!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Puçdemon nümunəsi: Azərbaycan da Saakyanı həbs etdirə bilərmi?

!Reklam – Yazi

İspaniyanın Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun ötən gün Brüsseldə həbs edilməsi Azərbaycan üçün də maraqlı presedent yaradıb.

Yenicag.az xəbər verir ki, İspaniya hökuməti tərəfindən həbsi sanksiyalaşdırılan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və muxtariyyətin 4 keçmiş naziri ötən gün Brüsseldə polisə təslim olublar.

Elə həmin gün keçirilən və təqribən 10 saat davam edən məhkəmə prosesindən sonra isə onların azadlığa buraxılmasına qərar verilib.Puçdemonun həbsi (daha sonra azadlığa buraxılsa da) separatizmdən əziyyət çəkən Azərbaycan üçün mühüm presedent yaratmaqla yanaşı, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərinin məsuliyyətə cəlb olunmasına hüquqi və praktik əsas yaradır.

Xatırladaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan da Ermənistan pasportu ilə müntəzəm olaraq, xarici ölkələrə səfərlər edir. O baxımdan, Saakyanın Azərbaycanın təqdimatı və beynəlxaq hüququn tələbləri əsasında həbs olunmasının mümkünlüyü maraqlı görünür.

Bu məsələni Yenicag.az-a dəyərləndirən millət vəkili Araz Əlizadə bildirib ki, separatçı rejimin rəhbərləri barəsində analoji addımların atılması üçün Azərbaycanın təşəbbüs göstərməsi lazımdr:

“Bildiyiniz kimi, Puçdemon İspaniya mərkəzi hökumətinin “İnterpol”a müraciəti əsasında Brüsseldə saxlanıldı, bir müddət təcridxanada qaldı, sonra isə məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Ancaq bir millət vəkili olaraq, şəxsən məndə Azərbaycan hökumətinin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərinin həbsi üçün “İnterpol”a müraciət etməsi barədə məlumat yoxdur. Sizdə belə bir məlumat var? Təbii ki, yoxdur. Bax, bu vəziyyət mənim üçün başa düşülən deyil.

Bundan başqa, Azərbaycan vaxtilə Dağlıq Qarabağdakı qanunsuz rejimə başçılıq edən, daha sonra Ermənistanda prezidenti seçilən Azərbaycan vətəndaşları Koçaryan və Sərkisyanın həbs olunmaları üçün də “İnterpol”a sorğu verməyib.

Məsələ təkcə bu adlarını çəkdiyim canilərlə məhdudlaşmır. Azərbaycan 20 yanvar qırğınını törətmiş şəxslərin də həbsinə qərar vermədiyi kimi, onların beynəlxalq axtarışa verilməsi üçün də addım atmayıb. Yenə deyirəm, bizim bu hərəkətsizliyimizin səbəbini heç cür anlamıram.

Əgər bizdən belə bir təşəbbüs yoxdursa, nə “İnterpol”, nə də başqa bir beynəlxalq təşkilatlar 10 minlərlə insanın ölümünə, 100 minlərlə insanın didərgin düşməsinə, regionda qanlı müharibəyə rəvac vermiş separatçı erməni hərbi canilərini tutub bizə verməyəcəklər.

Sözsüz ki, Azərbaycan müraciət etsə, erməni separatçılarını həbs edib bura göndərməyəcəklər. Ancaq heç olmasa, buna təşəbbüs göstərmək lazımdır”.

A. Zeynalov

www.yenicag.az

2145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv