!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ilə Rusiya üz-üzə: "Müharibə ritorikası getdikcə daha çox diqqət çəkir" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya-NATO münasibətləri müttəfiqliyə deyil, hərbi-siyasi rəqabətə əsaslanır. Tərəflərin qarşılıqlı ittihamları getdikcə artır. Təbii ki, NATO Rusiyanı öz alyansına daxil etmək istəmir və heç Rusiya da belə bir istəkdə deyil. Geosiyasi rəqabətdə Rusiyanın məğlubiyyəti ölkə daxilində ciddi siyasi-psixoloji təsirlər yarada bilər. RF xarici işlər naziri Lavrovun bəyanatları da bu narahatlıqdan qaynaqlanır. Rusiya iqtisadi baxımdan Qərblə rəqabət aparmağa qadir deyil, lakin hərbi gücü ilə öz maraqlarını təmin edəcəyini düşünür”.

Bu fikirləri mümkün Rusiya-NATO qarşıdurması, bunun Qafqaza təsiri və Ukrayndakı böhran haqqında düşüncələrini bölüşərkən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, SSRİ-nin süqutundan sonra ABŞ dünyanın siyasi-hərbi nizamında həlledici rola sahib olub:

“Varşava Müqaviləsi Təşkilatı buraxılsa da, NATO davam etdi və öz funksiyasını bitirmədi. Hətta NATO-nun şərqə doğru genişlənməsi prosesi də dayanmadı.

SSRİ ilə hərbi rəqabətdə NATO-nun 14 üzvü olduğu halda, SSRİ-nin süqutundan sonra NATO-ya 16 yeni üzv qəbul edildi. Bu isə faktiki olaraq Rusiyanın sərhədlərinə doğru sürətli irəliləmə taktikası idi. Təbii ki, tədricən güclənən, əlindəki strateji silahlarla hərbi rəqabətdə xüsusi çəkisi olan Rusiya bu məsələyə səssiz qalmadı.

NATO-nun şərqə doğru, əslində Rusiya sərhədlərinə genişlənməsinin hansı zərurətdən yaranması sualının cavabı bu gün də mübahisəlidir.

Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir. Ukrayna NATO-ya üzv olarsa, bu, Rusiyanın beynəlxalq təsir gücünü xeyli zəiflədəcək və hətta onu qlobal hərbi-siyasi rəqabətdən kənara atacaq. Odur ki, Rusiya ən kritik addımlar da atacağını bəyan edir”.

Politoloqun fikrincə, hazırda ən həlledici geosiyasi rəqabət məhz Ukrayna üzərindədir:

“Nə ABŞ, nə də Rusiya Ukrayna böhranında geriyə addım atmaq istəyir və müharibə ritorikası getdikcə daha çox diqqət çəkir. Belə bir müharibənin mütləq qalibi görünmür. Tərəflərin mövcud problemi danışıqlar masasında həll etməsi daha inandırıcıdır. NATO-nun Rusiyaya xüsusi təhlükəsizlik qarantiyası verməsi Qərbin digər regionlarda da zəifləməsinə səbəb ola bilər. Odur ki, bu istiqamətdə mürəkkəb vəziyyət Rusiyaya iqtisadi sanksiyalarla davam edəcək.

NATO-Rusiya hərbi qarşıdurması baş verərsə, bizim regiona da mənfi təsirləri istisna deyil. Türkiyə NATO üzvüdür, ABŞ-nin hərbi müttəfiqidir, Rusiya ilə geosiyasi, iqtisadi-ticarət münasibətlərinin ən üstün səviyyədə olduğu ölkədir. Eyni zamanda, Türkiyənin Ukrayna ilə siyasi-hərbi əlaqələri də çox yaxşıdır. Azərbaycan da Türkiyə ilə oxşar vəziyyətdədir. Müharibə baş verərsə, bunun bizim regiona – Cənubi Qafqaza da mənfi təsirləri ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv