Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Cənazəni gətirdilər... Bayraq və tabut... Həyatımın o anda söndüyünü hiss etdim” – Bir Şəhidin DASTANI

“Axırıncı dəfə oktyabrın 6-sı danışdıq. O danışan, bu danışan… Oktyabrın 7-si zəng etdim, götürmədi, 8-i zəng etdim, cavab olmadı. Ayın 8-də özümə yer tapa bilmirdim, tikan üstündə idim, elə bilirdim, nəsə xəbər eşidəcəm. Sən demə, həmin gün vurulublarmış…”

*

İki əl əvvəl toyunda qol açıb oynadığın, ən xoşbəxt günündə yanında olduğun, sevincinə ortaq olduğun bir adamın həyatda olmaması, ondan artıq keçmiş zamanda danışılması çox üzücü olsa da, onun Şəhid olmasının qürurunu yaşayırsan.

Vətən Müharibəsi Şəhidi Ağayev Tapdıq Çingiz oğlu.

Onunla tanışlığımız 2014-cü ildən sonraya təsadüf edir. 11 illik sinif yoldaşımın, ailə dostumuzun qızının, tələbəlikdə eyni evi bölüşdüyüm Gülşənin o vaxtlar sevgilisi, 2018-ci ildən isə həyat yoldaşı…

Tapdıq Ağayevin həyat yoldaşı Gülşən Ağayeva. İndi isə Şəhid xanımı qürurlu məqama yüksələn Gülşən Ağayeva.

*

Məlum səbəblərə görə Şəhidimizin dəfnində iştirak edə bilməmişdim, ailəsinə başsağlığı da verməyə imkanım olmamımşdı. Acısı təzə olan biriləri mənim telefonda verəcəyim başsağlığı ilə nə təskinlik tapacaqlar?

Üzərindən 15 gün keçdikdən sonra Gülşənlə əlaqə saxladım, başağlığı verdim. Və Tapdığa olan (Şəhidliyindən irəli gələn!) vəfa borcumu ödəmək üçün onu bu sətirlərin arasında yaşatmaq istədim. Özü də əbədi! Qoy hər kəs bilsin ki, bu dünyadan bir Tapdıq Ağayev keçdi! Qoy hamı bilsin ki, Vətəni üçün canını fəda edən Tapdıq Ağayev özündən sonra bu dünyada ürəyi yanğılı ana-ata, ruhən onunla məzara gedən gözüyaşlı həyat yoldaşı və… özündən bir parça, oğlunu, Uğurunu qoyub gedib…

Beləcə, şəhidimizin həyat yoldaşıyla, uşaqlıq dostumla, sinif yoldaşımla, Gülşənlə Tapdıq haqqında, nakam arzuları, həyata keçməyən istəkləri və geridə qoyduqları barəsində söhbətləşdik…

*

Bir-birilərini çox sevirdilər. Elə indi də… Ancaq Gülşən deyir ki, Tapdığın sevgisi bir başqa idi, lap uşaq anasını sevən kimi sevirmiş Tapdıq onu:

“Çox sevirdik bir-birimizi. Ancaq onun sevgisi tamam başqa idi. Çox qayğıkeş davranırdı, özü də həddindən artıq. Mənim hamiləliyim riskli idi. Uğuru dünyaya gətirmək üçün əməliyyata girəndə də yanımda idi. O zaman çox qorxmuşdu, həm də elə kövrəlmişdi ki, elə bilirdi, məni itirəcək. Düşünürdü ki, artıq sondur. Əməliyyat yaxşı keçdi, Uğurumuz dünyaya gəldi. Biz xəstəxanadan çıxanda o qədər sevinmişdi ki, evi başdan-ayağa bəzəmişdi, hər şeyi hazır etmişdi. Ürəyini belə tərəddüdsüz çıxarıb verərdi bizim üçün. Məni incitməkdən çox qorxurdu. Deyirdi ki, sənsiz həyatı təsəvvür belə etmirəm. Bu cür şeyləri danışmaqdan da çox qorxurdu, çəkinirdi, danışmaq istəmirdi. Sanki bilirdi ki, həyatdan belə tez köçəcək. Fikirləşdirdim ki, ay Allah, görəsən, bu qədər sevginin, çox istəməyin axırı necə olacaq?.. Ağlıma milyon cür fikirlər gəlirdi…”.

