Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rahib Branson hadisəsi, Qaşıqçının öldürülməsi və ola biləcək Mənbiç əməliyyatı: Türkiyədə nələr olur?

Yaşanan son hadisələr – rahib Bransonun öncə həbs, sonra azad olunması, səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda, öz ölkəsinin Baş konsulluğunda sirli şəkildə yoxa çıxması Türkiyəni yenidən dünya mətbuatının diqqət mərkəzinə çevirib.

Yenicag.ru-ya müsahibəsində yaşanan hadisələri SASAM strateji araşdırmalar mərkəzinin eksperti Süleyman Erdem təhlil edib.

Həmin müsahibəni təqdim edirik:

– Terror təşkilatını dəstəkləməsi sübut edildiyi halda Branson azadlığa buraxıldı. Buna səbəb nədir? Pərdəarxası bilinməyənlər nələrdir?

– Rahib Bransonun məsələsinin pərdəarxası səbəblərini bilən varsa da, onların sayı çox azdır. Bu hadisənin niyə bu qədər böyüdüyünü və xüsusilə də, ən üst səviyyədə dövlət səlahiyyətlilərinin bu məsələdə niyə bu qədər maraqlı olduğunu anlamaq çox çətindir… Branson haqqındakı ittihamlarla əlaqədar bəzi köşə yazarları da iddiaların əsassız olduğunu qeyd edirdilər. Sərbəst qaldığı son məhkəmədə gizli şahidlər də ifadələrini geri çəkdi. Onu agent və terrorçu olmaqda günahlandıran bütün şahidlər və dəlillər bir anda əsassız qaldı. Lakin buna baxmayaraq, Branson birbaşa deyil, dolayı yollarla terrora dəstək verməkdə günahlandırıldı və ona 3 il 1 ay 15 gün həbs cəzası verildi.

Bütün bu hadisələrdən sonra düşünürəm ki, Branson məsələsi Türkiyə hakimiyyətinə qarşı qurulmuş bir tələdir. Sanki kimsə qəsdən dövlət rəsmilərini bu məsələdə qəti mövqe qoymağa məcbur etmişdi. Təbii ki, hazırki iqtisadi şərtlərdə Türkiyənin ABŞ-a davam gətirməsi inandırıcı görünmür. Kimlərsə bunu bilirdi və yaxşı hesablama aparıb Branson məsələsindən istifadə edərək Türkiyəni çətin vəziyyətə salmağa çalışırdı. Halbuki, ABŞ-ın Suriyanın şimalında qurmağa çalışdığı PKK/YPG dövlətinin yaradılması üçün Branson amili heç bir təhlükə törətmirdi.

Məsələ ondadır ki, Türkiyə, milli təhlükəsizliyi ön plana çıxdıqda, hər cür iqtisadi çətinliyi gözə ala biləcək dövlətdir. Lakin rahib Branson məsələsində nə bir milli təhlükəsizlik təhdidi, nə də qazanacağı bir şey var idi. Dövlət rəsmiləri bu məsələdə səssiz qalıb, nəticəni gözləsə, böhran bu qədər dərinləşməzdi.

Əslində Bransonun heç bir sağlıq problemi olmadan, xəstəlik səbəbiylə cəzasının ev həbsinə çevrilməsi dövlət rəsmilərinin bu səhvdən dönmək istəyi ilə bağlı idi. Bundan sonra onsuz da bəlli idi ki, növbəti məhkəmədə rahib azadlığa buraxılacaq. Sadəcə ictimaiyyətə terrorçu kimi təqdim olunan birini birdən-birə azadlığa buraxmaq ciddi panika və narazılıq doğura bilərdi.

Ancaq Tramp administrasiyası böhranı qəsdən böyütməyə çalışdı. Türkiyənin atdığı addımı heçə sayıb təhdidlər yağdırdı və bütün bunların fonunda Türkiyə dövlət səlahiyyətlilərini çox çətin vəziyyətdə qoydular. Problemin həllində maraqlı olan Türkiyə rəsmiləri artıq bu təhdidlər qarşısında dayanıqlılıq göstərməyə başladı. Bransonun azad edilməsi daha da çətinləşdi, çünki bu, daxili ictimaiyyəti narahat edirdi və ciddi narazılıqlara səbəb olacaqdı.

Tramp isə məsələni gündəmdə saxlayaraq bundan öz xarizmasını artırmaq üçün vasitə kimi istifadə edirdi. Beləcə, Tramp məsələni noyabr ayında ABŞ-da reallaşacaq seçkilər üçün bir təbliğat vasitəsinə çevirdi. Türkiyədə isə bu məsələ həm iqtidarın, həm məhkəmənin etibarlılığına ciddi zərər yetirdi. Eyni zamanda xalqın ağır iqtisadi çətinliklə üzləşməsinə səbəb oldu. Buna görə də düşünürəm ki, dövlət rəsmilərinin kimlərin onları bu təzada saldığını və bu şəxslərin kimin maraqlarına xidmət etdiyini araşdırmasına ehtiyac var. Onlar tapılıb cəzalandırılmalıdır.

– Bransonun ola biləcək Mənbiç əməliyyatı ilə bağlı azad olunduğunu iddia edənlər də oldu. Rəcəb Tayyib Ərdoğan özə də son çıxışlarından birində Mənbiçdə əməliyyat ola biləcəyinin siqnalını vermişdi. Bu barədə nə düşünürsünüz?

– Branson və Mənbiç arasında heç bir əlaqə yoxdur deyə düşünmürəm. Branson məsələsi Hakan Atilla ilə əlaqəli ola bilər. Mənbiç Türkiyə baxımından təcili şəkildə həlli vacib bir problem deyil. Cənub sərhədlərimiz boyunca təhlükə yarada biləcək şəkildə formalaşdırılan PKK/YPG dəhlizi Türkiyənin Silahlı Qüvvələrinin zamanında müdaxilə etməsiylə aradan qaldırıldı. Dəhliz Fəratın şərq sahilinə qədər təhlükəsiz hala gətirildi. Amma Fəratın şərqinin də Türkiyə baxımından çox təhlükəli olduğunu düşünürəm və hazırda bu problemi həll etmək üçün xeyli gecikirik. ABŞ və Fransa başda olmaqla Avropa ölkələrinin YPG-yə dəstək məqsədiylə bölgəyə yerləşməsindən sonra Türkiyənin bu bölgəyə müdaxiləsi Mənbiçdə olduğu kimi çətin məsələyə çevrilib. Madam ki, işlər bu nöqtəyə qədər gəldi, bu mərhələdən sonra Türkiyə üçün ən məqbul yol, özünü təhlükəyə atmadan məsələni Suriya, Rusiya və İran üçlüyü ilə həll etməkdir. Suriya rejiminin YPG-nin hakimiyyəti altındakı bölgələrdə təkrar üstünlüyünü bərqərar etməsi və bu bölgələrdəki xarici gücləri torpaqlarından çıxarması üçün Türkiyə Astana prosesini fasiləsiz şəkildə davam etdirməli və lazım olsa, YPG-yə qarşı mübarizədə Suriya ordusuna dəstək verməlidir. Maşa varkən əlini atəşə atmaq lazım deyil.

Ardı var…

Qafqaz Ömərov

Loading...

www.yenicag.az

8411
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100