2017-ci ilin sonuna sayılı günlər qalıb. Bu il ölkəmizdə bir sıra sahələrdə əhəmiyyətli hadisələr baş verdi.
Maraqlıdır, 2017-ci il millət vəkilləri üçün necə yadda qaldı? Onlar bu ili Milli Məclisin və özlərinin gördüyü işlər baxımından necə səciyyələndirirlər?
Yenicag.az olaraq, bu sualla bağlı bir neçə millət vəkilinə müraciət etdik.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə:
“Bu il Azərbaycanda 2015-2016-cı illərdəki çətinliklərdən sonra müəyyən stabil vəziyyət yarandı. Bütün sahələrdə istənilən irəliləyişlər baş verdi. Həmçinin, iqtisadi baxımdan müəyyən canlanma yarandı, Azərbaycanda regionların inkişafı ilə bağlı ciddi addımlar atıldı, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı regionun iqtisadi layihəsini kökündən dəyişdi, ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdi, ABŞ və Rusiyanın Baş Qərargah rəislərinin Bakıda görüşləri keçirildi, “IV İslam Həmrəyliyi Oyunları” baş tutdu. Ümumən deyə bilərəm ki, bu il bir çox uğurlu layihələrin əsasının qoyulması ilə yadda qaldı.
Öz gördüyüm işlər barəsində deyə bilərəm ki, hər zaman seçicilərim üçün əlçatan millət vəkili olmağa çalışmışam. Mənim mobil telefonumun nömrəsini Mingəçevirdə hər bir seçicim bilir və müəyyən məsələlər ilə bağlı onlarla vaxtaşırı danışır, görüşlər keçirirəm. Mümkün qədər bir qrup məsələlərin həllini həyata keçirə bilmişəm. Həmçinin, Mingəçevirin bir çox problemlərini dövlət orqanları qarşısında qaldıraraq, onların həlli yolunda işlər görməyi bacarmışam. Gələn il də şəhərdə Texno Park işə salınacaq. Bu isə minlərlə insanın yeni iş yerləri ilə təmin olunması deməkdir. Bununla yanaşı Mingəçevirdə məcburi köçkünlərin yaşayışı üçün qəsəbələr salındı. Vətəndaşların qanunlara dəyişikliklə bağlı təkliflərini nəzərdən keçirtdim. Hazırda onların bir qismi qəbul edilib və digərləri isə müzakirədədir. Deputat kimi dövlətimizin maraqlarına aid olan məsələlərin həllində fəal iştirak etməyə çalışmışam”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa:
“2017-ci il ölkəmiz üçün əlamətdar və yaddaqalan illərdən biri oldu. İlk növbədə Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi regionun ən böyük layihəsi kimi adını tarixə yazdırdı. Daha sonra Qarabağ Futbol Klubunun uğurları, ölkə prezidentinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etməsi böyük və uğurlu hadisələrdən oldu. Xüsusilə də Azərbaycanda idman xarakterli tədbirlərin (“IV İslam Həmrəyliyi Oyunları”) keçirilməsi də bu ili əlamətdar etdi.
Həmçinin, bu proseslərlə yanaşı Milli Məclisdə də bir sıra vacib qanunlar öz təsdiqini tapdı. Buna misal olaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbul olunmasını göstərmək olar.
Son olaraq bu il ərzində öz gördüyüm işlər haqqında da məlumat verə bilərəm. Hesab edirəm ki, yaradıcılıq baxımından ciddi işlər gördüm və iki kitabımı nəşrə hazırlaya bildim. Kitabımın biri 2-3 günə, növbətilər isə gələn ilin əvvəlində çap olunacaq. Millət vəkili kimi seçicilərimlə daim görüşlər keçirtdim, onları narahat edən məsələlər üzrə müəyyən tədbirlər gördüm. Yəni bir sözlə, bu ili həm ölkəmiz, həm də özüm üçün məhsuldar hesab edirəm”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə:
“İlk növbədə iqtisadiyyat bərpa olunmağa başlandı və bu qeyri-neft sektorunun inkişafı ən önəmli məsələlərdən biri oldu. 2017-ci ilin həmçinin, “İslam Həmrəyliyi İli” elan olunması və bununla da Azərbaycanın öz mədəniyyətini İslam dünyasına yayması əlamətdar hadisələrdən biri kimi yaddaşlara yazıldı. Ümid edirəm ki, növbəti il ərzində də Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və bu proses ölkəmizin inkişafına təkan verəcək.
