Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müxalifət Natiq Əliyevin dəfninə getməyəcək: “Bizə düşmən kimi baxırlar”

Əks-siyasi düşərgənin təmsilçiləri ötən gün Türkiyədə vəfat etmiş energetika naziri Natiq Əliyevin dəfn mərasimində iştirak etməyəcəklər.

Yenicag.Az-a açıqlama verən müxalifət partiyalarının nümayəndələri bunu hakimiyyətin yaratdığı arzuolunmaz mühitlə əlaqələndiriblər.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu barədə Yenicag.Az-a açıqlamasında bildirib ki, hakimiyyət-müxalifət münasibətlərinin indiki durumu ona Natiq Əliyevin dəfninə getməyə imkan vermir:

“Əslində, Heydər Əliyev Əbülfəz Elçibəyin vida mərasiminə qatılmaqla, yaxşı bir ənənənin əsasını qoymuşdu. Lakin hakimiyyət bizim onun dəfnində iştirakımıza imkan verməməklə, bu ənənənin davam etməsinə şərait yaratmadı. Bu, əlbəttə ki, düzgün deyil. Çox təəssüf ki, bu gün hakimiyyət müxalifətin timsalında özünün düşmənini görür. Ermənilərqarışıq, hamı ilə oturub danışırlar, ancaq müxalifətlə düşmənçilik aparırlar.

Lakin belə olmamalıdır. Bu millətin siyasi münasibətlərin fövqündə olan dəyərləri var. Xeyirdə-şərdə iştirak etmək bir borcdur. Ancaq yenə deyirəm, bizi bu borcu yerinə yetirmək imkanından məhrum ediblər. Allah rəhmət eləsin”.

Məsələ ilə əlaqədar Yenicag.Az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Natiq Əliyevin dəfn mərasiminə qatılmayacağını deyib:

elieliyev“Mərhum Natiq Əliyev bu hakimiyyətin spesifik sahəyə rəhbərlik edən və siyasi məsələlərə qarışmayan kadrlarından biri idi, Allah rəhmət eləsin. Ancaq keçmiş nazirin dəfninə getmək fikrim yoxdur. Ola bilsin ki, sonradan onun hüzr mərasimlərindən birinə gedim.

Ümumiyyətlə, çox təəssüf ki, hakimiyyətin müxalifətə qarşı davam etdirdiyi düşmənçilik belə mərasimlərdə iştiraka mane olur. Mən dünyanın sivil ölkələrindən nümunə gətirmək istəmirəm. Millətimizin əsrlər boyu yaşadıb, davam etdirdiyi ənənələr var. Belə günlərdə bütün narazılıqlar, incikliklər bir kənara qoyulur. Ancaq hakimiyyət bu ənənədən uzaq olduğu üçün siyasi münasibətlər də bu vəziyyətə gəlib”.

Müsavat başqanı Arif Hacılı da Yenicag.Az-a açıqlamasında sabiq nazirin dəfnində iştirak etməyəcəyini bildirib:

“Bir müddət eyni komandada fəaliyyət göstərmişik. Natiq Əliyev bizim hakimiyyətin dövründə Neft Şirkəti rəhbərinin müavini vəzifəsini tutub. O dövrdə və ondan sonra mərhumla heç bir münasibətimiz olmayıb. Ümumiyyətlə, Natiq Əliyevlə nə vaxtsa üz-üzə gəldiyimizi xatırlamıram. Dəfn mərasiminə getmək planım yoxdur”.

Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı isə Yenicag.Az-a açıqlamasında bildirib ki, vaxt tapsa, Natiq Əliyevin dəfninə qatılacaq:

“Çox acınacaqlı haldır ki, bu gün hakimiyyət-müxalifət münasibətləri düşmənçilikdən də betər gündədir. Ona görə də bir-birimizin xeyir-şərində iştirak etmirik. Ancaq belə olmamalıdır. Bu millətin dəyərləri, ənənələri, törəsi var – onları ayaq altına atmaq olmaz. Bəlkə də kiminsə xeyir işinə getməmək olar – hərçənd o da düz deyil – ancaq hüzrdən qalmaq olmaz. İndi elə vəziyyət yaranıb ki, hakimiyyət bizi düşmən gözündə görür. Amma bu yanaşma dəyişməlidir. Bir-birimizin xeyir-şərində niyə iştirak etməyək ki?

Mən bir neçə gün əvvəl əməliyyat olunmuşam. İndi çox vacib bir hüzr mərasiminə gedirəm. Oradan çatdırsam, Natiq Əliyevin dəfninə də gedəcəm”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1080
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100