!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin çəkindiyi uzunmüddətli savaş və ərəb dünyasının dəyişən imkanları – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Yaxın Şərqdə müşahidə edilən son gərginliyi həm də böyük dövlətlərin proksimüharibəsi kimi qiymətləndirmək olar. HƏMAS-ın İsrailə miqyaslı hücumu fonunda xatırlatmaq lazımdır ki, Fələstin əhalisinin 90 faizindən çoxu İslam dininin sünni məzhəbinə mənsubdur.

Ancaq HƏMAS-a davamlı maliyyə və silah yardımı göstərən ölkə şiəliyin nüvəsi sayılan İrandır. HƏMAS da bilir ki, İran ona fiziki cəhətdən heç bir dəstək verməyəcək, ancaq İsraillə mübarizə üçün Tehranın maliyyə və silah yardımını qəbul edir.

İran hər nə qədər Fələstini dəstəklədiyini bildirsə də, bunu heç vaxt əməldə göstərməyib, böyük ehtimalla, heç göstərməyəcək də. Tehran İsrailə qarşı planlarını proksiqüvvələrin vasitəsilə həyata keçirmək təcrübəsi qazanıb. Digər ölkələr də bu çərçivədə İran kimi davranmağa üstünlük verirlər.

Bəzi böyük dövlətlər İkinci Dünya müharibəsi və “soyuq savaş”dan ciddi dərslər çıxarıblar. Rusiya da SSRİ-nin praktikasına haradasa, sadiq qalaraq, birbaşa müdaxilə taktikasına əl atmır. O da bu məqsədlərlə proksiqüvvələri irəli verir.

Bu mənada Türkiyə də artıq səhvlərini anlayaraq, analoji siyasətə keçib. Məsələn, Ankara Bəşər Əsəd rejiminə qarşı mübarizə üçün Suriya türkmanlarını təşkilatlandıraraq onlardan yararlanır. Eynilə, ABŞ, Böyük Britaniya kimi ölkələr də bu praktikadan geniş istifadə edirlər.

Hazırda savaş məhz İsraillə proksiqüvvələr arasında gedir. Məsələ ondadır ki, İsrail dövləti bu hücumun miqyasını düzgün hesablaya bilməyib. İsrail ordusunun yüksək rütbəli təmsilçiləri də bildirirlər ki, HƏMAS-ın hücumunu təxmin etsələr də, əməliyyatın bu miqyasda və İsrail dövlətinin milyardlarla xərc çəkib hördüyü divar istiqamətindən keçiriləcəyini gözləməyiblər.

İsrail dövləti hücumun təşkil edildiyi gündən düz 50 il əvvəlki tarixi unudub. 50 il əvvəl eyni gündə Misir ordusu həmin divarı tanklarla yıxaraq hücuma keçmişdi. İndi isə HƏMAS eyni taktikadan uğurla istifadə etdi. 50 il öncə məruz qaldığı hücum nəticəsində İsrail dövləti 2 gün iflic vəziyyətinə düşmüşdü. Lakin sonra özünə gələrək ərəb koalisiyasını məğlub etmişdisə, HƏMAS-ın hücumu zamanı cəmi bir neçə saat sonra şokdan çıxa bildi.

Son zamanların müharibələri onu deməyə əsas verir ki, imkanlarını gözümüzdə böyütdüyümüz dövlətlər, əslində, təsəvvür edildiyi qədər də güclü deyilmiş. Xüsusi xidmət orqanları haqqında deyilənlər də eynidir. Nümunə göstərsək, Rusiya kəşfiyyatı haqqında da əfsanələr dolaşırdı, ancaq Ukraynaya hərbi müdaxilədən sonra üzə çıxdı ki, “FSB” sadəcə, büdcədən pul sümürməklə məşğul olub.

Bu təsəvvür yanlışlığı MOSSAD-la bağlı da yaşandı. MOSSAD hazırda İsraildə “hədəf taxtası”ndakı bir nömrəli qurumdur. Kəşfiyyat orqanları təkcə informasiya almır, həm də bunu analiz edərək preventiv əks-planlar qurmalıdırlar. Burada isə nə informasiya düzgün işlənib, nə də təhlillər doğru aparılıb.

İsrail ordusu polkovnikinin müsahibəsində belə bir fikir vardı: “Kəşfiyyat orqanlarımızın zəif olduğunu deyə bilmərəm, ancaq səhv etdilər”. Bu, realist yanaşmadır. Səhv etmək zəiflik əlaməti deyil, güclülər də səhv edə bilir. Ancaq edilən səhv unudulmur, “Domokl qılıncı” kimi daim başının üstündə qalır. Roberto Baccoya heç kim zəif futbolçu deyə bilməz, ancaq dünya çempionatında dəqiq vura bilmədiyi penalti zərbəsi ömür boyu ona töhmət oldu.

Tərəflərin bir-birinə yanaşması da son dərəcə qəddarcasınadır. Nə ölüyə hörmət var, nə yaralıya. Minilliklərdən bəri üst-üstə yığılmış kin-küdurət döyüş meydanında öz sözünü deyir. Yəni hər iki tərəfin taktika və strategiyası ancaq öldürməyə, dağıtmağa hesablanıb.

Bu yerdə Azərbaycanın apardığı 44 günlük müharibə yada düşür. Hərbçilərimizin yaralı erməni əsgərlərinə tibb yardım göstərmələrinə dair kifayət qədər məlumat, videogörüntülər mövcuddur. Əsir düşənlərə isə maksimum hansısa rayona salam dedirtmə halları olmuşdu. Düzdür, o müharibədə də hər iki tərəfdən qəddarlığa yol verilmişdi, ancaq bunlar istisna hal idi və mənzərəyə xələl gətirəcək səviyyədə deyildi.

Oyunu quranlar elə hesablayıblar ki, tərəflər arasında nə barışıq olsun, nə də uzalaşma, sadəcə, nifrət davam etsin. Dolayısı ilə qısa zamanda əməliyyatlara son verilsə də, region yenə “qaynar qazan” kimi qalacaq. İsrail dövləti hər nə qədər müharibənin uzun müddət davam edəcəyini bəyan etsə də, bu, o qədər inandırıcı deyil.

Nə ərəb dövlətləri, nə də onların 60-70-ci illərin vəziyyətində deyil. Ona görə də, İsrail özü belə müharibənin digər regionlara keçməsində maraqlı olmayacaq. Ən azı hansısa ölkənin buna qarışmasına böyük dövlətlər imkan verməyəcək. Elə götürək ABŞ-ı. İsraili daim müdafiə və himayə edən ABŞ da bilir ki, ərəb ölkələri bu dəfə hərəkətə keçsə, İsraili qoruya bilməyəcək. Ərəb ölkələri əvvəlki dövrdəki kimi sovet silahları ilə silahlanmayıblar. İndi ərəblər silahı ən çox ABŞ-dan alır və dünyanın ən böyük silah alıcılarıdırlar.

Ona görə də, nəticə ABŞ üçün arzuedilməz ola bilər. Elə HƏMAS döyüşçülərinin əlindəki silahlar da artıq “Kalaşnikov” yox, ABŞ istehsalı olan avtomatlardır. Regiona iqtisadi inkişaf və ədalət gəlməyənə qədər, o bölgə “qan çanağı” olmaqda davam edəcək. Yaxın Şərqdə baş verənlərin fonunda isə digər münaqişə ocaqlarının da alovlanma ehtimalı yüksəkdir.

Səxavət Məmməd

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv