!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 48-ci GÜNÜ: Ölkənin şərqində böyük, şiddətli və həlledici döyüşlər gözlənilir - TƏHLİL

!Reklam – Yazi

48 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 645 ədəd, avtomobil texnikası – 1 440 ədəd, səhra artilleriyası və minaatanları – 350 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 111 ədəd, zenit-raket kompleksləri – 250 ədəd, təyyarələr – 140 ədəd, helikopterlər – 142 ədəd, PUA-lar – 52 ədəd, gəmi-kater – 7 ədəd .

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 200 ədəd, avtomobil texnikası – 1 680 ədəd, səhra artilleriyası və minaatanlar – 850 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 114 ədəd, zenit-raket kompleksləri – 162 ədəd, təyyarələr – 73 ədəd, helikopterlər – 32 ədəd, PUA-lar – 138 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 48-ci gün döyüşlər, əsasən, Xarkov, Xerson, Nikolayev, Donbas, Donetsk, Luqansk, Mariupol ərazilərində gedib:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ və taktiki vəziyyətində ciddi bir dəyişiklik baş vermədi. Son sutka ərzində Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna qoşunları rusların 6 hücumunu dəf etdi.

Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətində cəbhə xəttini nisbətən uzaqlaşdırdı. Burada cəbhə xətti artıq Xerson vilayətinin ərazisindən keçir. Ukrayna hərbçiləri gün ərzində Xerson vilayətində 15-dən çox yaşayış məntəqəsini azad etdi. Bu, Ukrayna qoşunları üçün həmin istiqamətdə ciddi uğur sayılır. Düşünürəm ki, bundan ruhlanaraq əks-hücum tempini daha da artıracaqlar. Ruslar isə bu istiqamətdə döyüşən Ukrayna qoşunlarına ciddi zərbə endirməyə çalışır. Bu istiqamətdə nəzarətə götürdükləri əraziləri əldə saxlamaq üçün maksimum dirəniş göstərəcəklər. Rusiya gün ərzində 2 dəfə Mariupol şəhərinə rəngli, zəhərli qaz bombası ilə zərbə endirdi. Bu da kimyəvi silahların istifadəsinin başlanğıcı sayıla bilər. Görünən odur ki, Ruslar Mariupol dirənişinə görə şəhərdə olan mülki əhalini və hərbçiləri qəddarcasına cəzalandırmaqda qərarlıdır. Ukrayna Silahlı Qüvvələrinin Mariupolda döyüşən 36-cı əlahiddə dəniz piyadası briqadasından bildirilib ki, şəhərin mühasirəsində düyüşən bölmələrin vəziyyət çox ağırdır, döyüş sursatı tükənir. Hakimiyyət orqanlarından dəstək və rabitə-əlaqə yoxdur. Eyni zamanda, Ukrayna Ordusu Mariupol şəhərinə doğru irəliləməyə davam edir. Şəhərin mühasirədən çıxarılmasına köməyin nə qədər çatdırıla biləcəyi sual altındadır.

Ukrayna Hava Hücumundan Müdafiə bölmələri gün ərzində Donbas səmasında Rusiyanın iki helikopterini və dörd pilotsuz uçuş aparatını vurdu. Ukraynalı müdafiəçilər bu istiqamətdə rusların 4 tankını, 5 zirehli texnikasını, 26 texnikasını, 8 artilleriya sistemini məhv etdilər.

48-ci günə damğanı Rusiya Federal Təhlükəsizlik Xidmətində strateji vəzifələr tutan generalların və zabitlərin ciddi cəzalandırılmaları xəbəri vurdu. Belə ki, Kreml rəhbərliyinin əmri ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Ukrayna məsələsi” ilə məşğul olan 5-ci idarəsinin 150 zabiti “təmizləməyə” məruz qaldı. 5-ci idarənin keçmiş rəisi, general-polkovnik S. Beseda isə artıq istintaq təcridxanasına göndərilib. Buna səbəb 5-ci idarənin əməkdaşlarının müharibə öncəsi və əməliyyatlar zamanı Kreml rəhbərliyinin Ukraynadakı ictimai-siyasi vəziyyət və silahlı qüvvələri barədə düzgün məlumatlandırlmamasıdır.

Yeri gəlmişkən, müharibənin ilk günlərindən qeyd etmişdik ki, prosesin gedişatı normal deyil, heç şübhəsiz, kəşfiyyat məlumatları yalan çıxıb. Hətta Ukrayna məsələsi ilə məşğul olan kəşfiyyat orqanlarının Putini aldatdığını da bildirmişdik. İndi baş verən proseslər zamanında verdiyimiz proqnozun doğru çıxdığını göstərir.

Düşünürəm ki, təmizləmələr bununla yekunlaşmayacaq. Artıq Kreml rəhbərliyi üçün uğursuzluqların “günahkar”larının tapılması, ya da “təyin edilməsi” vaxtı çoxdan çatıb. Bu dalğa digər təhlükəsizilik strukturlarını da silkələyəcək. Önümüzdəki günlərdə Kreml rəhbərliyi əməliyyatlar teatrında olub-bitənlərdən daha çox daxili hesablaşmalarla uğraşacaq. Dünyanın ikinci ordusunun bu hala düşməsinin hesabını verəcək generalların sayını təssəvür etməyə belə çətinlik çəkirəm. Görünən odur ki, “strateq”lər və “generalitet” öz dərilərini necə qorumağın hayında olacaq. Yalnız qaliblər mühakimə olunmurlar. Məğlubiyyətin səbəkarları isə saymaqla bitməyəcək. Əməliyyatlar teatrına cəlb olunan Rusiya Quru Qoşunlarının Qərb Hərbi Dairəsinin 1-ci tank ordusu, 6-cı, 20-ci ordu, Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ordusu, 49-cu, 58-ci ordu, Mərkəz Hərbi Dairəsinin 2-ci, 41-ci ordu, Şərq Hərbi Dairəsinin 5-ci, 29-cu, 35-ci, 36-cı ordusu 48 gün ərzində yalnız Xerson şəhərini nəzarətə götürə bilib. Müharibələr tarixində belə qüvvələrlə müharibəyə başlayıb 48 günə bu cür nəticə göstərən bir müharibə xatırlamıram. Hələ bir də bura Rusiya Hərbi Hava Qüvvələrini, Rusiya Hərbi Dəniz Qüvvələrini, Strateji Raket Qoşunlarını, Rusiya Aerokosmik Qoşunlarını, Rusiya Hava-Desant Qoşunlarını əlavə etsək, “dar ağacı”na gedəcək generalların sayını təssəvvür etmək çətin deyil.

Bizim 44 günlük müharibəmizdə birinci həftənin sonunda Cənab Ali Baş Komandan tərəfindən bu və ya digər səbəbdən artıq üç general vəzifələrindən uzaqlaşdırılmışdı. Nəticədə biz nəyi gördük? İldırım sürətli qələbəni. Əslində, bu, Ali Baş Komandanın sərkərdəlik iradəsinin sahəyə yansıması idi. Ona görə Helmut fon Moltke deyirdi ki, sərkərdələr xalqların taleyidir. Vətən müharibəsində cənab prezidentin timsalında biz bunun bariz nümunəsini gördük. Amma bu müharibədə Rusiya adına hələ biz bunu görə bilmirik. Ukrayna Prezidenti də müharibədən sonra Ukrayna xalqının tarixində bu qəbildən iz buraxmış olacaq.

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Avstriya kansleri Neuhammer görüşdü. Müharibə başlayandan bəri o ilk Qərb dövlətinin rəhbəridir ki, Moskvaya səfər edir. Putin bu gün kritik açıqlamalar verdi. O dedi ki, Ukraynada baş verənlər faciədir, amma bizə başqa seçim qoymadılar. Biz anlayırıq ki, ABŞ ən son ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır. Bu o deməkdir ki, Kreml rəhbərliyi, əslində, bunun Rusiya-Qərb savaşının olduğunun fərqindədir. Düşünürəm ki, bu qarşıdurma önümüzdəki günlərdə də artaraq gedəcəkdir.

48 günə olan operativ vəziyyət ondan ibarətdir ki, Rusiya Kiyev və digər Ukrayna ərazilərindən qoşunları çəkib, Donbas istiqamətində cəmləşdirib. Ukraynanın şərqində böyük, şiddətli və həlledici döyüşlər gözlənilir. Qərbin texnikası və müasir silahları ilə silahlanan Ukrayna da artıq öz qoşunlarını son döyüş üçün cəmləyib. Önümüzdəki günlərdə bu, rusların son operativ həmləsi olacaq və ondan sonra müharibə mövqe döyüşlərinə keçəcək. Ukrayna xüsusi təyinatlı bölmələri və muzdlu könüllüləri uzun və yorucu partizan hərakatına başlayacaq. Bu qeyri-nizami hərbi əməliyyatların bir ucu da Rusiya ərazilərinə qədər gedib çatacaq. Rusiyanın buna qarşı nə ilə cavab verə biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

2965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv