“Ərdoğan Türkiyə tarixində Atatürk kimi qalmaq istəyir” – Rusiyalı ekspert – Yenicag.Az

Reklam

Reklam

“NATO-nun ikinci ən çoxsaylı ordusuna malik Türkiyə adıçəkilən hərbi-siyasi alyansı tərk etməyəcək”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına münasibət bildirən rusiyalı politoloq, “Politrus” analitik portalının rəhbəri Vitali Arkov deyib.

Vitali Arkovun fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi Olimpə yüksəliş xətti belə deməyə əsas verir ki, ABŞ-Türkiyə münasibətlərindəki gərginlik uzun müddət davam etməyəcək:

“Rəcəb Tayyib Ərdoğan və Donald Tramp siyasətçi kimi çox bənzərdirlər. Hər ikisi parlaq, impulsiv, artistik, sözlərinin qiymətini bilən və buna görə də yeni fikirlərinin çəkisini artırmaq üçün köhnə dediklərini “dəyərsizləşdirməyi” bacaran siyasətçilərdir. Onların hərəkətlərini ifrat çılğınlıq adlandırmaq doğru olmazdı. Onların addımlarını təhlil etsək, görərik ki, burada söhbət çoxgedişli kombinasiyalardan gedir”.

Arkov belə düşünür ki, Ərdoğanla Trampın məhz bu cəhətlərinə görə Türkiyə-ABŞ müasibətlərindəki gərginlik prezidentlərin nəzərdə tutduqları həddi keçməyəcək. Politoloqun qənaətinə əsasən, Tramp tarixə ABŞ-ın itirilmiş dünya hökmranlığını bərpa etmiş prezident olaraq düşmək niyyətindədir. Ərdoğan isə Türkiyə tarixində Atatürkdən heç də az olmayan şəxsiyyət kimi qalmaq istəyir:

“Yəqin ki, onların arasında indiki məqamda ciddi əhəmiyyət daşıyan, lakin daha az ambisiyalı məsələləri, o cümlədən iqtisadi xarakterli məsələləri həll etmək mümkün olacaq. Bunu heç Trampın özü də gizlətmir”.

Politoloq əlavə edib ki, Ərdoğanın təhdidlərinə baxmayaraq, ABŞ-ın regiondakı əsas tərəfdaşlarından biri olan və NATO-nun ikinci ən çoxsaylı ordusuna malik Türkiyə adıçəkilən hərbi-siyasi alyansı tərk etməyəcək:

“NATO-dan çıxmaqla bağlı təhdid ənənəvi gedişdir. Digər tərəfdən, Türkiyə indiki həssas dönəmdə Rusiya, İran və ən əsası da Çinlə müttəfiqlik münasibətindədir. Ankara hazırda regionda əsas söz sahibi olmağa iddialıdır və ABŞ respublikaçılarının əsas sponsoru olan Səudiyyə Ərəbistanını bu prosesdən sıxışdırmağa çalışır”.

Arkov hesab edir ki, ABŞ-Türkiyə münasibətlərindəki gərginlik uzunmüddətli olmayacaq:

“Ancaq bu gedişat Ağ Evdə olan Trampın planlarını, o cümlədən, neft-qaz sferasına dair planlarını pozur. Yəni Türkiyə artıq enerjidaşıyıcıları üçün qovşağa çevrilməklə, Rusiyanın Avropanın qaz bazarında güclənməsinə, hətta İranın da oraya yol tapmasına istər-istəməz şərait yaradır. Bu isə Avropa İttifaqı ölkələrini Rusiyanın qaz asılılığından çıxarıb özünün qaz asılılığına salmağa çalışan ABŞ-ın planlarına qətiyyən uyğun deyil”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1799
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."