Bununla yanaşı Milli Məclisdə təhsil və elm sahəsində bir sıra qanunların öz təsdiqini tapması 2017-ci ilin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu hal isə təhsil sahəsində islahatların hüquqi bazasının yaradılması istiqamətində ən böyük və uğurlu iş oldu. Cari il ərzində mütəmadi olaraq, həm beynəlxalq, həm də elm və təhsil sahəsində öz işimizi davam etdirdik. Təhsil sahəsi ilə bağlı olaraq, Elm və Təhsil komitəsində yeni bir layihəyə start vermişəm. Düşünürəm ki, başlatdığım iş Azərbaycanın gələcəyi və yeni nəslin peşəkar və savadlı olması baxımından mühüm addımlardan biri olacaq”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fəzail İbrahimli:
“Bu ilin ən yaddaqalan cəhəti kimi ilk növbədə ölkədəki mövcud siyasi sabitliyi qiymətləndirmək olar. Məhz bu sabitlik dövlət, millət, xalq üçün ən böyük nemətdir. Çünki dünyada baş verən proseslərə – Avropanın, Amerikanın yeritdiyi siyasətə, Yaxın Şərqin od-alov içərisində yanmasına, İslam və Türk dünyasına qarşı münasibətləri fonundan baxdıqda Azərbaycanın ən yaddaqalan cəhəti ölkədə siyasi sabitliyin mövcud olmasıdır. Digər sahələrdə olan uğurları ölkədə aparılan ümumi strateji kursun davamı kimi səciyyələndirmək olar. Bundan əlavə bu il Azərbaycanın xarici siyasətində Avropa İttifaqının ölkəmizə qarşı olan laqeyd münasibətində də dəyişiklik baş verdi. Avropada Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı atılan bu addım ölkəmizə qarşı olan münasibətdir.
Həmçinin, bu ilin ən yaddaqalan hadisələrindən biri, Qüdslə bağlı məsələlərdə İslam dünyasının özünü müdafiəsinə qalxması oldu. Azərbaycan da bu proseslərdə öz sözünü deyən dövlətlərdən biri kimi özünü göstərdi. Bu da təqdirəlayiq bir hal kimi yadımda qaldı.
Milli Məclisin gördüyü işlərə gəldikdə isə deyə bilərəm ki, parlament Azərbaycanın taleyüklü məsələlərinə daima çevik münasibət bəsləyən qanunverici bir orqandır. Parlamentlərarası əlaqələrin möhkəmlənməsi, qanunların təkminləşdirilməsi, əhalinin sosial müdafiəsi ilə bağlı qanunlarda dəyişikliklərin edilməsi baxımından orqanın işini müsbət qənaətbəxş hesab etmək olar. Milli Məclis xalqın böyük bir ümid qapısıdır. Əhali daima o ümid qapısına üz tutur və millət vəkilləri də səlahiyyətləri daxilində üzü üstə gələnləri arxası üstə qaytarmır. Ümumi olaraq götürdükdə isə Milli Məclis qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirib.
2017-ci il ərzində öz gördüyüm işlər haqqında deyə bilərəm ki, mən də cəmiyyətin üzvlərindən biriyəm və ayrılıqda fövqəladə hal kimi bir iş görməmişəm. Lakin qanunların qəbul edilməsində, cəmiyyətdəki neqativ halların gündəmə gətirilməsində, seçicilərimlə görüşdə onların problemlərinə diqqətlə yanaşmasında daima aktiv şəkildə iştirak etmişəm. Son olaraq, cəmiyyətin üzvlərindən biri kimi gücüm, ağlım, səlahiyyətim daxilində nə lazımdırsa, etməyə çalışmışam”.
Elvin Paşazadə