Reklam

Reklam

Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və “Daşnaksütun” partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. Qeyd edək ki, hadisələrin Türkiyə ərazisində də aparılması planlara daxil idi.

31 mart soyqırımının pərdəarxası ilə bağlı suallarımızı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb.

Yenicag.az Zaur Əliyevlə müsahibəni təqdim edir:

– Soyqırım hansı səbəbdən törədilib?

– Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxartmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər arasında üzvi bir əlaqə vardır.

Bu qanlı cinayətlərin bir məqsəd – “Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və vahid mərkəzdən – Rusiyadan idarə olunduğu barədə arxiv sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Sənədlərə əsasən Oktyabr inqilabından sonra “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli dekreti ilə “türklərin zülmü altında inləyən” erməni qardaşlarının dadına çatmaq üçün rus ordusu müharibə ərzində əldə etdiyi mövqelərini ermənilərə təhvil verməyə başladı. Lakin türk ordusu Ərzincanı (13.02.1918), Trabzonu (24.02. 1918), Ərzurumu (12.03.1918) geri aldıqdan sonra planı pozulan ermənilər soyqırımı ancaq Azərbaycan daxilində etməyi qərara alırlar.

– Necə oldu ki, Şaumyan Bakıya gəldi?

– Leninin Cənubi Qafqaz üzrə fövqəladə komissar təyin etdiyi S. Şaumyanın çirkin niyyətləri Tiflisdə baş tutmadıqda, o, Bakıya gəlir. Moskva nökərinin burada geniş fəaliyyət göstərməsi üçün şərait nisbətən qənaətbəxş idi. 1918-ci ilin əvvəllərində V.İ.Le¬ninin və İ.V.Stalinin imzaladıqları bədnam 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü.

1918-ci ilin fevral və mart aylarının əvvəllərində keçmiş Rusiya ordusunun generalları İvan Baqramyan və Akop Baqratuni, həmçinin, “Daşnaksütun” partiyasının yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlirlər. Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda onlardan istifadə etməyə çalışan Erməni Milli Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” müraciət edir və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa, erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə tətbiq etməyə çağırır. Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun formalaşdırılması işi gedirdi. Ordu sıralarına çağırışla Avakyan məşğul olurdu və nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun 50 faizini ermənilər təşkil edirdi. Qızıl Ordunun qərargah rəisi çar ordusunun polkovniki, daşnak birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.Avetisov, briqada və birləşmiş dəstələrin komandirləri – çar ordusunun polkovniki Kazarov, türk əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur olan Amazasp, A. Əmirov və digərləri idi. 1918-ci ilin martında Şaumyanın özünün dediyinə görə, artıq bolşeviklərin təxminən 6 min nəfərdən ibarət hərbi hissələri, “Daşnaksütun”un isə 3-4 minlik milli dəstələri vardı ki, həmçinin onlar da bolşeviklərin sərəncamına verilmişdi. Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin zavodları, habelə, Bakıdakı erməni kilsəsinin zirzəmisi mərkəzi silah anbarına çevrilmişdi. Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəbhədən dönən erməni alaylarını ordu təşkil etmək üçün Bakıda toplayırdı. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil Qızıl Ordunun başına cəllad Avakyan keçmişdi.

– 31 martda Bakıya hansı qüvvələr gətirilmişdi?

– 31 mart 1918-ci il günü Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı:

1) Bolşeviklər tərəfindən yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya;

2) “Daşnaksütun” partiyasına tabe olan 4500 piyada və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri;

3) Ruslardan və slavyanlardan ibarət olan beynəlmiləl alayın hissələri;

4) Hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri;

Tam 3 gün 3 gecə yerdən, göydən və dənizdən Bakıya bomba və qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazaps və Lalayanın “qızıl qəhrəmanları”, öz təbirləri ilə desək, “Türkiyənin Bakı cəbhəsini yardıqdan” sonra üzü şimala – Qubaya, qərbə – Şirvana və cənuba – Muğan və Lənkərana keçərək, on minlərlə azərbaycanlını qılıncdan keçirtmişdilər. Şərqi Azərbaycan Respublikası başdan-başa od içində yanırdı”. Şamaxıda Əmirov, Salyan, Muğan, Lənkəran və Astarada Lalayev və onların çətələri “ev-ev dolaşaraq, misli görünməyən həyasızlıqlar edir, əhalini qılıncdan keçirir, qadın və qızlara işgəncələr verirdilər”.

