!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev Türk dünyasının birliyi üçün misilsiz xidmətlər göstərdi

!Reklam – Yazi

Prof. Dr. Ramazan Taşdurmaz və Özbəkistanın Xalq şairi Xurşud Dövran Ulu Öndər Heydər Əliyevin fəaliyyəti barədə fikirlərini bölüşüblər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) həyata keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə artıq yekunlaşmaq üzrədir. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan nüfuzlu şəxslərin, ictimai xadimlərin, media nümayəndələrinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin sonuncusu oxuculara təqdim edilir. Beşinci məqalədə Türkiyənin tanınmış alimi, Prof.Dr. Ramazan Taşdurmaz ilə Özbəkistanın Xalq şairi Xurşud Dövranın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin türk dünyasının bir araya gətirilməsində göstərdiyi misilsiz xidmətlər haqqında fikirləri, həmçinin onunla bağlı xatirələri əks olunub.

Bu yüksəliş onun iti zəkası, geniş biliyi və təcrübəsi sayəsində baş verib

Prof. Dr. Ramazan Taşdurmaz öncə diqqəti Heydər Əliyevin dərin siyasi zəkasına yönəldib:“Bu bir həqiqətdir ki, dahi şəxsiyyət Heydər Əliyev Sovet rejiminin bütün çətinliklərinə baxmayaraq inamlı addımlar atıb, karyerasında çətin dönəmlərdən keçərək, zirvəyə yüksələ bilib. Bu yüksəliş onun iti zəkası, geniş biliyi və təcrübəsi sayəsində baş verib. Çünki Sovet rejimində zirvədə qərarlaşan az sayda rəhbərlərdən biri olmaq sırf zəka məsələsi idi. Bu çətin yolda Heydər Əliyev xalqına olan sevgisini ürəyinin dərinliklərində saxlamış, dövlət adamlığı üçün lazımi kəskin zəkasını inkişaf etdirmiş, bilik və təcrübələrini artırmış, vaxt tamamında da Tanrının ona bəxş etdiyi cəsarət və görüşlə müstəqil Azərbaycan dövlətinin təməlini qoymuşdur”.

Prof.Dr. Ramazan Taşdurmaz deyib ki, “bundan başqa, Heydər Əliyev dövlətin gələcəyinin sabit qaydada qurulması üçün Şərqlə Qərb arasındakı həssas tarazlığı siyasi fərasəti ilə hər zaman qorumağa nail olub. Məhz bu siyasətin sayəsində Azərbaycan öz maraqlarını uğurla təmin erməyi bacarıb”.

Heydər Əliyev bu amilləri hər zaman ustalıqla uzlaşdırıb

Sovet İttifaqının dağılması ilə azadlığına qovuşan xalqların dövlətləşə bilmələri üçün milli duyğuların məntiqlə istifadəsinin, tarixi və siyasi təcrübələrdən dəqiqliklə yararlanmasının vacibliyini önə çəkən Ramazan Taşdurmuş bildirib ki, Heydər Əliyev bu amilləri hər zaman ustalıqla uzlaşdırıb:

“Bu gün Sovet İttifaqından ayrılmış müstəqil dövlətlər içində Azərbaycanı digərlərindən fərqləndirən xüsusiyyət Azərbaycanın sabit və tarazlı şəkildə iqtisadi siyasət yürütməsi və milli təhlükəsizlik baxımından realist siyasi kurs müəyyənləşdirərək beynəlxalq sahədə sülhpərvər əməkdaşlığı müvəffəqiyyətlə davam etdirə bilməsidir. Bunun zəminini hazırlayanın məhz Heydər Əliyev dühası olduğunu kim inkar edə bilər? Həmin siyasətin nəticəsi olaraq hazırda görürük ki, Qarabağ yenidən Azərbaycann ayrılmaz parçası olub”.

Prof. Dr. Ramazan Taşdrumaz Ümummilli lider haqqında fikirlərini belə yekunlaşdırıb:

Prof.Dr. Ramazan Taşdurmaz

“Fəzilətli liderlik xüsusiyyəti millətin gələcəyinə işıq salar. İdarəetmədəki bu xüsusiyyətlər bir toplum üçün milli duruş və özünə güvənməyin davamlılığının ilham qaynağı və təminatıdır. Hesab edirəm ki, dahi şəxsiyyətin yürütdüyü siyasətin mahiyyyətini başa düşmədən onu qiymətləndirmək çətin və bəlkə də mümkünsüzdür. Bu məqamda onu da xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda, Türk dünyasının birliyi, vahidliyi üçün misilsiz xidmətlər göstərib. O, bu yolda davamlı addımlar atıb və məhz həmin addımların müsbət nəticəsini biz bu gün görürük. Bu kontekstdə fikirlərimi böyük dövlət adamı Heydər Əliyevin aşağıdakı sözlərini xatırlatmaqla bitirmək istəyirəm:

“Dövlət üçün, xalq üçün, xüsusilə, bizim türk topluluqları üçün fikir azadlığı mütləq lazımdır. Ancaq dağılan SSRİ-də biz 70 il fikir azadlığı görmədik. Fikir azadlığını tam mənası ilə reallaşdırmaq üçün çox çalışmaq lazımdır. Bunlar mənim üçün əsas prinsiplərdir. Din və vicdan azadlığı da mütləq şərtdir”. İnancım odur ki, bu prinsiplər Azərbaycan gəncliyi üçün irəliyə doğru atılmış təməllərdir. Böyük insan, böyük dövlət adamı və böyük lider Heydər Əliyevi dərin hörmətlə anır, ruhu şad olsun, deyirəm”.

Heydər Əliyev tək Azərbaycanın yox, bütün türkdilli ölkələrin böyük şəxsiyyətidir

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi sadəcə, Azərbaycanın yox, bütün türkdilli ölkələrin böyük şəxsiyyəti kimi dəyərləndirən Özbəkistanın Xalq şairi Xurşud Dövran dahi şəxsiyyətin 100 illik yubileyinin qardaş ölkədə də çoxsaylı tədbirlərlə geniş qeyd olunduğunu bildirib:

Özbəkistanın Xalq şairi Xurşud Dövran

“Bu il tək Azərbaycan, bütövlükdə türk dünyası, digər türk dövlətlərində deyil, dünyanın bir çox ölkələrində də böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. O cümlədən, Özbəkistanda da bu əlamətdar hadisə çərçivəsində bır sıra tədbirlər təşkil olunub. Yerli televiziyalarda və mətbuat orqanlarında onun həyat və fəaliyyətinin ən mühüm dövrünü əhatə edən verilişlər, materiallar yayımlanıb. Çünki Heydər Əliyev sadəcə, Azərbaycanın yox, bütün türkdilli ölkələrin böyük şəxsiyyətidir. Şəxsən biz özbəklər üçün istər Sovetlər dönəmində, istərsə də müstəqilliyin elan olunmasından sonrakı dövrdə qarşılıqlı münasibətlərimizdə yeni, mənalı səhifələr açılıb”.

Heydər Əliyevin unudulmaz Səmərqənd səfəri

Xalq şairi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Səmərqənddə “Gur Əmir” məqbərəsindəki çıxışını və həmin tarixi abidəni necə həssaslıqla ziyarət etməsini heç vaxt unutmayacaq:

“Ötən illərə qayıtsaq, Heydər Əliyev 1996-cı il oktyabrın 20-də Səmərqənd şəhərinə təşrif buyurmuşdu. O günlərdə şəhərdə, ümumiyyətlə, bütün Özbəkistanda bizim böyük əcdadımız Əmir Teymurun doğumunun 660-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilirdi. O vaxt həmin tədbirlərin təşkilində mən də yaxından iştirak edirdim. Hətta şəhərin “Registan” meydanında düzənlənən təntənəli mərasimin ssenari müəllifi də mən idim. Vurğuladığım kimi, Heydər Əliyev 1996-cı il oktyabrın 20-də Səmərqəndə gələndə, bu hadisəni onu görmək baxımından bəxtimin gətirməsi hesab etdim. Bu mənada həm də onun bizə məlum olmayan bir sıra özəlliklərini kəşf etmiş oldum. Dahi şəxsiyyət haqqında yaddaşımda qalan ən parlaq xatirələrdən biri Heydər Əliyevin Səmərqəndin möhtəşəm abidələrindən biri olan Əmir Teymurun uyuduğu “Gur Əmir” məqbərəsini ziyarəti zaman etdiyi çıxışla bağlıdır. Heydər Əliyev “Gur Əmir” məqbərəsini gözlərində mənalı işıq, yüksək həssaslıqla, məmnunluqla gəzir, abidənin divarlarındakı hər bir naxışa, hər bir çalara diqqətlə baxırdı”.

Xalq şairi, həmçinin, “Heydər Əliyevin orada dediyi sözləri heç vaxt unutmaram. Belə deyirdi: “Səmərqənd haqqında, Şərq memarlığının ayrılmaz və mühüm tərkib hissəsi olan Səmərqənd memarlığı barəsində kitablar axtarardım. Səmərqənd memarlığını xəyalımda təsəvvür etməyə çalışardım. Amma indi burada “Registan” meydanını görəndə, buranı addım-addım dolaşanda, “Gur Əmir” məqbərəsini ziyarət edəndə Səmərqəndin bənzərsiz və təkrarolunmaz, möcüzəli şəhər olduğunu başa düşdüm”. Heydər Əliyevin bu ifadələri o vaxt Özbəkistan mətbuatında geniş işıqlandırılmışdı. Həmin vaxt çıxış edərkən onun gözlərində yaranan nur, parıltı yaddaşıma həkk olunub” deyib.

Azərbaycan gəncləri Ulu Öndərin bütün arzularını gerçəkləşdirəcəklər

Xurşud Dövran onu da qeyd edib ki, indi Bakıya və Azərbaycanın başqa şəhərlərinə səfər edərkən oradakı tikililərin görkəmindən Heydər Əliyevin memarlığa olan məhəbbətini aydın dərk etmək mümkündür:

“Mən bunu elə işğaldan yeni azad olunan Şuşanın görkəmində də gördüm, hiss etdim. Dahi şəxsiyyət həqiqətən də, müstəqil, azad Azərbaycanın memarıdır. Əminəm ki, vətənpərvər, xalqını səmimiyyətlə sevən, öz torpaqlarını düşmən işğalından azad edən Azərbaycan gəncləri Heydər Əliyevin həyata keçirməyinə ömrün vəfa etmədiyi bütün arzularını gerçəkləşdirəcəklər”.

Araz Zeynalov

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv