!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı çökdürəcək MƏHKƏMƏ İDDİALARI: “Azərbaycana qarşı törədilmiş bütün cinayətlər...” - Politoloqun ŞƏRHİ

!Reklam – Yazi

“Ermənistan törətdiyi bütün vəhşiliklərə görə beynəlxalq məhkəmələr qarşısında mütləq şəkildə cavab verməli olacaq”.

Bu fikirləri Azərbaycanın Ermənistana qarşı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciətinin perspektivini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, bu, hələlik ilkin ərizədir, ondan sonra Azərbaycana dəymiş ziyanın da hesablanması ilə daha geniş və əhatəli iddia hazırlanaraq müvafiq məhkəmələrə təqdim olunacaq:

“Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın birinci Qarabağ savaşında 3 min 890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Bundan başqa, ərizədə 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da öz əksini tapıb. 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusilə də Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlərlə atəşə tutması, bunun nəticəsində 93 mülki şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9 min 294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır”.

Politoloq qeyd edib ki, ərizədə Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi də vurğulanır:

“İşğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus olan hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir.

Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyd-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib və bunu heç bir halda inkar etmək mümkün deyil”.

Yusif Bağırzadə onu da vurğulayıb ki, növbəti mərhələdə Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat iddiası qaldıracaq:

“Çünki bizim apardığımız dava təkcə torpaqlarımızın azadlığı uğrunda deyil. Bu, bir haqq davasıdır, ədalətin bərpası uğrunda aparılan savaşdır. İşğal dövründə Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş bütün cinayət xarakterli əməllərlə əlaqədar hüquqi prosedurlar aparılmalıdır. Haaqa və Cenevrə konvensiyalarının müddəaları əsas götürülərək beynəlxalq məhkəmə qarşısında iddialar qaldırılmalıdır.

Dünya birliyi ermənilərin gerçək kimliyini görməlidir. Növbəti addımlar olaraq Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə, Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanın dəqiq hesablanması təmin edilməlidir. Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

2019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv