Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Futbolun mühüm atributu: nömrələrin tarixi, əcaib seçimlər, əbədiləşən rəqəmlər

Reklam: Sinerji Pro

İstənilən futbolçunun yeni klubundakı karyerası hər zaman nömrə seçimindən başlayır. Bu, kimlər üçünsə adi formallıq olsa da, digərlərindən ötrü az qala mistik bir prosesdir.

Yenicag.az xarici mediada dərc olunmuş materallar əsasında dünyanın ən populyar idman növü sayılan futbolda oyunçuların nömrələnməsi və bununla bağlı qeydə alınan maraqlı faktları təqdim edir.

Nömrə və mistika

Ukraynalı futbolçu Anatoli Timoşukun timsalında maraqlı bir nümunəyə baxaq. Anatoli Donetsk “Şaxtyor”undan Sankt-Peterburq “Zenit”inə transfer olunanda əvvəlki komandasında olduğu kimi, 4 nömrə altında çıxış etmək istəyirdi.

Ancaq “Zenit”də həmin nömrəni Anatolidən əvvəl “özəlləşdirən” xorvat futbolçu İvitsa Krijanats 4 nömrəni ukraynalıya güzəştə getmədi. İvitsa bu imtinasını 4 nömrənin ona düşərli olması ilə əlaqələndirmişdi.
Anatoli isə məcburiyyətdən 4-ü qoşalaşdıraraq, “Zenit”də 44 nömrəli formanı geyinməli oldu. Bu nömrə ukraynalı futbolçuya uğur gətirdi. Anatoli əvvəlcə “Zenit”in kapitanı seçildi, daha sonra isə komanda ilə birlikdə UEFA kubokunu başı üstünə qaldırdı.

Futbolçular nə vaxtdan nömrələnirlər?

Belə bir girişdən sonra gəlin, futboçuların formalarının nömrələnməsi tarixinə nəzər salaq. Bu ideya əlbəttə ki, futbolun vətəni sayılan İngiltərədə meydana gəlib.

İlk dəfə 1928-ci il avqustun 25-də London derbisində – “Arsenal” – “Çelsi” qarşılaşmasında futbolçular nömrələnmiş formalarla meydançaya çıxıblar. Nömrələnmə zamanı “kim necə istəyir” prinsipi keçməyib – matça start heyətdə başlayan futbolçular üçün 1-dən 11-ə qədər olan nömrələr müəyyən edilib.

Komandalar o dövrdə piramidanı xatırladan 2-3-5 taktiki sxemindən istifadə edirdilər və nömrələnmə də bu düzülüşə uyğun aparılırdı: 1- qapıçı; 2 – sağ mərkəz müdafiəçisi; 3 – sol mərkəz müdafiəçisi; 4 – sağ mərkəz yarımmüdafiəçisi, 5 –mərkəz yarımmüdafiəçisi; 6 – sol mərkəz yarımmüdafiəçisi; 7 – sağ vinger; 8 – sağ insayd; 9 – mərkəz hücumçusu; 10 – sol insayd; 11 – sol vinger.

1965-ci ildə əvəzetməyə icazə verilməsi nömrələrə də əl gəzdirilməsinə zərurət yaratdı. Qaydalara əsasən, oyuna sonradan buraxılan ilk futbolçu 12 nömrəli formanı geyinməli idi. Eyni komandada növbəti əvəzetmə zamanı oyuna çıxan futbolçuya 14 nömrəli formanı geyməyə icazə verilirdi. 13-ün nəhs rəqəm sayılması burada da öz sözünü deyib.

Ancaq həmin dövrdə ehtiyat qapıçılar üçün müəyyən güzəştlər edilib – ehtiyat qapıçı İspaniyada 12, Almaniyada isə 13 nömrəni seçə bilərdi.

Harada, necə?

Aradan təqribən 90 il keçsə də, İngiltərədə nömrə məsələsinə hələ də olduqca ciddi yanaşılır və Premyer Liqada çıxış edən futbolçulara maksimum iki rəqəmli – 1-dən 99-a qədər – nömrə seçməyə icazə verilir.

Ancaq buna baxmayaraq, futbolçular nömrə seçimlərində əndazəni aşmırlar – təbii ki, bəzi istisnaları nəzərə almasaq. Məsələn, “Arsenal”ın sabiq futbolçuları Niklas Bendtner və Sesk Fabreqas keçmiş komandalarında kubok matçına 52 və 57 nömrəli formalarla çıxaraq, publikanı təəccübləndirmişdilər.

