!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ klanı” və Paşinyan: Rəsmi Bakının ritorikası niyə sərtləşdi?

!Reklam – Yazi

“İstər dövlət başçısının, istərsə də generalitetin Ermənistanın ünvanına səsləndirdiyi kəskin ifadələr tam yerinə düşür.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın siyasi və hərbi rəhbərliyinin işğalçı Ermənistana yönəlik bəyanatlarının kəskinləşməsinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti Azərbaycanın özlərini “tanıtmaq” üçün onlara verdiyi vaxtı boşuna sərf etməklə, danışıqların perspektivinə zərbə vurdu:

“Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra bizim nöqteyi-nəzərimizdən əsas məqam Nikol Paşinyan komandasının Qarabağ münaqişəsinin nizamlanmasında hansı mövqeni tutacağı ilə bağlı idi. Təbii, deyilə bilər ki, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlişindən asılı olmayaraq, İrəvanın bu məsələyə münasibəti dəyişməyəcək. Ancaq burada bir amil əsas götürülürdü ki, Paşinyan son 20 ildə Ermənistanı idarə edən “Qarabağ klanı”nın nümayəndəsi deyil.
Çünki ortada işğalçı ölkənin sabiq prezidenti, Qarabağ münaqişəsində Ermənistnanın geri çəkilməli olduğu reallığını dərk edərək kompromis xəttini götürən, buna görə də “Qarabağ klanı” tərəfindən devrilən Levon Ter-Petrosyan nümunəsi var.
Paşinyanın Ter-Petrosyana xüsusi simpatiya bəslədiyi məlumdur – o baxımdan yeni baş nazirin Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv mövqe tutacağını düşünmək heç də qeyri-real yanaşma deyildi. Lakin zaman göstərdi ki, Paşinyan “Qarabağ klanı”na mənsub olmasa da, Koçaryan və Sarkisyan xəttini daha da genişləndirmək yolunu tutub. Onun münaqişənin nizamlanmasına dair fikirləri, hərdən boş təhdidlər səsləndirməsi də göstərdi ki, Paşinyandan sağlam düşüncə gözləməyə dəyməz.

Xatırlayırsızsa, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Bakıdan belə açıqlama verildi ki, İrəvanın yeni hökumətinin konstruktiv siyasət yürüdəcəyinə ümid edirik.

Bu ümidlərin doğrulmaması isə əlbəttə ki, Bakının öz ritorikasını dəyişməsi ilə nəticələnib. Ona görə də, istər dövlət başçısının, istərsə də generalitetin Ermənistanın ünvanına səsləndirdiyi kəskin ifadələr tam yerinə düşür.

Azərbaycan rəsmilərinin sərt leksikona keçidi həm də ölkənin ərazi bütövlüyünün bərpası məsələsində hərbi yolun alternativsizliyinin qəbulu kimi də anlaşıla bilər. Hesab edirəm ki, prezident İlham Əliyevin Rusiya dövlət başçısı Putinlə görüşü, daha sonra Paşinyanın Rusiyaya səfəri, Türkiyə prezidenti Ərdoğanın Bakı və Soçiyə səfəri, gələn həftə isə Putinin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Qarabağ münaqişəsi ətrafında tam yeni situasiya yaradıb.

Bu sıraya Azərbaycan və Ermənistanın hərbi təlimlərini də əlavə etsək, Qarabağda müharibə ehtimalının xeyli artdığını görərik. Yəqin ki, sentyabrın sonu – oktyabrın əvvəllərində sülh, ya müharibə sualına qəti cavab veriləcək”.

A.Zeynalov

www.yenicag.az

2655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv