!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Efes antik şəhəri: Qədim dünyanın mərkəzinə səyahət - Aqil Bəkir yazır

!Reklam – Yazi

Fevralın 13-dən 20-dək 15-ə yaxın jurnalist həmkarımla birlikdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkənin İstanbul, Ankara və İzmir şəhərlərində səfərdə olduq.

Səfər koronavirus pandemiyası dönəmində Türkiyənin “Təhlükəsiz turizm” proqramının icrası ilə əyani tanışlıq məqsədi daşıyırdı.

Burada sonuncu dayanacağımız İzmir şəhəri oldu. Onu deyim ki, İzmirin ab-havası, arxitekturası digər şəhərlərdən müsbət mənada tamamilə fərqlənir.

İzmir haqqında yazdığım birinci yazıda sizlərlə buradakı “Məryəm Ana Evi” haqqındakı təəssüratlarımı bölüşmüşdüm. Bu gün isə İzmirin antik şəhəri Efes, onun tarixi və insanda buraxdığı izlər haqqında danışacam.

Antik yunan şəhəri olan Efesin ən önəmli çağları Roma İmperiyası dönəminə təsadüf edir. Şəhərin hazırki qalıqları İzmirin Səlçuq bölgəsindədir. Onun qalıqları 1869-cu ildə İzmirlə Aydın arasında dəmiryolu xətti çəkilərkən təsadüf nəticəsində tapılıb. Antik şəhərdən lap yuxarıda isə “Məryəm Ana Evi” yerləşir.

Nazirlik tərəfindən xüsusi qaydada mühafizə olunan şəhərin girişində sizi ilk olaraq “Efesin pişikləri” qarşılayır. Pişiklər bununla sanki şəhərin “qoruyucu ruhları”nın yerinə yetirməli olduğu vəzifəni icra edirlər. Canayatımlı, insansevər pişikləri qucağınıza alaraq antik şəhərin dərinliklərinə baş vura bilərsiniz.

Bu arada bir maraqlı məqamı da qeyd etmək lazımdır. Türkiyəli bələdçilər pişiklərin yeməklə təmin olunması üçün muzey kompleksinə müəyyən miqdarda ianələr edirlər. Pişiklərin hərəkətlərindən onların buna görə bələdçilərə minnətdar olduqları da sezilir.

Burada, həqiqətən də, özünüzü bütünlüklə antik çağda hiss edirsiniz. Qalıntılar arasında gəzərkən gözünüzün önündə fərqli hadisələr canlanır. Düşünürsünüz ki, bəlkə də elə bax, buradaca, bu yerdəcə nə vaxtsa Makedoniyalı İsgəndər dayanıb və şəhərə hökm edib!

Doğru deyirlər, tarix heç zaman gizli qalmır. Bu gün hər kəsin tanıdığı, məhsullarından istifadə etdiyi “Nike” markasının da izinə burada, Efesdə rast gəlirik. Nike yunan mifologiyasında zəfər ilahəsidir. Bu ilahənin şərəfinə Efesdə heykəl ucaldılıb və biz o heykəli incələyərkən “Nike”nin bugünkü loqosunu çox dəqiqliklə seçə bilirik. Zəfər ilahəsindən idman sənayesinə sıçrayış…

Şəhərin gəzintisi sırasında bir çox maraqlı detallarla qarşılaşırsan. Məsələn, sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz aristokratik təbəqənin çox yemək istəyinin quluna çevrilərək yedikdən sonra bir daha yemək üçün “qusma əməliyyatı” həyata keçirmələri kimi. Amma Efesdə bu proses bir az fərqli cərəyan edir.

Məsələ ondan ibarətdir ki, buranın aristokratiyasının əyləncə mərkəzi tualetlər olub. Onlar çox yedikdən sonra “işlərini görmək üçün” özlərinə əziyyət verib kənara getməmək məqsədilə əyləncə otaqlarına şəhərin əsas kanalizasiyasına bağlı tualetlər əlavə ediblər (və ya əksinə). Beləliklə, onlar yeyə-yeyə işlərini görüb, işlərini görə-görə də yeyib-içiblər. Digər maraqlı məqam isə qulların ağaları üçün tualet daşlarını qabaqcadan oturaraq qızdırmalarıdır.

Efesin daha bir maraqlı görüntüsü ilə tanış edim sizi: Reklam lövhəsi. Yox, hansısa bir məhsulun reklam lövhəsi deyil bu. Bildiyimiz “priton”dur.

Efes liman şəhəri olduğundan bura gələn dənizçilərin və şəhər kişilərinin “cinsəl istirahəti”ni təmin etmək üçün fəaliyyət göstərən “priton”lara gedən yolda gördüyünüz bu reklam lövhələri onları düzgün “istiqamətləndirirmiş”. Lövhənin mənası isə belədir: Qəlbin qırılıbsa, soldan get, axtardığın qadını tapacaqsan, ancaq cibində pulun olmalıdır.

Gəlin etiraf edək ki, əla taktikadır.

Şəhərin dos-doğma kişiləri isə bu “priton”lara getmək üçün bir az macəraya qatlanmalı olublar. Belə ki, Efesdə kitab oxuma səviyyəsi yüksək olduğu üçün kişilərin tez-tez kitabxanaya (Antik çağın ən böyük üçüncü kitabxanası olan Celsus Kitabxanası) getmələri normal qarşılanırmış. Ancaq bir məsələ var ki, yuxarıda qeyd etdiyim “priton” da məhz kitabxana ilə üzbəüz yerləşir. Efesin kişiləri bunun da çarəsini tapıblar. Evdən “kitabxanaya gedirəm” adı ilə çıxıb kitabxananın içindən “priton”a gedən gizli tunellə “qadın dünyası”na ayaq basırlarmış. Təbii ki, evdə həyat yoldaşları bundan heç şübhələnmirlərmiş.

Efesdə qladiator döyüşlərinin keçirildiyi 25 min nəfərlik amfiteatr da diqqət çəkir. Bu, dünyanın ən böyük teatrıdır. İndi də burada müxtəlif mədəni tədbirlər keçirilir.

Parlament üzvlərinin toplanma məkanı olan yer də kiçik teatrı xatırladır. 450 senator üçün tikilmiş yer 1400 nəfərlikdir. Burada rəsmi toplantılar olmadığı zaman aristokratlar üçün tamaşalar təşkil edilirmiş.

Efesi təxminən 2 saatdan çox gəzdik, lakin bu vaxtın özü belə qədim şəhəri bütünlüklə görməyə yetmədi. Odur ki, yolunuz İzmirə düşsə, bu qədim dünya xariqəsini mütləq görün və gəzin. Özü də doyunca!

QEYD: Fotolar müəllifə aiddir (son dördündən başqa)

www.yenicag.az

4340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv