15:50
“Gürcüstan ordusunda tək azərbaycanlı əsgərlərə qarşı deyil, digər hərbçilərə qarşı da qanunazidd əməllər törədilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan ordusunda həqiqi hərbi xidmət keçən azərbaycanlı əsgər Elcan Əfəndiyevin döyülməsinə münasibət bildirən Gürcüstan parlamentinin müxalifətçi Vahid Milli Hərəkat Partiyasından olan deputatı Azər Süleymanov deyib.
Azər Süleymanovun sözlərinə görə, Gürcüstan hökuməti orduda baş verən neqativ hallara qarşı heç bir tədbir görmür.
“Çox təəssüf ki, Gürcüstan ordusunda sovetlərdən miras qalan “dedovşina” yenidən çiçəklənməkdədir. Özü də Gürcüstan ordusunda tək azərbaycanlı əsgərlərə qarşı deyil, digər hərbçilərə qarşı da qanunazidd əməllər törədilir. Acınacaqlı hal budur ki, həmin qanunsuzluqlar əksər hallarda zabitlər tərəfindən həyata keçirilir.
Çox təəccüblüdür ki, ölkənin müdafiə naziri hərbi hissələrdə baş verən bu cür qanunsuluqlarla bağlı susur, problemin həlli üçün addımlar atmır. Görünən budur ki, Gürcüstan hökuməti ölkəni ötən əsrin 90-cı illərinə, “dedovşina”nın tüğyan elədiyi dövrə qaytarır.
Mən fiziki zorakılığa məruz qalan əsgər Elcan Əfəndiyevin vəziyyəti ilə maraqlanıram, hazırda durumu normaldır, ciddi bir şey yoxdur. Parlamentin bu gün keçiriləcək Komitə iclasında da bu məsələni qaldıraraq, hökumətdən ordudakı qanunsuzluqlarla bağlı izahat istəyəcəyik.
Yeri gəlmişkən, bu gün saat 2-də parlamentin qarşısında erməni terrorçu Mikail Avakyana abidə qoyulmasına qarşı etiraz aksiyası keçiriləcək, hökumətin bu kimi hallara imkan verməməsi, o heykəlin sökülməsi tələb olunacaq”.
A.Zeynalov