Sabir Rüstəmxanlı: “Aqil Ələsgər yalqız qurd kimi təkbaşına, amma inandığı həqiqətlər yolunda mübarizə aparıb”
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, xalq şairi Sabir Rüstəmxanlı Yenicag.az-ı 10 illik yubileyi münasibəti ilə belə təbrik edərək, saytın ötən müddət ərzində cəmiyyətdə geniş şəkildə tanındığını diqqətə çatdırdı:
“Yenicag əslində, adına uyğun fəaliyyət göstərən bir saytdır. 10 il son dərəcə çətin və mürəkkəb mübarizə yolu olub. Saytın yaradıcısı Aqil Ələsgər yalqız qurd kimi təkbaşına, amma haqq, ədalət və inandığı həqiqətlər yolunda mübarizə aparıb. Bu gün Azərbaycanda və Türkiyədə nurçularla bağlı danışmaq dəbə çevrildiyindən az qala hamı bildi-bilmədi hər şeyi danışır. Amma Aqil Ələsgər 10 il bundan əvvəldən başlayaraq, Azərbaycanda müxtəlif adlar adı altında fəaliyyət göstərən və insanların beynini dolduran Fətullah Gülən camaatı ilə mübarizə aparıb. O bu sözlərini təkcə Azərbaycanda deyil, Türkiyədə də deyib, bununla bağlı kitab da yazıb. Yenicag sadə adamların, əzilənlərin, hüquqları pozulanların, sözünü başqa yerdə deyə bilməyənlərin saytıdır. Peşəkarlıq baxımından da sayt öz sözünü Azərbaycan mediasında deyə bilib. Yoxlanılmamış materiallar burada çap olunmur. Sayt insanlara böhtan atmaqdan uzaqdır, vətəndaşların şəxsiyyətinin qorunmasına çalışır. Bu da saytlar üçün çox önəmlidir. Jurnalistin əsas vəzifəsi sözünün məsuliyyətini daşımaq, vətəndaşa və dövlətə ehtiram göstərməkdir. Bu mənada ictimai məsuliyyəti olan, dövlət və xalqımızın ideallarına hörmət göstərən saytlara dəyər verilməlidir. Fikrimcə, bu mənada Yenicag saytı da ildən-ilə inkişaf edir. Güman edirəm ki, getdikcə sayt daha populyar olacaq, daha çox oxunacaq. Kollektivi yubiley münasibətilə təbrik edir və uğurlar arzulayıram”.