!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın insanlıq əleyhinə CİNAYƏTLƏRİ: Azərbaycan haqq səsini beynəlxalq ictimaiyyətə necə çatdırır?

!Reklam – Yazi

Ramiz Alıyev: “Ermənistanın dünya ictimaiyyətində işğalçı dövlət kimi tanıdılmasına nail olan şəxs məhz Ulu Öndər Heydər Əliyev idi”.

Fərhad Mehdiyev: “Xaricdə yaşayan soydaşlarımızın ermənilərin azərbaycanlılara qarşı cinayətləri haqda araşdırma aparmalarının ciddi effekti ola bilər ”.

Azərbaycanın işıqlı gələcəyi, beynəlxalq güc faktoruna çevrilməsinə təsir edən əsas amillərdən biri məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədir. Bu zəfərlə Azərbaycanın 30 illik həsrətinə son qoyuldu və savaşda qazanılan qələbə uşaqdan-böyüyə qədər hər kəsə unudulmaz sevinc yaşatdı. Həmin 44 gün ərzində nəinki Azərbaycanda, hətta bir çox xarici ölkələrdə, eləcə də Güney Azərbaycanda yaşayan soydaşlarımız tam birlik göstərərək ordumuza misilsiz mənəvi dəstək verdilər.

Azad etdiyimiz torpaqlara qayıdışda isə heç kəsin görmək istəməyəcəyi ermənilərin insanlıq əleyhinə cinayətlərinin izləri ilə qarşılaşdq. Qeyd etmək yerinə düşər ki, ermənilər öz xislətlərinə sadiq qalaraq, tək insanlarımıza deyil, təbiətimizə və ətraf mühitə də böyük zərər vurublar. Qətlə yetirilmiş soydaşlarımızın kütləvi məzarlığı, tamamilə dağıdılan şəhərlər, təbiətə, tarixi abidələrə, müqəddəs yerlərə vurulan zərər erməni vəhşiliyinin bariz nümunəsidir.

Azərbaycan ermənilərin müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və sistemli addımlar atır. Prezident İlham Əliyev də beynəlxalq tədbirlərdəki çıxışlarında ermənilərin bu illər ərzində xalqımıza qarşı törətdiyi vəhşiliklər haqqında ətraflı bəhs edir. Ermənilərin müharibə cinayətlərinin dünyaya çatdırılmasında hər bir azərbaycanlı yaxından iştirak etməli, lazım olan bütün zəruri addımları atmalıdır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan politoloq Ramiz Alıyev bildirib ki, zamanında Ermənistanın dünya ictimaiyyətinə işğalçı dövlət kimi tanıdılmasına nail olan şəxs məhz Ulu Öndər Heydər Əliyev idi:

“Ermənistan dövləti və onun dəstəyi ilə regionda separatizmlə məşğul olan terrorçu dəstələr Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. İşğal dövründə ermənilərin Qarabağda törətdiyi bəşəriyyət əleyhinə cinayətlər, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım, götürülən əsirlərə qarşı insanlıqdan kənar davranışların hər biri dünyanın nüfuzlu media orqanlarında, müxtəlif kitablarda işıqlandırılıb, bu haqda filmlər çəkilib və dünya ictimaiyyətinə çatdırılıb.

Lakin həmin dövrlər Azərbaycanın səsini heç kəs eşitmədi. Böyük dövlətlər, nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyinə baxmayaraq baş verənlərə göz yumdu. BMT və onun tərkibindəki dövlətlər Azərbaycana nəinki dəstək olmadılar, hətta onu işğalçı dövlət kimi tanımağa cəhd göstərdi. Bu yaşananlar həm də Azərbaycanın o illərdə yürütdüyü yalnış xarici siyasətin nəticəsi idi.

1993-cü ildən sonra isə Azərbaycanın xarici siyasəti dəyişdi və ölkəmizin maraqlarının təmin olunmasına yönəlik kurs seçildi. Ermənistanın dünya ictimaiyyətində işğalçı dövlət kimi tanıdılmasına nail olan şəxs məhz Ulu Öndər Heydər Əliyev idi. Daha sonra isə 2003-cü ildə prezident seçilən İlham Əliyev Heydər Əliyevin təməlini qoyduğu xarici siyasəti uğurla davam etdirdi. O, dünyanın böyük dövlətlərinə, beynəlxalq təşkilatlara Ermənistanın işğalçı dövlət olduğunu çatdıra bildi. Məhz bundan sonra xarici investorlar, şirkətlər, Ermənistanı dəstəkləyən bir çox ölkələr geri çəkilməli oldu.

Paralel olaraq bu dövr ərzində Azərbaycanın iqtisadiyyatı, ordusu, xarici siyasəti daha da gücləndirildi. Beləliklə, torpaqlar işğaldan azad olundu. Həmin ərazilərdə tapılan kütləvi məzarlıqlarda aşkar edilən insan sümüklərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlər əks olunub. Bunu ekspert rəyləri də sübut edir. Ermənilər yalnız insanlara qarşı deyil, tarixi abidələrə, müqəddəs sayılan məscidlərə, həmçinin ekologiyaya qarşı da insanlıqdan kənar cinayətlər törədib. Ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətləri prezident İlham Əliyev bütün beynəlxalq platformalarda səsləndirib, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıb və bu istiqamətdə fəaliyyət uğurla davam etdirirlir”.

Politoloq Fərhad Mehdiyev isə Yenicag.az-a açıqlamasında qeyd edib ki, ilk öncə bu istiqamətdə təbliğatın necə və hansı imkanlarla aparıldığına diqqət yetirmək lazımdır:

“Erməni lobbisi bir çox yollara əl ataraq beynəlxalq ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır. Ən bəsit nümunə kimi avtobusların üzərində dərc olunan yazıları misal göstərmək olar. Bu kimi təbliğat üsulları üçün maliyyə vacib amildir. Erməni lobbisi tələb olunan maliyyəni əldə edə bilir.

Azərbaycanı beynəlxalq ictimaiyyətə tanıtmaq, onu qədim dövlətçiliyə malik olduğunu, əsrlər boyu inkişaf edən mədəniyyətini göstərmək üçün bir sıra addımlar atıla bilər. Lakin ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, inandırmaq üçün fərqli üsullar seçilməlidir. Məsələn, elmi işlərin, araşdırmaların aparılması, onların nəticələrinin geniş miqyasda yayılması və sair işlər görülə bilər.

Xaricdə təhsil alan, yaşayan soydaşlarımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə araşdırma aparsalar, bunun ciddi effekti ola bilər. Çünki media təbliğatı ilə elmi iş arasında çox böyük fərq var. Niyə? Çünki elmi araşdırmada bir çox mənbələr və istinadlar, həmçinin xeyli faktlar yer alır. Ən təsirli addımlar sırasında erməni cinayətlərindən zərər çəkmiş azərbaycanlıların ermənipərəst mövqedə dayanan ölkələrdə müxtəlif aksiyalar keçirmələrini qeyd etmək mümkündür”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv