Son günlər diplomatik yöndə olduğu kimi, cəbhədə də sakitlik hökm sürür.
Bir neçə günün statistikasına baxdıqda görünür ki, atəşkəs təxminən 30 dəfədən çox pozulmur. Bu isə gərginliyin olmaması anlamına gəlir.
Ermənistan baş naziri Paşinyan hakimiyyətə yiyələndikdən sonra Qarabağla bağlı kəskin bəyanatlar səsləndirdi. Nəticədə isə gərginlik pik həddə çatmışdı. Paşinyanın bir ay ərzində 2 dəfə Qarabağa səfər etməsi, ardından təlimlər müharibə təhlükəsi yaradırdı.
Azərbaycan tərəfində isə diplomatik və hərbi tərəfin susqunluğunu ictimaiyyət pozmuşdu. Qarabağa Azadlıq mitinqi keçirildi. Mitinqdən bir neçə gün sonra isə ikinci mitinqin vaxtı dəqiqləşdirildi.
İctimaiyyət arasında mitinqə dəstək verilsə də, xüsusən millət vəkilləri buna qarşı çıxdılar və onu gərəksiz adlandırdılar.
Son dönəm hökm sürən sakitlik fonunda ermənilərin Qarabağa 3-cü yol çəkməsi məlum oldu. Nədənsə bu məsələyə siyasətçilər diqqət etmədilər.
Qarabağ mitinqi, cəbhədəki və diplomatik sükut və ermənilərin Qarabağa üçüncü yolu barədə sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş zabiti İlham İsmayıl Yenicag.az-a açıqlama verib.
Öncə Qarabağ mitinqinə qarşı çıxan deputatlarla bağlı danışan İlham İsmayıl bildirib ki, onlar mitinqin lazımsız olduğunu heç cürə əsaslandıra bilmirlər:
“Deputatlar sadəcə olaraq xalqın tələbindən qorxurlar. Ortada nə sosial problem, nə insan haqları məsələsi qoyulub. Cəmi bir məsələ var, o da Qarabağdır. Deputatlar insanların tələbindən, etiraz amilindən qorxurlar. Qarabağ mitinqinin vacibliyi ondadır ki, həm dövlətdən, həm də beynəlxalq təşkilatlardan addımlar atması tələb edilir. Mitinqin bir məqsədi də budur ki, ATƏT-in Minsk qrupunun həmsdərləri bu məsələnin tezliklə həll olmasını anlamalıdırlar”.
Paşinyanın son atdığı addımlarla bağlı danışan ekspert bildirib ki, Ermənistanın baş naziri Azərbaycana hədə-qorxu gəldi:
“Paşinyanın hədə-qorxusu öz nəticəsini verdi. Atəşkəs minumum həddə çatıb. Atəşkəsin pozulması yalnız Ermənistanın zərərinədir. Ermənistan açıq şəkildə Qarabağda hərəkət edir, Avropa çempionatına hazırlaşır, Qarabağa üçüncü yol çəkilir. Paşinyan ilk növbədə Rusiyanı, Putini neytrallaşdırdı və Ermənistanın xarici siyasətini həm Qərblə, həm də Rusiya ilə qaydasına saldı”.
Azərbaycanın Qarabağ diplomatiyasını uğursuz adlandıran İlham İsmayıl bildirib ki, axırıncı dəfə Elmar Məmmədyarovu gördüyünü xatırlamır:
“Bir dəfə Səməd Seyidov demişdi ki, Azərbaycanı sendviç kimi sıxırlar. Niyə görə həm Qərb, həm də Rusiya Azərbaycanı sendviç kimi sıxmalıdır? Fakt odur ki, Azərbaycan nə hərbi, nə də diplomatik siyasətini yeridə bilmir”.
Yenicag.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Qarabağ probleminə toxunaraq bildirib ki, Qarabağ məsələsi Azərbaycan dövlətinin və cəmiyyətinin bir nömrəli problemidir:
“Bu, heç bir zaman unudulmayacaq və əhəmiyyəti azaldılmayacaq. Bu yöndə Azərbaycan dövləti böyük işlər görür, cəmiyyətin də mövqeyi birmənalıdır”.
Qarabağ mitinqinin keçirilməsinə gəldikdə isə YAP-çı deputat qeyd edib ki, əgər mitinqlərdə Qarabağla bağlı fikirlər səsləndirilsəydi, cəmiyyətdən dəstək gələrdi:
“Təəssüf ki, Qarabağla bağlı keçirilən mitinq siyasiləşir və seçkiqabağı mitinqləri xatırladır. Buna görə də, cəmiyyətdən bu cür aksiyaların keçirilməsinə tənqid gəldi. Problemin həlli ilə bağlı aparılan işlərə gəldikdə isə, dövlətimizin möhkəmlənməsi, silahlı qüvvələrimizin gücləndirilməsi, diplomatik gücümüzün artması problemin həllini yaxınlaşdırır. Problem Azərbaycanla Ermənistan arasında həll olunmur. Ermənistanın arxasında böyük qüvvələr var. Biz onlarla ilk növbədə mübarizə aparırıq. Ermənistan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan Azərbaycanla müqayisə oluna bilməz. Ermənistanda hakimiyyət dəyişib. Ona görə də, danışıqların kiminlə və hansı formatda aparılması tam aydın deyil. İndiki hakimiyyətin Dağlıq Qarabağ problemi ilə bağlı nə xəbəri, nə də bir proqramı var. Ermənistanda bu gün siyasi qüvvələr hakimiyyət uğrunda çırpışmaqdadırlar. Bu baxımdan orada legitim hakimiyyət formalaşandan sonra danışıqlara başlamaq olar. Paşinyan nə qədər danışıqlardan qaçsa da, gec-tez danışıqlar masası arxasında əyləşməlidir”.
Atəşkəsin son günlər az pozulmasına gəldikdə isə millət vəkili bunları deyib:
“Bunun adi bir izahı var. Ermənistanın silahı tükənmək üzrədir. Yəni, Ermənistanın ölü büdcəsi ilə nə silah almaq, nə də onu yeniləmək mümkündür. Bir tərəfdən Azərbaycanı primitiv üsullarla qorxutmağa, digər tərəfdən də, hər patronu saymağa məcburdurlar”.
Səxavət Məmməd