“Ermənistanın istədiyi kötəyi Azərbaycan hər zaman ona verə bilər” – TBMM-nin deputatı

“Qərbin “ərköyün uşağı” kimi davranan Ermənistan 110 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməlidir”.

Bu fikirləri ermənilərin Qarabağda hərbi təxribatlarının artmasına münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın 10 noyabrda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur:

“Qarabağda savaşdan əvvəl və sonra yaranmış vəziyyəti prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində çox ətraflı təhlil edib. Görünən budur ki, ermənilər onları dəstəkləyən ölkələrin təsiri ilə vəziyyəti yenidən gərginləşdirməyə, itirdiklərini geri qaytarmağa çalışır.

Amma 44 günlük müharibədə öz gücünü bütün dünyaya göstərən Azərbaycan Ordusu hər cəhddə onların cavabını layiqincə verir. O baxımdan, bu məsələdə ermənilərin hər hansı şansı yoxdur.

Əslində, bu şəraitdə əsas diqqət 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə yönəlməlidir. Ermənilər qeyd-şərtsiz o bəndləri yerinə yetirməlidirlər.

Azərbaycan ən optimal yolu tutaraq, savaşdan sonra region ölkələri arasında sıx əməkdaşlığın qurulmasına çalışır. Lakin Ermənistan buna getmək istəmirsə, o halda Azərbaycan “sülhdürsə sülh, svaşdırsa savaş” prinsipi ilə davrana bilər. Ermənistanın istədiyi kötəyi Azərbaycan hər zaman ona verə bilər. İtirən, məğlub olan yenə də Ermənistan olacaq.

Digər tərəfdən, mütləq qeyd olunmalıdır ki, Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanındadır. İki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bu birgəliyimizi daha möhkəmləndirib. Yəni güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə güclü Türkiyədir. Bunu ermənilər qarışıq, heç kim unutmasın”.

A.Zeynalov