İngiltərədə futbolçulara 1-dən 99-a qədər nömrə seçməyə icazə verilsə də, oyunçular bəzən istədikləri seçimi edə bilmirlər. Kamerunlu Patrik Mboma “Sanderlend”ə keçəndə yeni klubunda 70 nömrəli – öz doğum tarixinə uyğun – formada çıxış etməyi arzulasa da, yekunda 7 ilə kifayətlənməli oldu. “Tottenhem”ə transfer olunan misirli Midoya isə istədiyi 99 əvəzinə 11 nömrəli forma verildi.

İspaniyada isə futbolçuların nömrə seçmək imkanları geniş deyil: cəmi 1-dən 25-ə qədər. Bu zaman 1, 13 və 25 nömrələr məcburi olaraq, qapıçılara verilir. Müəyyən hallarda isə futbolçuya 26-dan 50-qədər olan nömrələrdən birini seçmək imkanı yaradılır.

Belə də nömrə olar?

Futbolda nömrə seçiminə yönəlik qaydalar ciddi görünsə də, bəzən bu məsələdə də gülməli nümunələrə rast gəlinir.
Məsələn, Şotlandiyanın tanınmış “Aberdin” komandasının mərhum oyunçusu, “Zero” ləqəbli mərakeşli Hişam Zeruali 0 nömrəli forma ilə çıxış edirdi. Zero isə ingiliscə sıfır deməkdir.

Yunanıstanın “Olimpiakos” komandasının üzvü Pantelis Kafes, Serbiyanın “Partizan” klubunun üzvü Simon Vukçeviç və azərbaycanlı Rəşad Sadıqov “Kocaelispor”da qapıçılara xas 1 nömrəni seçməklə diqqət mərkəzinə düşmüşdülər.

Braziliyanın “San-Paulo” komandasının qapıçısı Rojerio Seni isə meydana 01 nömrəsi ilə çıxırdı. Onun italyan həmkarı, “Parma”nın qapıçısı Luka Buççi 2005-2006 mövsümündə “çərçivə”ni 7 nömrəli forması ilə qoruyurdu.
Nömrə ilə bağlı daha bir əllaməçilik çilili İvan Samoranoya məxsusdur. Samorano braziliyalı ulduz, “yekədiş” ləqəbli Ronaldonun “İnter”ə gəlişindən sonra 9 nömrəni ona güzəştə getməli olmuşdu. Əvəzində isə özünə yenə 9-a bərabər olan 1+8 nömrəsini götürmüşdü.

Futbolçuların nömrə seçimində dəb halını alan kaprizlərindən biri də bu zaman doğum tarixini əsas götürmələridir. Ukraynalı Andrey Şevçenko karyerasını bitirənə qədər 76 (1976-cı ildə doğulub) nömrəli formanı geyirdi. Ronaldinyo və Flamini kimi ulduzlar isə hələ də uyğun olaraq, 80 və 84 nömrəli formalarında meydana çıxırlar.

Əbədiləşdirilən nömrələr

Bəzi kollektiv idman növlərində hansısa nömrənin konkret bir oyunçunun adına əbədiləşdirilməsinə dair Amerikada yaranan ənənə tədricən Avropaya və “Köhnə dünya”nın futboluna da ayaq açdı.

Qeyd edək ki, hansısa nömrənin kiminsə adına əbədiləşdirilməsi həmin idmançının komanda qarşısındakı böyük xidmətləri qarşılığında minnətdarlıq anlamına gəlir. Komandada bir idmançının adına əbədiləşdirilən nömrə daha başqasına verilə bilməz.

Məsələn, İtaliyanın “Milan” komandasında artıq iki nömrə öz əbədi sahibini “tapıb”: 6 nömrə Franko Barezinin, 3 nömrə isə Paolo Maldininin adınadır.

“Syena”da 5 nömrə Mişel Minyaninin, “Roma” 6 nömrə Aldairin, “Breşia”da 10 nömrə Roberto Bacconun, “Çelsi”də 25 nömrə Canfranko Zolanın, “Ayaks”da 14 nömrə Yohan Kroyfun, “Helsinqborq”da 17 nömrə Henrik Larssonun, “Hannover”də 1 nömrə Robert Enkenin, “Midtyullahd”da 14 nömrə Məhəmməd Zidanın və əlbəttə ki, “Napoli”də 10 nömrə əfsanəvi Maradonanın adına əbədiləşdirilib.

Maraqlıdır ki, “Bavariya”, PSV Eyndhoven”, “Latsio”, “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”, “Dinamo” (Kiyev), “Lex”, “Verder”, “Genk”, “Feyenoord”, “Zenit” və bir çox başqa komandalarda isə 12 nömrə azarkeşlərin adına əbədi ünvan qazanıb.

A.Zeynalov

www.yenicag.az

2444
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM