“Bu mübarizənin Cənubi Qafqazda sabitlik yaradacağına əminik” – BAŞ NAZİR

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb.

Yenicag.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

Əli Əsədovun sözlərinə görə, bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir”.

Baş nazir şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurduğunu vurğulayıb:

“Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərib. Bu gün dövlət başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik”./APA

COP29