“Niyə Fətəli xan Xoyski yada düşmür, ancaq Rəsulzadə yada düşür?” – Araz Əlizadə

“AXCP-Müsavat üzvləri yalandan səs-küy salırlar ki, guya mən Azərbaycanın müstəqilliyinə qarşı olan adamam və sairə. Halbuki, ilk dəfə Azərbaycanın SSRİ tərkibindən çıxması fikrini mən söyləmişəm. Mixail Qorbaçov SSRİ rəhbəri olanda məni bu fikirlərimə görə Sibirə sürgün etməklə hədələyirdi. Ancaq mən heç nədən qorxmadan şəxsən Qorboçova dedim ki, məni Sibirlə qorxudaa bilmərsən. Çünki mən sürgündə də olmuşam”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilməsinə görə sosial şəbəkələrdə tənqid olunması məsələsinə də toxunan deputat AXC-Müsavat hakimiyyətini tənqid edib:

“Mən Azərbaycan Xalq Cümhuriyyətinə qarşı çıxış etməmişəm, yalnız Rəsulzadənin adının əbədiləşdirilməsi əleyhinə olmuşam. Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox şərəfli anıdır. Əgər yadınıza gəlirsə, mən bu yaxınlarda Milli Məclisdə çıxış edərək təklif etdim ki, indiki “Sahil bağı” adlanan parkın ərazisində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının abidəsi ucaldılsın. Mən heç zaman Azərbaycan Xalq Cümhuriyyətinə qarşı olmamışam. Sadəcə olaraq, mən digər qurucular da qala-qala, yalnız Məmməd Əmin Rəsulzadənin adının önə çəkilməsinə qarşıyam. Mənim Rəsulzadəyə qarşı heç bir qərəzim də yoxdur. Mən də, Rəsulzadə də Bakılıyıq. Rəsulzadə Bakıdan kənarda olanda Cümhuriyyətin bütün ağırlığı Fətəli xan Xoyskinin üzərində olub. Bəs niyə Fətəli xan Xoyski yada düşmür, ancaq Rəsulzadə yada düşür? Bütün varını satıb Xalq Cümhuriyyəti uğrunda mübarizə aparan Əlimərdan bəy Topçubaşov niyə yada salınmır? Mən bu cür həqiqətləri söyləyirəm deyə, nə üçün Azərbaycan Xalq Cümhuriyyətinə qarşı olmalıyam? Bunu həmin AXC-Müsavat üzvləri uydururlar. Bu adamlar ötən sərin 90-cı illərində “Rəsulzadə”, “Cümhuriyyət” qışqıra-qışqıra Azərbaycanı vətəndaş müharibəsinə sürüklədilər. Həqiqətdə isə onları yalnız hakimiyyət maraqlandırırdı. Allah Heydər Əliyevə dönə-dönə rəhmət etsin. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan düşdüyü vətəndaş müharibəsinin içərisində tamamilə məhv olacaqdı”.

A.Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı almağa haqqı olduğunu söyləyib:

“Digər deputat həmkarlarım kimi, mənim də bu medalla təltif olunmağa haqqım var idi. Sağ olsun ki, cənab Prezident məni də bu medalla təltif edib. Mənim Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medalla təltif olunmağa həmin müsavatçılardan daha çox haqqım vardı”.