Bakıda hərbi sursat tapıldı

Bakıda 704 ədəd partlamamış hərbi sursat tapılıb.

Bu barədə Yenicag.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarası tapılması barədə agentliyə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis birlikdə yuxarıda adı qeyd olunan ərazidən keçən Bilgəh-Sumqayıt yolunun kənarına baxış keçiriblər.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar bu gün də davam etdirilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

COP29