamran Nəbizadə Azərbaycanın əsas məqsədlərindən birinin suyun bütün sahələrdə səmərəli və məhsuldar istifadəsinin təmin edilməsi olduğunu və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ətraf mühit sahəsində mühüm nailiyyətlər əldə olunması üçün çoxsaylı konvensiyaları imzaladığını, bu sahə üzrə son illər ərzində bir sıra qanunların qəbul olunduğunu komitə üzvlərinin nəzərinə çatdırıb.
Komitə üzvləri və rəhbərliyi tərəfindən Milli Məclis üzvünün çıxışı və Azərbaycanın qeyd olunan sahədə nümayiş etdirdiyi mövqe yüksək qiymətləndirilib. Komitənin həmsədri, eyni zamanda, Almaniya Bundestaqının Sədr müavini xanım Klaudiya Roth üzv dövlətləri Azərbaycanla eyni mövqedə olmağa çağırıb, yalnız belə bir mövqenin planetimizin gələcəyinə yardım edəcəyini qeyd edib.
Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir. Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətinin üzvü, Millli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayilov Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartmasını işğal faktının ört-basdır etmək istəməsi ilə əlaqəndirib.
O, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox mülki şəxsin öz tarixi yurd-yuvalarından didərgin düşdüyünü, Xocalıda soyqırım törədildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Deputat deyib ki, münaqişədə Azərbaycanın mövqeyi dəyişməzdir, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O, münaqişə ilə bağlı mötəbər təşkilatlar, o cümlədən BMT tərəfindən 4 qətnamə qəbul olunduğunu, lakin bunların hələ də icra olunmadığını tədbir iştirakçılarına xatırladıb.
Sonda Şahin İsmayilov ritorik sualla tədbir iştirakçılarına müraciət edib: “Erməni xalqı müqəddəratını müəyyən edərək öz dövlətlərini yaradıb. İndi onlar ikinci erməni dövləti yaratmaq istəyirlər. Bəlkə, gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər? Bu, paradoksdur”.
Bu sözlər erməni nümayəndə heyətinin ciddi narazılığına səbəb olub./Trend/