Son gün… Son görüş…

Birlikdə son saatlarını yaşayırlar. Son 7 saat. Gülşən bəlkə də bunu hiss edib və gecə səhərə qədər yatmadan elə heey Tapdığa baxa-baxa durub… Özü deyir:

“Sentyabrın 26-sı axşam saat 9-da gəldi evə. İçiboş güllələr gətirmişdi özü ilə. Adı yazılan kağızları içinə qoyub kəlbətinlə ağzını bərkitdi. Bütün gecə yata bilmədim. Sadəcə, onun üzünə baxa-baxa durdum. Bir onu dedi ki, döyüşə görə narahat deyiləm, sizə görə narahatam. 27-si günü səhər 5-ə işləmiş sağollaşdı, məni möhkəm bağrına basdı. Həmin gün anası da bizdə idi, amma nə anası ilə sağollaşdı, nə də Uğurla görüşdü. Evimiz 4-cü mərtəbədə idi. Pəncərədən baxdım, arxaya döndü, bilirdi ki, pəncərədən baxıram, əl salladı, sonra arxasına baxmadan iti addımlarla qaranlıqda gözdən itdi”.

 

Ailəsi ilə axırıncı telefon danışığının üstündən iki gün keçəndən sonra, oktyabrın 8-də Tapdıq şəhid olub…

“Sentyabrın 29-u, 30-u, oktyabrın 3-ü əlaqə saxlamışdı bizimlə. Hər telefon zəngində mənə deyirdi ki, gələcəm. Axırıncı dəfə oktyabrın 6-sı danışdıq. O danışan, bu danışan… 7-si zəng etdim, götürmədi, 8-i zəng etdim, cavab olmadı. Ayın 8-də özümə yer tapa bilmirdim, tikan üstündə idim, elə bilirdim, nəsə xəbər eşidəcəm. Sən demə, həmin gün vurulublarmış…

Ayın 8-i Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşdə düşmənin pusqusuna düşərək şəhid olublar. Mənə ayın 13-də zəng gəldi. Tapdığın ünvanını soruşdular. O an sanki ürəyim yerindən qopdu. Çığırdım ki, Tapdığa nə olub, nə olub Tapdığa, niyə onun ünvanını soruşursunuz. Dedilər ki, sadəcə, dəqiqləşdirmək üçün soruşuruq, narahat olmayın. Sonra öyrəndim ki, pusquya düşüblər, cəsədləri bir müddət döyüş sahəsində qalıb”.

Oktyabrın 8-də şəhid olan Tapdıq Ağayevin o qutsal bədəni isə ayın 30-da uğrunda canından keçdiyi torpaq ilə bütünləşib…

 

Tapdığın anası, atası, bacısı, həyat yoldaşı ayın 8-də şəhid olan oğlu, qardaşı, həyat yoldaşı üçün tam 22 gün dua ediblər… Onun sağlığı üçün…

Gülşəni oktyabrın 30-da ata evindən, “Qayınanan özünü pis hiss edir”, – deyə aparıblar… Amma kimi aldadırsınız axı?!.

“Aqil, onu gətirdikləri gün məni aldadıb aparmışdılar qayınanamgilə ki, bəs qayınanan narahatdır. İnanırsan, mən bütün yolu dua edə-edə getdim ki, nə olar Tapdıq olmasın, Tapdıq olmasın. Yolda əlində bayraq olan adamların bizim evə tərəf getdiklərini gördüyüm an bütün dünya gözümdə durdu. Bir boşluğa düşdüm, donub qaldım… Cənazəni gətirdilər. O səhnəni ömür boyu unutmayacam. Həyatımın o anda söndüyünü hiss etdim. Bir bayraq, bir tabut. Üzünü heç olmasa, son dəfə görə bilmədim. Hər gün gedib saatlarla məzarının başında ağlayıram. Torpağını belə udmuşam ki, bəlkə acımı dindirər… Amma dinmir. O acı gəlib ta ürəyimin başında oturub”.

Yuxu

Biz acı çəkərkən o dünyaya yola saldıqlarımız da bizim acılarımızdan narahat olurlar. Üstəgəl, Vətəni üçün canından keçmiş biri ola… Şəhid ola…

Tapdıq da bu dünyadan köçdükən sonra yaxınlarının acılarına biganə qala bilməyib. Özünü yuxularda göstərərək, doğmalarına narahat olmamalarını istəyib.

Gülşən deyir: “Şəhid olandan sonra yuxuda gördüm onu. Dedi ki, narahat olma, yaxşıyam, rahatam, Uğuru qoru”.

“Uğuru qoru”.

Tapdıq şəhid olmamamışdan bir neçə ay əvvəl Gülşənə deyib ki, Aqillə Təranəni (bacımı – müəl.) qonaq çağırarıq, buradakı evimizdə heç olmayıblar. Onun bu arzusu mənə çox təsir etdi…

Amma Tapdıq, narahat olma. Biz gələ bilməsək də, sən bizim qəlbimizdə əbədi qonaqsan və hər zaman bizimlə olacaqsan, bizimlə qalacaqsan!

*

Bu yazı Tapdığın əmanəti, bircəciyi Uğuruna, oğluna əbədi yaddaş üçündür.

Aqil Bəkir

www.yenicag.az

6499
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100