!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arınma məkanı: Məryəm Ana Evi - TƏƏSSÜRAT/TARİX

!Reklam – Yazi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərinə səfər etdik.

Səfərin məqsədi Türkiyənin pandemiya dönəmində “Safe tourism” proqramı çərçivəsində ölkəyə gələn turistlərin sağlığının və güvənliyinin necə təmin edilməsini əyani şəkildə görməkdən ibarət idi.

Səfərimizin 4-cü günü İzmirdə olduq. Tarix olan və tarix yazan İzmirdə insan özünü bütün dərdlərindən azad hiss edir, kədərləri unudur.

Ələlxüsus, Bakirə Məryəmin Evini (Məryəm Ana Evi) ziyarət etdiyimdə məndə çox qəribə hislər baş qaldırdı. Hələ türbəyə girməmişdən əvvəl təbiətin ifa etdiyi musiqini içimdə hiss etdim, düşüncələrim dondu, əqlim keyidi və dumanlı beynim başqa bir fəzaya keçid etdi. Gözlərimi yumub bu ilahi və fövqəlməkanın ab-havasını bütünlüyü ilə içimə, düşüncələrimə çəkdim.

Bəzən səssizlik insanı hayqırtıya vadar edir, amma Məryəmin evində səssizlik içində qərq olursan, qışqırmağa heyin, danışmağa halın qalmır. Sanki bütün təbiətin, var olan və var olacaq kəslərin bütün müsbət enerjisi burada toplanıb, sən də tam onun mərkəzindəsən. Burada quşlar da tamam başqa oxuyur, cəh-cəhləri fərqlidir. Bilmirəm, bəlkə, məbədin yerləşdiyi ərazinin də Bülbüdağı adlandırıılması elə buna görədir.

Məbədin ətrafında bir xeyli gəzdikdən və bütün gözəlliklər ruhuma sirayət etdikdən sonra Məryəm Ananın Evinə girdim. Kiçik yer olsa da, enerji baxımından çöldən tamamilə fərqlidir: Burada hava daha ağırdır, nəfəs almaq daha çətin. Ancaq bunun özündə belə bir hüzur var.

Nəzirimi qoyub bir şam aldım içəridən və çöldəki özəl yerdə o şamı, onun timsalında isə bütün pislikləri yandırdım.

Diləyim isə özümdə qalsın..

Tarixi

Məbəd 19-cu əsrdə rahibə Anne Katerina Emmeriçin gördüyü yuxular əsasında aparılan araşdırmalar nəticəsində tapılıb. Tədqiqatçılar tərəfindən Məryəm Ananın Evinin eramızın ilk əsrində inşa edildiyi fikri təsdiqlənib.

Tapıldıqdan sonra xristianların müqəddəs ziyarət məkanına çevrilən məbədə ilk həcc ziyarəti 1896-cı ildə Papa XIII Leo tərəfindən edilmiş, məbədi ən son 2014-cü ildə Papa Fransisk ziyarət etmişdir.

Məbəddən savayı Məryəmin məzarının eyni məkanda, Bülbüldağında olması yönündə fikirlər var.

Məryəmin cənnətə daxil olmasını anmaq məqsədilə hər il avqustun 15-də məbəddə müxtəlif ayinlər də təşkil edilir.

Aqil Bəkir

www.yenicag.az

2558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv