Media kodeks
Redaksiya siyasəti və peşə etikası qaydaları
Həqiqətə hörmət və cəmiyyətin məlumat ehtiyacını qarşılamaq jurnalistikanın əsas prinsipləridir. Jurnalist hansı media qurumunda çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır.
Ümumi prinsiplər
Media qurumumuz fəaliyyətlərində aşağıdakı prinsiplərə uyğun hərəkət edir:
- Redaksiya heyəti obyektivlik, dəqiqlik, qərəzsizlik və dürüstlük prinsiplərinə sadiq qalmalıdır;
- Məlumatlar dəqiqliyi yoxlanılmadan və ya təsdiqlənmədən təqdim edilməməlidir;
- Həqiqətlərin və hadisələrin təqdimatında birtərəfliliyə yol verilməməlidir;
- Böhtan, təhqir və nifrət nitqinə dözümlülük göstərilməməlidir;
- Dövlət dilinin normalarına riayət edilməlidir;
- Jurnalistlər yazılarında kobud ifadələrdən və jarqondan çəkinməlidirlər;
- Yayım siyasəti dövlətçilik prinsipinə, cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz;
- Vətəndaş hüquqları, həmrəylik, demokratiya və bərabər imkanlarla bağlı məsələlərə həssas yanaşılmalıdır;
- Redaksiya heyəti milli və ictimai maraqları qoruma qayğısı daşımalı və şəxslərin dini inanclarını və şərəfini təhqir edən məzmunlara icazə verməməlidir;
- Dövlət rəmzlərinə hörmət edilməlidir;
- Terrorizmin, zorakılığın, zülmün, milli, irqi, dini və cinsi ayrı-seçkiliyin təşviq edilməsinə icazə verilməməlidir;
- Sağlamlıq və ətraf mühitin qorunmasına zidd davranışların təşviq edilməməlidir;
- Məlumat əldə etmək azadlığı, şəffaflıq, obyektivlik, qərəzsizlik, ədalət və plüralizmdən güzəştə gedilməməlidir;
- Materiallar düzgün şəkildə və mümkün qədər çox sayda fərqli baxış nöqtəsini nəzərə alaraq təqdim edilməlidir;
- Jurnalist, üzərinə düşən maarifləndirmə missiyasını unutmamalı və fəaliyyətlərində bu xətti inkişaf etdirməlidir;
- Hadisələrlə mübarizədə, faktların doğruluğuna əsaslanan sağlam tənqidi düşüncə əsas götürülməlidir;
- Zorakılıq, cinayət və s. kimi mənfi hadisələrə dair məlumatlar təhlükəsizlik baxımından kifayət qədər dəqiq yayımlanmalı, onların təbliğinə və təsirinə icazə verilməməlidir;
- Əhalinin həssas qruplarına, uşaqlara və azyaşlıların fiziki, zehni və mənəvi inkişafına zərər verən görüntülər də daxil olmaqla məlumatlar istifadə olunmamalıdır;
- Uşaqlarla bağlı məlumatlarda Azərbaycan Respublikasının “Uşaqların Zərərli Məlumatlardan Qorunması Haqqında” Qanununun tələbləri əsas götürülməlidir;
- Uşaqlara qarşı cinsi cinayətlərə dair məlumatlarda uşağın kimliyi gizli saxlanılmalıdır;
- Şəxslərin irqi, rəngi, dini, cinsi yönümü, fiziki və ya psixi xəstəliyi və ya əlilliyi barədə təfərrüatlar, mövzu ilə birbaşa əlaqəli olmadıqda göstərilməməlidir;
- Zərurət yarandıqda, yayılan materiallara uyğun yaş məhdudiyyəti göstəriciləri tətbiq edilməlidir;
- Parapsixologiyanın, xurafatların və batil inancların təşviqinə icazə verilməməlidir;
- İntihar cəhdlərinə dair məlumatlar təqlid hissi oyatmamalı və bu mövzuya xüsusi həssaslıqla yanaşılmalıdır;
- Jurnalist, cinayətdə şübhəli bilinən şəxsin günahsızlıq prezumpsiyası hüququna hörmət etməlidir.
Xəbərlər və şərhlər
- Xəbər və şərh bir-birindən ayrılmalı, mənbə açıq şəkildə göstərilməlidir;
- Jurnalist, verdiyi şərhlərdə peşə davranış qaydalarından və jurnalistikanın əsas prinsiplərindən yayınmamalıdır;
- Kənar müəllifə məxsus material təqdim edildikdə, redaksiya ofisi materialın sonunda “Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər” qeydini etməlidir;
- Jurnalist ötürdüyü fikri təhrif etməməlidir;
- Reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilməli və reklam olduğu xüsusi qeyd edilməlidir;
- Jurnalist, redaksiya tapşırığı hüquqa və peşə etikasına zidd olduğu halda, bu tapşırığı yerinə yetirməkdən imtina edə bilər;
- Jurnalistin fikirləri redaktə zamanı təhrif edilərsə, həmin materialın müəllifliyindən imtina edə bilər.
Xəbər mənbələri ilə iş
- Şəffaf, etibarlı və dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir;
- Mənbə, məlumatlarının açıqlanmasının özünə və ya əsərinə zərər verə biləcəyi səbəbindən gizlilik tələb edərsə, məxfi saxlanılmalıdır;
- Redaktorlar, müxbirlərlə birlikdə, məxfi mənbələri qiymətləndirə bilmək üçün bu mənbələr barədə məlumatlı olmalıdırlar. Mənbə tamamilə anonim qalmağı seçərsə, verilən məlumat yalnız ictimai maraq daşıdığı və digər alternativ mənbələrlə təsdiqləndiyi halda yayımlana bilər;
- Faktiki məlumatın ən azı iki fərqli və müstəqil mənbədən yoxlanılması tələb olunur;
- Məxfi mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər;
- Mənbələrə ədalətli yanaşılmalı, ifadələr kontekstdən çıxarılmamalıdır.
Təkzib və düzəliş
Vizual-audio, rəqəmsal platformalar və çap mediasında redaksiya məhsulu olaraq yayılan materiallardakı səhvlərin düzəldilməsi məqsədi, mümkün qədər açıq və operativ şəkildə nə doğru, nə yanlış olduğunu izah edərək, sürətli cavab verməkdir;
Səhv düzəldildikdən sonra izahat məqsədilə “düzəliş” və ya “kare” əlavə olunur.