Ermənistanda “Müdafiə haqqında” qanuna düzəlişlər edilərək yığma qoşun yaradılır.
Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə nazirinin sözçüsü Şuşan Stepanyan deyib.
O bildirib ki, təşkil edilmiş yığma qoşun sistemi Ermənistana silahlı hücum vaxtı müdafiədə vətəndaşların könüllü iştirakı sistemidir.
Mövzunu “MediaPost”a şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki, qanuna dəyişikliyin olmasına səbəb erməni gənclərin xaricə qaçmaq məcburiyyətində qalmalarıdır.
Onun sözlərinə görə, Ermənistan gəncləri dövlətin iqtisadi-sosial problemlərinə və ordudakı mövcud özbaşınalığa görə xidmət etməkdən yayınırlar:
“Ermənistanın sosial-iqtisadi vəziyyəti daha da pisləşir. Paşinyanın reytinqi ən aşağı səviyyəyə düşsə də, hələ bu, onun hakimiyyətdən getməsi demək deyil. Çünki Rusiya və Qərb yönümlülərin təsirləri var. Qərb ölkələri Paşinyana bir neçə istiqamətdə söz verirlər, lakin buna hələ ki, əməl etməyiblər. Ona görə bu gün nəinki ölkənin daxili durumu, eyni zamanda, Paşinyan da çox pis vəziyyətdədir. Bu da qanunun dəyişilməsini zəruri edir. Çünki erməni xalqı mövcud vəziyyətdən bezib. Kəşfiyyat-diversiya qrupunun komandiri, əsir götürülmüş erməni zabitinin çıxışından da görürsünüz ki, o, Qarabağda məcburi saxlandığını deyir. Ona görə də Ermənistana qayıtmaq istəmədiyini, Azərbaycan Ordusunda hərbi qulluq keçmək istədiyini bildirir. Bu o deməkdir ki, şovinist fikirləri olmasına baxmayaraq, dinc əhali bu müharibədən yorulub, onların iqtisadi vəziyyəti pisləşdikcə, Dağlıq Qarabağ müharibəsi onlara lazım olmayacaq. Çünki blokadada yaşamaq arzuolunan deyil”.
R. Məmmədovanın fikrincə, Ermənistanda gənclər ya xaricə qaçmaq məcburiyyətində qalırlar, ya da ordu sıralarına daxil olmaqdan imtina edirlər:
“Gənc nəslin əksəriyyəti başqa ölkələrə köç edib. Ona görə də qanuna dəyişiklik edilməsini zəruri bilirlər. Ermənistan müharibəyə hazır olduğunu bəyan etsə də, Azərbaycan Ordusu qarşısında havadarları olmadan heç nə edə bilməzlər. Hansı ordu ilə edəcək ki? Tovuz istiqamətində dörd gün davam edən silahlı münaqişədən sonra vəziyyət başqa aspektə istiqamətləndi. Tam aydın oldu ki, Rusiya və Türkiyə arasındakı dialoq da pozula bilər. Tovuz rayonunda yerləşən strateji layihələr təkcə Azərbaycanın, Türkiyənin deyil, bir çox Avropa ölkələrinin marağındadır. Ona görə Azərbaycan mümkün variantlara əl ataraq, işğaldakı ərazilərini azad etməlidir”.