Onun “10”-u – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Müasir futbol tarixində uzun müddət bir klubun “sükanı arxası”nda çalışan baş məşqçilərin sayı barmaqla sayılacaq qədərdir.

Bu barədə danışanda təbii ki, ilk olaraq 27 il “Mançester Yunayted”i çalışdıran Aleks Fergüsson, 22 il “Arsenal”a rəhbərlik edən Arsen Venger kimi məşhurlar yada düşür.

Dünya futbolunun tarixinə nəzər salanda isə rekord göstəricinin Şotlandiyanın “Seltik” klubunun ilk baş məşqçisi Villi Meyliyə məxsus olduğunu görərik. 89 yaşında vəfat edən Meyli nə az, nə çox düz 53 il Qlazqo təmsilçisinə rəhbərlik edib.

Onun həmyerlisi Bil Strut isə 34 il “Seltik”in əzəli rəqibi olan “Reyncers”i çalışdırıb.

Ronni Makfoll 30 il Şimali İrlandiyanın “Portadaun”, Mett Basbi 24 il “Mançester Yunayted”, Miki Evans 24 il Uelsin “Kayrus” klubu, Sovet futbolunun əfsanələrindən olan Valeri Lobanovski isə ümumilikdə 21 il Kiyev “Dinamo”sunun “sükanı arxası”nda olub.

Növbəti illərdə isə Tomas Şaaf 15 il “Verder”ə, Devid Moyes 12 il “Everton”a rəhbərlik edib.

Azərbaycanda isə rekord göstərici “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. Azərbaycan millisinin də baş məşqçisi olan 46 yaşlı çalışdırıcı 10 ildir ki, Ağdam klubuna rəhbərlik edir.

2008-ci ildə Rasim Karanı əvəz edən Qurban Qurbanov Azərbaycan futbolu tarixində inanılmaz uğurlara imza atıb.

Halbuki, Qurban Qurbanovun Ağdam klubuna rəhbərlik etdiyi ilk illər onun üçün elə də asan keçməyib. Komandanın uğursuz çıxışlarından sonra Qurbanov dəfələrlə “istefa” şüarını eşidib. Buna baxmayaraq, istər klub rəhbərliyi, istərsə də “Qarabağ”ın “İmarət” fan-klubu çalışdırıcını Zeynəb Xanloravanın ifasında səslənən mahnı ilə dəstəkləyiblər: “Sən Müşviqin yanında qalginən, sənə Qurban”.

Qurbanov da öz növbəsində qazandığı uğurlarla ona boş yerə etimad göstərilmədiyini sübut edib. 3 dəfə ölkə kubokunu, 5 dəfə Azərbaycan çempionluğunu qazanan Qurban Qurbanovun “Qarabağ”ı beynəlxalq arenada da uğurlara imza atıb. 3 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edən “atlılar”, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla ölkə futbolu tarixində ilkə imza atdı.

Bu 10 il ərzində “Qarabağ”da çox şey dəyişib, saysız-hesabsız futbolçular gəlib və gedib. Lakin dəyişməyən bir şey var – O da Qurban Qurbanovun sadəliyi. Qazandığı uğurlara baxmayaraq, onun xarakteri dəyişmir. “Ağac bar verdikcə başını aşağı əyər” atalar sözünün ən bariz nümunəsi olan Qurbanov uğurları ilə öyünmür, təvazökarlığından geri qalmır, rəqiblərə hörmət edir, daima sayqılı, eyni zamanda centlimenliyi ilə yadda qalır.

Futbol ictimaiyyəti ilə yanaşı, cəmiyyətin də rəğbətini qazanan Qurban Qurbanov klub daxilində yaratdığı intizamla seçilir. Bu gün kimdən Qurban Qurbanov barədə soruşsan, hamısı eyni sözü deyəcək, yaxşı dost, əla insan, mükəmməl baş məşqçi.

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2151
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.