Reklam

Reklam

Ölkəmizin bütün sahələrdəki dinamik inkişafı, təlatümlü Qafqazda özünün ictimai-siyasi sabitliyi ilə seçilməsi, obrazlı şəkildə “Qafqazın cənnəti” adlandırılması görünür, kimlərisə, hansısa məkrli siyasi mərkəzləri narahat edir. Bu narahatlıq zaman-zaman özünü müxtəlif qərəzli olaylarla göstərib, son günlər baş verənlər isə artıq “qırmızı xəttin” keçilməsidir.

İndi türklər demiş, söz konusu Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyidir. Xarici mərkəzlərdən yönləndirildiyinə dair ciddi işarələrin olduğu Gəncə olayları bir sıra mətləbləri ortaya çıxartdı. Bəlli oldu ki, Azərbaycanı poliqona çevirməyə cəhdlər edən mərkəzlər planları alınmayınca daha da azğınlaşa bilir. Qanlı Nardaran olaylarının ardınca ölkənin ikinci böyük şəhərində vəzifəsini yerinə yetirən 2 polis polkovnikinin qətlə yetirilməsi xaricdən qaynaqlanan, yönləndirilən və maliyyələşən dini cərəyanlarla bağlı daha sərt tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Bildirim ki, son illər ölkədə dini sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, atılan uğurlu addımlardan biri də xaricdən radikal dini qruplaşmaların respublikamıza ixracının qarşısının alınması, vətəndaşların, xüsusilə gənc nəslin kənar dini təsirlərdən uzaqlaşdırılması, eləcə də bu kimi zəruri tədbirlərdir. Nəzərə alsaq ki, radikal dini qruplaşmalar, eləcə də İslam dinini gənclərə yalnış yöndən çatdırmağa çalışan bəzi maraqlı qruplaşmalar gizli şəkildə, fərdi evlərdə fəaliyyət göstərirlər, o zaman bu kimi fəaliyyətlərin müəyyən mənada qadağan edilməsi ən doğru addım ola bilər. Təsadüfi deyil ki, son vaxtlar bu məsələ kifayət qədər aktuallaşıb. İndi isə bütün ölkəni silkələyən məlum hadisələrin başvermə ardıcıllığına nəzər salmaqla prosesin səbəb-nəticə düyününü çözməyə çalışaq…

Əvvəlcə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi odlu silahdan atəş açılmaqla sui-qəsdə məruz qalır. Dərhal sanki hansısa mərkəz tərəfindən hadisənin ictimai dəstək qazanması məqsədilə dövriyyəyə müxtəlif şayiələr buraxılır. Yəqin ki, xatırlayırsınız ilk günlərdəki şayiələri:

“Yunis Səfərovun hamilə bacısı icra başçısının qəbuluna gedib, Elmar Vəliyev isə onu təhqir edib. Yunis bunu eşidən kimi Rusiyadan Gəncəyə gəlib və icra başçısını güllələyib və s.”.

Etiraf edək ki, xüsusilə sosial şəbəkələrdə sürətlə yayılan şayiələr qısa müddətlik informasiya xaosu yaratmağı bacardı. Ancaq zaman keçdikcə “duman çəkilməyə” və əslində nəyin niyə və necə baş verməsinə aydınlıq gəlməyə başladı.

Şayilər arxasında gizlənməyə çalışan TERORun qorxunc üzü indi daha aydın görünməyə başlayırdı. Gəncədəki terror ssenarisinin müəllifləri isə görünür, baş verənlərlə kifayətlənmək istəmirdi. Hər halda Gəncə RİH başçısı Elmar Vəliyevə xəsarət yetirmiş Yunis Səfərova dəstək mitinqinin təyin edilməsi belə düşünmək üçün əsaslar verirdi. Həmin aksiya iyulun 10-da Gəncə şəhərində keçirilməliydi.

Həmin zamanda və məkanda isə Gəncə terrorunun ikinci və daha qanlı səhnəsi tamaşaya qoyuldu. Azərbaycan hakimiyyətinə, dövlətinə və dövlətçiliyinə düşmən kəsilmiş qüvvənin qəddarlığı və qorxuncluğu bu olay zamanı özünü daha kəskin göstərdi.

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəsmi məlumatında bildirilir:

“İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar”.

Bildirək ki, fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Göründüyü kimi, xaricdəki ağalarının dəstəyindən cəsarətlənən kiçik qrup Gəncədə süni xaos yaratmaqla çirkin məqsədinə nail olmağa çalışır. Məsələnin narahatlıq verən tərəfi isə onların sosial şəbəkələr vasitəsilə ictimai rəyi azdırmaqla özlərinə dəstək qazanmaq istəyidir. Amma həmişə olduğu kimi gəncəlilər də, bütövlükdə götürdükdə bütün vətəndaşlarımız da nəyin niyə baş verdiyinin fərqindədir.

Vətəndaşlıq mövqeyi bizdən tələb edir ki, indi daha əzmlə DÖVLƏTimizin yanında, terrorçuların isə qarşısında olaq. Bu sırada yer alan bütün Azərbaycan vətəndaşlarına sayğılarla…

…Və bir də unutmayaq ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Gəncədə “duman” yaradanların başına “dolu yağacağı” gün isə uzaqda deyil…

Alparslan
Sfera.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 525
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."