Məhv edilmiş təbiət, havaya sovrulan milyonlar… – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı hər zaman turistlərin diqqətini çəkib. Turizm rayonu olan İsmayıllının ən gözəl kəndlərindən biri də Qalacıqdır. Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Kənddə bir neçə tarixi abidə var. Təbiət bu kənddən öz gözəlliyini əsirgəməyib. Lakin məmur özbaşınalığı ucbatından bu əsrarəngiz gözəlliyə malik olan kənddə nə turistlər gözə çarpmır, nə də əhali bir gün üzü görmür…

Prezident İlham Əliyev ölkəmizə turizm axınının artırılması üçün müvafiq sərəncamlar verib, bütün çıxışlarında turizmin inkişafına mane olan icra başçılarına və məmurlara sərt xəbərdarlıq da edib.  Hələ 2016-cı ilin avqustunda İsmayıllıya səfər edən ölkə başçısı bu rayonda yeni turizm obyektlərinin tikilməsinin vacibliyini vurğulamışdı. Lakin görünən odur ki, bu rayonda prezidentin tapşırığı məmurlar tərəfindən qulaqardına vurulub. Ötən 2 il ərzində nəinki yeni turizm obyektləri inşa edilməyib, olan turizm obyekləri də məhv edilib.

Qalacıq kəndi hər iki tərəfdən gur axan çayla əhatə olunub. Lakin çay kənarı boyunca villalar tikdirən məmurlar buradakı bütün bulaqların ərazisini hasarlayıblar. Böyük villaların tikilməsi zamanı meşə zolağı tamamilə məhv edilib. Nadir ağaclar kəsilib. Məmurların villaları kənd sakinlərinin çay kənarına enməsini əngəlləyir. Ən dəhşətlisi isə məmurların villalarından kanalizasiya xətlərinin birbaşa çaya axıdılmasıdır. Villalarda yaşayanlar zibilləri çaya atırlar. Bu da dağ çayının çirklənməsinə səbəb olur.

Həmçinin, kənddə yerli sakinlər içməli su sarıdan ciddi korluq çəkirlər. Onlar içməli suyu ya maşınlarla, ya da öz vəsaitləri hesabına çəkdirdikləri xətlər vasitəsilə əldə edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol möcüzəsi…

Qalacıq kəndinin yuxarı hissəsində təbiət möcüzəsi olan şəlaləyə getmək üçün yol yoxdur. Bir neçə gün öncə kəndin əsas girişində olan körpünün uçması nəticəsində kəndə getmək mümkün deyildi. İndi tikilən körpü isə standartlara cavab vermir. Hətta kənd sakinləri yük maşınları ilə kəndə getmək üçün məcburən gur axan Qalacıq çayından keçməli olurlar. Kəndin əsas giriş yolunun iki iş adamı tərəfindən çəkildiyi deyilir. Maraqlı məqam isə yol çəkənlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinin olmasıdır. Yol çəkiləndən sonra Agentlik bu yolların onlar tərəfindən çəkildiyini rəsmiləşdiriblər. Yəni bu yolun çəkilişi üçün dövlət büdcəsindən yenidən vəsait alınıb. Buradan görünən odur ki, Dövlət Agentliyi “bir güllə ilə iki dovşan vurub”.

Amma Agentlik nədənsə kəndin daxili yollarının çəkilməsinə nail olmayıb. Kənd sakinləri bu yolun çəkilməsi üçün vəsaitin ayrıldığını, amma yolun çəkilmədiyini bildirirlər.

Sakinlərin sözlərinə görə, bir neçə dəfə icra hakimiyyəti başçısının qəbulunda olublar. Lakin problem bu günə qədər həll olunmayıb.

Kəndin turizm üçün əlverişli olması, burada torpaqların qiymətinə də təsir edib. İndi bu kənddə bir sot torpağın qiyməti yerindən asılı olaraq 1500-3000 manat arasında dəyişir. Torpağın belə baha olması məmurların da əl-qolunu açıb. Məmurlar hətta meşə ərazisini də satmağa başlayıblar. Kəndin kənarında yerləşən meşə ərazisində villalar ucaldılıb. Çayın müəyyən ərazisində isə yüksək çinli dövlət məmurları tərəfindən farel balıqlarının saxlanılması üçün süni göllər düzəldilib.

Görünən odur ki, qədim və zəngin tarixi özündə əks etdirən Qalacıq kəndi məmurların girovuna çevrilib. Əslində, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının yaddan çıxardığı bu kəndi Azərbaycan turizminin paytaxtı etmək olardı. Təbii ki, əgər bu kənd onların yadına düşsəydi…

Qoşqar Salmanlı

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1084
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."