Təkcə Zəngəzur qəzasında Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi tamamilə qırılıb, əmlakları talan edilib. Bolşevik bayrağı altında daşnaklar kütləvi qırğınlar zamanı ağlasığmaz vəhşiliklər törədiblər. Hamazasp 200-dək adamı əlibağlı relslərin üzərinə düzərək, üstündən qatar keçirib, körpə uşaqları ağacdan asdırıb, 40 nəfərin başını kəsdirib və s. Bütün bunları sadalamaqla tükənməz. Hətta öz qəddarlığı ilə öyünən daşnak A. Papyan 1936-cı ildə “Revolyutsion Vostok” qəzetində yazmışdı:

“Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyfi gəlirdi: ən etibarlı vasitə onları quyulara doldurub, üstündən ağır daşlar yığmaq idi”.

– Kütləvi qırğınlar Bakıdan başqa hansı ərazilərdə olub?

– Qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər. Məqsəd bu torpaqları azərbaycanlılarla yanaşı talış, ləzgi, yahudi, tat kimi etnoslardan təmizləyib, Azərbaycanı bütünlüklə erməniləşdirmək idi. Elə bu səbəbdən Bakıda və Şamaxıda türklərlə birlikdə tatlar, Lənkəranda türklərlə birlikdə talışlar, Qubada, Qusarda türklərlə birlikdə ləzgi və yahudilərə qarşı da misli görünməyən vəhşiliklər törədildi.

Qubada tapılan və hazırda Soyqırım Memorial Kompleksinin yerləşdiyi ərazidə tədqiqat işlərinin nəticəsi olaraq, məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən, yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan hökuməti yanında Fövqəladə təhqiqat komissiyasının hesabatında yazılır: “Axund Molla Cəfər Qulu təxminən 400 qadın və uşaqlarla məsciddə gizləndilər. Ermənilər məscidə soxulub, onların hamısını qırdılar. Axunda olmazın əzab veriblər, onun dişləri sındırılıb, saqqalını yolub, dilini, qulaqlarını və burnunu kəsiblər”. Arzumanyan, Doliyan, Petrosyan, Karapetyan və S. Lalayevin (Lalayanın) dəstələri Şamaxıdakı məscidi mühasirəyə alıb, od vurdular. İçəridə diri-diri yanan insanların fəryadı ərşə yüksəlirdi.

Azərbaycan hökuməti yanında Fövqəladə təhqiqat komissiyasının üzvü A. Novatski yazır: “Əsgərlər Qubada ağsaqqallara onlar üçün müsəlman qadın gətirməklərini əmr etdilər. Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu bu əmri yerinə yetirməkdən imtina etdiyinə görə əvvəlcə onların gözlərini çıxartdılar, sonra isə süngü ilə öldürdülər. Qəzəblənən əsgərlər iki min insanı öldürdülər və onlarla müsəlman qadını zorladılar”

1905-1918-ci illər arasında ermənilər tərəfindən Azərbaycanın Şimal bölgəsində, Tiflisdə və Bakıda 12 minədək ləzgi qətlə yetirilib. Qubada həyata keçirilən bu ağlasığmaz qırğının digər bölgələrdə həyata keçirilən qətliamlardan əsas fərqi bundadır ki, digər soyqırımlar azərbaycanlılara qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə – ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin, bütün tat əhalisinə qarşı yönəlmişdi. Ermənilərin əsir götürdükləri ləzgilərdən biri erməni komandirə sual verir ki, “Siz deyirsiniz sünnü ilə işimiz yoxdur, bil ki, mən sünnüyəm, mənə dəymə!” Erməni cavabında: “a, bəli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sünnülər deyildiniz? Biz sünnü-şiə bilmirik, müsəlmanların Qafqazda kökünü qazıyacağıq”.

– Yəhudilərin də soyqırıma məruz qaldığı deyilir.

– 1918-ci ildə yaradılan tədqiqat komissiyası Quba faciəsini araşdırarkən öldürülən yəhudilərin sayını bilmək üçün Quba qəza komitəsinə sorğu göndərib. Amma təəssüf ki, təqdim olunan siyahının son vərəqləri cırılaraq götürülüb. Sonradan bununla maraqlandım. Məlum oldu ki, Stepan Şaumyanın oğlu Horen Şaumyan hər dəfə Azərbaycana gələndə arxivə girirmiş və bir sıra arxiv sənədləri də məhz onun tərəfindən tələf edilib. Sovet dövründə yəhudilərin 31 mart soyqırımına məruz qalması məsələsi gizlədilib. Bir faktı da qeyd edək ki, o vaxt Qubada 14 mindən çox yəhudinin yaşadığı qeyd edilir. Bu yəhudilərdən 6 mindən çoxu Amazaspın “Türklər gəlib sizləri də qıracaq”kimi sözlərinə aldanaraq, onun dəstəsinə qoşulub. Ancaq sonradan ermənilər yəhudiləri tərk edərək, onları çölün düzündə ac-susuz, köməksiz vəziyyətdə qoyub. Yəhudilərin böyük hissəsi anti-sanitariya şəraitində xəstəlikdən və aclıqdan qırılıb. Geri qayıtmaq istəyən yəhudiləri də kiçik erməni dəstələri yolda öldürüblər.

– Soyqırıma məruz qalanlar arasında talışlar, ləzgilər də olub.

– Eyni faciə tat xalqının da başına gəldi. 1905-1918-ci illər arası Azərbaycan ərazisində yaşayan tat xalqının 8 mindən çox əhalisi ermənilər tərəfindən qətlə yetirilib.

2 minə yaxın rus-erməni hərbi birliyi Lənkərana hücum çəkib, orada 40 kəndi talayıblar. Yerli əhaliyə etnik mənsubiyyətindən asılı olmayaraq, soyqırım aktı həyata keçiriblər. Ən çox da zərbəni talış qardaşlarımız alıb. Bu kəndə bir neçə dəfə hücum edən ermənilər kənd sakinlərinin ciddi müqaviməti ilə qarşılaşır. Talışların yerli türklərlə birgə silaha sarılıb, erməniləri geri otuzdurmasını görən erməni dəstəsinin başçısı xəbər göndərir ki, bəs bizə ərzaq verin, çıxaq gedək. Kəndinizdən nümayəndə götürün, danışığa gəlin. Bu qırğınların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı onlara təklif edir ki, çıxın gedin və dinc əhaliyə toxunmayın. Erməni başçısı ilkin olaraq razılıq verir ki, bəs razıyıq. Pul və ərzaq verin. Ağsaqqalar da razılaşır, geri qayıdan zaman gizlincə onları izləyən 5 rus və 9 erməni əsgəri kənd yolunda onları tutur, hamısının başını kəsir, qılıncla tikə-tikə doğrayıb, bir yeşikdə torpağa basdırırlar. Ondan sonra kəndə xəbər göndərirlər ki, “sizin camaatın hamısı bizim – ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib, başqa ölkələrə gedin”– deyə, cavab verib.

Talışları ayaqlarından asan ermənilər onların üstünə qaynar su isti ataraq : “İslam dinindən dönün, bizim dini qəbul edin, talışlara toxunmayaq”, deyirdilər…

Yaşlı nəslin nümayəndələri illər öncə bu dəhşətli hadisələr barədə danışırlar ki, hətta Lənkəranın yuxarı kəndlərində qətliam o həddə olub ki, aşağı kəndlər Lənkərançayın (Vazarü) Sütəmurdov kəndi ərazisindən keçən hissəsində suyun qırmızı rəngə çaldığını görüblər.

– Bakıda baş verən qırğın haqqında da məlumat verərdiniz.

1918-ci il mart soyqırımları zamanı ermənilərin həyata keçirtdikləri talanlardan sonra ermənilərə başçılıq edən Stepan Şaumyana 80 milyon manat dəyərində qızıl, pul və digər əşyalar qalıb.

O da bu pulun bir hissəsini ingilislərə verib, özü ilə birgə üç erməninin həyatını xilas edib.

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1365
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."