!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşı! Davam edir - 37: Moskva məğlubiyyətə qələbə donu geyindirir - TƏHLİL

!Reklam – Yazi

Otuz yeddi gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 460 ədəd, artilleriya sistemləri – 245 ədəd, hava hücumundan müdafiə sistemləri – 93 ədəd, təyyarələr – 110 ədəd, helikopterlər – 131 ədəd, avtomobil texnikası – 1 376 ədəd, PUA-lar – 26 ədəd, hərbi obyekt – 236 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 325 ədəd, zenit-raket kompleksləri – 230 ədəd. Rusların 130 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 160 ədəd, artilleriya sistemləri – 515 ədəd, hava hücumundan müdafiə sistemləri – 120 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 640 ədəd, PUA-lar – 126 ədəd, hərbi obyekt – 3 546 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 157 ədəd, zenit-raket kompleksləri – 143 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 37-ci gün əməliyyatlar teatrında “geri dönüş günü” kimi yadda qalacaq:

“Belə ki, ruslar əraziləri günbəgün nəzarətə götürərək necə irəliləmişdilərsə, günbəgün də oraları ukraynalıların nəzarətinə buraxmağa məcbur olurlar. Onlar Kiyev istiqamətindən geri çəkilməkdə davam etdilər. Brovarı istiqamətində hətta sərhədlərinə qədər geri çəklmiş görünürlər. Çerniqov ətrafında döyüşlər eyni tempdə davam etdi. Ruslar böyük itkilər verməkdə davam etdilər. Sumı istiqamətində geri çəkilən qüvvələrinə minə yaxın texnika ilə kömək gəldiyi müşahidə olundu. Buça, Qostomel, İrpen azad olundu. İvankova yaşayış məntəqəsi rusların qruplaşmasının o istiqamətdə əsas təminat və qruplaşma məntəqəsi idi və Ukraynanın nəzrətinə keçdi. Ukrayna ordusu Zaporejets-Mariupol istiqamətində üstünlüyu ələ almaqla Mariupola doğru istiqamət aldı. Mariupolda vəziyyət ukraynalıların leyhinə dəyişməyə başlayır. Köməyə gələn mobil qruplar döyüşlərin gedişinə vaxtında müdaxilə edə bilsələr, vəziyyət kəskin şəkildə dəyişə bilər.

Ukrayna Silahlı Qüvvələri və könüllüləri “pikap” avtomobilləri üzərində quraşdırılmış ABŞ istehsalı avtomatik minamyotları ilk dəfə Mariupol istiqamətində ruslara qarşı tədbiq etdilər. Bu, əməliyyatların gedişatında bir yenilik idi və çox uğurlu olacağını düşünürəm. Bu kimi nəqliyyat vasitələri üzərində hərəkət edən bölmələr həddindən artıq çevik və mobil olur. Bu taktika əməliyyatlar teatrında ruslar üçün təsirsiz ötüşməyəcək. Eyni zamanda, Ukrayna siyasi rəhbərliyinin onlara könüllü təhvil verilən təyyarələr, helikopterlər, zirehli texnikalar, gəmilər qarşılığında bir milyon dollar məbləğində ödənişlər olunacağını elan etməsi müharibələr tarixində bir yenilik sayıla bilər. Rus hərbçilərin bu sövdələşməyə gedə biləcəkləri barədə əminlik bu yöndə gələn kəşfiyyat məlumatlarına əsaslanmış olmalıdır. Hər halda, bunun nə qədər işlək bir mexanizmə dönüşəcəyini sahədə görəcəyik. Unutmamalıyıq ki, keçən günlərdə bunun kiçik çaplı nümunələri baş vermişdi. Xerson və İzyum hələ də rusların nəzarətindədir. Luqansk istiqamətində şiddətli döyüşlər davam etdi. Xüsusən də raket zərbələrində intensivlik artırıldı. Ruslar Çernobayevkaya 12-ci dəfə hücum etməyə cəhd etdilər və yenə də uğursuz oldu.

37-ci günün yekununa görə vəziyyət belədir ki, şimal və şimal-şərq istiqamətində ukraynalılar, cənub-şərq istiqamətində isə ruslar əməliyyat vəziyyətinə nəzarət edirlər. Rusiya ərazisində Belqorodda yanacaq anbarlarında yanğın baş verdi. Ruslar bunu ukraynalıların aviazərbəsi nəticəsində baş verdiyini deyir. Ukrayna isə bunu təkzib edir. Bildiyim qədəri ilə peyklər vasitəsilə videorejimdə izlənə bilinən müharibələrdə kimin əlinin kimin cibində olduğunu müəyyən etmək o qədər də çətin olmamalıdır. Ancaq Ukrayna, “Biz etməmişik”, – deyirsə, buna cavab olaraq rusların bir planı vardır deməkdir. Bu planın nədən ibarət olduğunu önümüzdəki günlərdə görəcəyik.

Ruslar əllərində olan ən dağıdıcı raket sistemlərini buna cavab olaraq tətbiq etsələr, heç təccüblü olmayacaq. Bu gün Rusiya Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamaları çox düşündürücü idi. Onlar qeyd etdilər ki, birinci faza planlandığı kimi başa çatdı. İkinci fazanın davamı cənub istiqamətində davam etdiriləcək. Siyasətdə “U” dönüşünün nə olduğunu bilirdim. Ancaq hərbi əməliyatlarda “U” dönüşünün nə olduğunu birinci dəfə bu müharibədə gördüm.

”Strateq”lər necə də asanlıqla yerinə yetirə bilmədikləri strateji planları normal hal kimi servis edirlər. Dedikləri doğrudursa, bəs “denazifikasiya və demilitarizasiya planı” hara buxarlandı? məhz bu səbəbdən mən hərbi elmin əsaslarına görə rusların müharibə planlarını anlamaqda çətinlik çəkirəm.

Məğlubiyyəti qələbə kimi qəbullanmaq müharibələr praktikasınada birinci dəfə olacaq…

Düşünürəm ki, önümüzdəki günlərdə əsas döyüşlər Mariupol-Nikolayev-Zaporojye istiqamətində gedəcək. Bugünkü vəziyyətə görə ruslar bu istiqamətdə hələ ki uğurlu görünürlər. Ukraynalılar isə Xarkov–Sumı-Çerniqov istiqamətlərindən rusları öz dövlət sərhədlərinə qədər geri otuzdurmaq uğrunda döyüşəcəklər. Bu istiqamətlərə kimin daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv