“Onlayn media dövlətin maddi dəstəyindən kənarda qalmamalıdır” – Anar Əsədli

Azərbaycan mediasında özünəməxsus yeri olan xeber365.com saytının 3 yaşı tamam olur.

Yenicag.az xeber365.com saytının baş redaktoru Anar Əsədli ilə müsahibəni təqdim edir.

– Ölkədə onlayn media bolluğunda yeni sayt təsis etmək ideyası hansı zərurətdən yarandı?

– Öncə diqqətinizə və təbrikinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi saytımız təqribən 3 il əvvəl yaradılıb. Əlbəttə ki ölkə mediasının o vaxtı və indiki vəziyyəti arasında bütün mənalarda yetərincə ciddi fərqlər mövcuddur. Çap mediasının enişi fonunda onlayn media indi daha aktivdir və bu fəallıq artan xətt üzrə gedir. Elə bir vəziyyətdir ki, ümumiyyətlə, dünya miqyasında çap medianın boşalan yerini onlayn media sürətlə tutmaqdadır və bu sırada Azərbaycan da istisna deyil.

Özümüzə gəldikdə, media sektorunda uzun illəri əhatə edən müəyyən təcrübəmiz vardı. Düşündük ki, onlayn medianın təşəkkülü dövründə biz də təcrübəmizə əsaslanaraq, ölkə cəmiyyətində doğru-dürüst informasiyalar, mesajlar çatdıran bir sayt yaradaq. Saytımızın yaradılmasında və öz yerini tutmasında xeyli insanın əməyi keçib. Yəni bu, bir nəfərin istəyi və təşəbbüsü ilə yaradılmış media orqanı deyildi. İmkandan yararlanıb, onlara da öz minnətdarlığımı yetirirəm.

– Saytınızın Azərbaycan şəraitində oturuşub-genişlənməsi nə qədər rahat oldu?

– 3 illik fəaliyyətimizin özünəməxsus çətinlikləri də olub. Aydın məsələdir ki, onlayn medianın hədəflədiyi bir mövqeyə gəlməsini əngəlləyən problemlər var. Bu, həm qanunvericiliyə, həm də digər sahələrə aiddir. Bilirsiniz ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə hər il medianın inkişafına kifayət qədər iri məbləğdə vəsait ayrılır. Ancaq həmin vəsaitin təyinatı yalnız çap media orqanlarını əhatə edir. Başqa sözlə, onlayn media bu yolla dövlətin maliyyə dəstəyindən məhrum vəziyyətdədir. Yəqin ki aparıcı onlayn media orqanlarının rəhbərləri bir araya gələrək, bu məsələnin müsbət həlli üçün səylərini davam etdirəcəklər.

Özünü onlayn medianın fəaliyyətində qabarıq göstərən problemlərdən biri də əlbəttə ki, reklam məsələsidir. Bu problemin də aradan qaldırılması istiqamətində davamlı məsləhətləşmələrimiz olur. Ancaq bu problemlərə baxmayaraq, anadolular demişkən, çox mutluyuz ki, Azərbaycan cəmiyyətinə obyektiv, operativ məlumatlar çatdıran, dövlətçilik baxımından doğru ideoloji mesajlar ötürən bir sayta çevrilmişik. Özümüzə yönələn pozitiv diqqəti gördükdə, məqsədimizə nail olduğumuza inanırıq. Əsas odur ki, Azərbaycan oxucusu bizi dəyərləndirir.

– İndiki çoxtərəfli rəqabət mühitində və vurğuladığınız problemlərin mövcudluğu şəraitində onlayn medianın perspektivini necə görürsüz?

– Texnologiyanın inanılmaz sürətlə inkişafı onlayn medianın gələcəyinə nikbin yanaşmağa əsas verir. Onlayn medianın 5 il əvvəl və indiki vaxtına nəzər saldıqda, texnoloji inkişafın təsirini görməmək mümkün deyil. Sadə misal deyim: 5 il əvvəl mobil telefonda xəbər oxumaq mümkün deyildisə, hazırda telefonlar informasiya almaq üçün əsas mənbəyə çevrilib. Bu tendensiya belə deməyə əsas verir ki, onlayn medianın inkişafı dönməz bir prosesdir. Ancaq çox arzuolunandır ki, çap media da öz mövcudluğunu saxlasın və ona olan tələbat azalmasın. Çap media bir ənənədir və onu qorumaq lazımdır. Lakin onlayn media sözün tam mənasında həyatımızın bir hissəsinə çevrilib. Harada yerləşməyimizdən asılı olmayaraq – yerdə və ya təyyarədə – internet təminatı var və bu da onlayn mediaya çıxış imkanı deməkdir. Bu da o deməkdir ki, onlayn medianın gələcəyi var.

Bu məsələyə Azərbaycan çərçivəsində yanaşsaq, yenə də yuxarıda sadaladığım problemləri yenidən xatırlatmalı oluram. Hər halda, həmin problemlərin aradan qaldırılması üçün səylərimizi artırmalıyıq. Fikrimcə, Mətbuat Şurasında onlayn medianın inkişafı ilə məşğul olan xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Həmçinin, onlayn media orqanlarının rəhbərləri ilə davamlı görüşlər keçirilməli, inkişaf istiqamətləri müəyyənləşdirilməli, reklam və digər məsələlər öz həllini tapmalıdır. Ümumiyyətlə, Mətbuat Şurası da bu məsələlərin həllində maraqlı olmalıdır.

Rəqabətə gəldikdə isə bundan çəkinmək lazım deyil. Əksinə, inkişafın başlıca şərtlərindən biri rəqabətdir. Mövcud saytların hər birinin özünəməxsus xətti, istiqaməti var. Məncə, saytlar arasında əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur və bu çərçivədə birgə layihələrin həyata keçirilməsi çox arzuolunandır. Yəni bu rəqabət mühitində də əməkdaşlıq mümkündür. Ən əsası isə rəqabətin olması daha çox və keyfiyyətlə çalışmağı stimullaşdırır. Sizin sayt bu dediklərimin bariz nümunəsidir. Təbii ki, qısa müddətdə bu qədər inkişaf etmək, populyarlaşmaq, oxucu rəğbəti qazanmaq, özünə bir tələbat yaratmaq gərgin zəhmətin nəticəsidir.

A.Zeynalov
Yenicag.az

COP29