Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənilər Belarusun o raketləri Azərbaycana verməyəcəyini iddia edirdilər” – Polkovnikdən “POLONEZ” şərhi

“POLONEZ” sistemləri öz texniki göstəricilərinə görə “İsgəndər” raketlərinin analoqu sayıla bilər”.

Şair Ramaldanov

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Belarusdan “POLONEZ” raket kompleksləri almasını dəyərləndirən polkovnik Şair Ramaldanov deyib.

Bu gün Azərbaycan prezidenti, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Mərasimdə dövlət başçısına Belarus istehsalı olan əməliyyat-taktiki raket kompleksi “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir.

“POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.

Xatırladaq ki, Azərbaycanın “POLONEZ” raketləri ilə maraqlanmasından sonra Ermənistan və Rusiyanın bəzi nəşrləri, o cümlədən hərbi ekspertləri Minsklə Bakının bu məsələdə anlaşacaqlarını şübhə altına almağa çalışırdılar.

Hətta iddia edilirdi ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) birgə təmsil olunduğu Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana “POLONEZ” raketlərini satmaz. Ancaq bu iddiaların əksinə olaraq, “POLONEZ” raketləri artıq Azərbaycana çatdırılıb.

Polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında “POLONEZ”lərin Silahlı Qüvvələrimizin arsenalına qəbul olunmasını Azərbaycanın öz ərazi bütövlüyünü bütün vasitələrlə bərpa etmək əzminin göstəricisi kimi qiymətləndirib:

“Belarus istehsalı olan “POLONEZ” raket komplekslərinin, o cümlədən İsraildə istehsal edilmiş raket sistemlərinin ordumuzun istifadəsinə verilməsi əlbəttə ki, çox mühüm hadisədir.

Bildiyiniz kimi, “POLONEZ” raketlərinin alınması söhbəti ortaya çıxanda ermənilər səs-küy qaldırmışdılar ki, Belarus o silahı Azərbaycana satmaz. Ancaq Azərbaycanın o raketləri alması artıq ölkəmizin hərbi potensialını əhəmiyyətli dərəcədə artıran mühüm faktdır.

Qeyd olunmalıdır ki, “POLONEZ” sistemləri öz texniki göstəricilərinə görə “İsgəndər” raketlərinin analoqu sayıla bilər. Bu sistemlərin ordu arsenalına qəbul olunması Azərbaycanın öz ərazi bütövlüyünü bütün vasitələrlə bərpa etmək əzminin göstəricisi kimi qiymətləndirilməlidir.

Azərbaycanın “POLONEZ” raketlərini əldə etməkdə əsas məqsədi ordunu gücləndirməklə yanaşı, həm də mümkün hərbi əməliyyatlar zamanı şəxsi heyət arasında itkilərin minimuma endirilməsidir. Yəni burada iki amil əsas götürülüb: Ordunun geniş imkanlara malik müasir raket kompleksləri ilə təchiz edilməsi və mümkün itkilərin azaldılması.

Hesab edirəm ki, Azərbaycanın bu addımı dövlət başçısının ölkənin ərazi bütövlüyünün bərpası məsələsində göstərdiyi qətiyyətin növbəti təsdiqidir. Cənab prezidentin də bildirdiyi kmi, əgər Azərbaycan və Ermənistan savaş meydanında təklikdə üzləşsələr, Ordumuz işğalçı ölkəni ən qısa müddətdə yerində oturtmağa qadirdir.

Fikrimcə, istər Ermənistanın özündə, istərsə də dünyada yaranmış vəziyyət Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində qəti addımlar atmasını şərtləndirir. Belə düşünürəm ki, həmin vaxt yetişməkdədir”.

A.Zeynalov

www.yenicag.az

1653
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100