Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Saxta "Qarabağ" sevgisi...

Reklam: High Technic

Kasıb bir məcburi köçkün ailəsi düşünün. Evdə yalnız bir nəfər işləyir. Və o ailənin anası evdə olan məhdud ərzaqla uşaqlarına yemək bişirməlidir. Və hamı da doymalıdır. Heç kim bu ailəyə kömək də etmir. Bu ailəni tanıyan hər kəs yalnız məsləhət verməklə məşğuldur.

İndi isə zəhmət olmasa, 5 saniyə ərzində gözlərinizi yumaraq Azərbaycan futbolu barədə düşünün. Əslində, bu barədə düşünmək üçün 5 saniyə də çoxdur. Gəlin sayaq: bir, iki, üç, dörd, beş… Açın gözlərinizi… Nəyi xatırladız, yadınıza nə düşdü, gözünüzün önündə nələr canlandı?

Yəqin ki, ağlınıza gələn ilk şey “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması oldu. Bax, yuxarıda qeyd etdiyim kasıb ailə Azərbaycan futboludur. O ailədə işləyən bir nəfər də Qurban Qurbanovdur. Evdə olan məhdud ərzaqla hamının doyması üçün “yemək” hazırlayan ana da “Qarabağ”dır. Arzulara ana olan “Qarabağ”…

Heç kim “Qarabağ”a kömək etmir. Komanda çempion olduğu üçün AFFA və PFL-dən klubun büdcəsinə qara qəpik də daxil olmur. Komandanın səfər oyunu zamanı canlı yayım üçün televiziya kanallarımızın büdcəsindən bir qəpik də verilmir. Və öz hesabına ayaqda qalan ailəyə futboldan başı çıxan da, çıxmayan da həm məsləhət verir, həm də ağıl öyrədir. Haqları çatmadığı halda “niyə Almeydanı satdınız, Pedronu göndərdiniz?” deyirlər, “Niyə normal hücumçu almırsız?” deyə irad tuturlar və s.

İndi məlum olur ki, azarkeşlər sabah baş tutacaq “Qarabağ” – “Vorskla” matçında elə maraq göstərmirlər. Aydın məsələdir, “Qarabağ” hər tur “Arsenal”la oyanaya bilməz ki…

Mən də yaxşı başa düşürəm ki, kimisə zorla, məcbur edərək, söyərək, döyərək stadiona gətirmək demokratiya anlayışının anasını ağlatmaq deməkdir. Əslində, məqsəd stadionu “tıklım-tıklım” doldurmaq da deyil. İnanın məqsəd bu olsaydı, “Qarabağ”ın ana sponsoru “Azərsun Holdinq”də çalışanların hesabına bu problemi aradan qaldırmaq olardı. Əsl məqsəd odur ki, stadiona gələnlər Rəşad Sadıqov yorulanda, Qara Qarayev topu itirəndə, Maksim Medvedev səhv edəndə, Emeqara topu qapıdan keçirə bilməyəndə, 12-ci oyunçu onlara dəstək çıxsın, yıxılmağa qoymasın, ayağa qaldırsın!

Bunu bacarmırıqsa, deməli, əksəriyyətin “Qarabağ”a olan sevgisi saxtadır. Və yaxud da siz Qurban Qurbanovun komandasına yalnız qarşılaşdıqları rəqibin ad-sanına görə hörmət edirsiz. O da ola bilər ki, siz aristokrat azarkeşlərsiz. Sizi stadiona aparmaq üçün Bakıya “Arsenal”, “Çelsi”, “Atletiko” kimi nəhənglər gəlməlidir. “Vorskla” sizin haranıza yaraşır ki?

Əslində, problem rəqibin “Arsenal”dan zəif olmasında da deyil. Problem ölkə futbolundadır ki, bizdə olan əsl futbol azarkeşlərinin sayı Bakı Olimpiya Stadionunu dolduracaq qədər deyil. Onsuz da yerli çempionatdakı mənzərə göz önündədir.

Məgər “Qalatasaray”ın stadionu təkcə “Şalke” ilə oyunda dolur ki? “Türk Telekom” “Cim-bom”un “Ərzurumspor”la matçında da “tıklım-tıklım”dır, “Fənərbaxça” ilə oyunda da.

Amma nə olsun? Sabah axşam sosial şəbəkələrə baxın. “Qarabağ” uğursuz çıxış etsə, Rəşad Sadıqov yorulsa, Qara Qarayev topu itirsə, Maksim Medvedev səhv etsə, Emeqara topu qapıya vura bilməsə 68 mindən çox status görəcəksiz…

Vallah, əslində nə istədiyimizi heç özümüz də bilmirik. Televizorda “Azəri Vandam”ı görəndə onu efirə çıxaranı söyən, daha sonra “qəhrəman”ın döyüldüyü xəbərin altına  “gücünüz ona çatır?” şərhini yazan millətin nümayəndəsindən başqa şey gözləmək də ağılsızlıq olardı.

Elə biliriz ki, stadiona getməməklə “Qarabağ” tək qalacaq? Xeyr! Yenə “İmarət”, sadiq azarkeşlər tribunada olacaq.

İndi isə gözlərinizi bir neçə saatlıq yumun – özünüz barədə düşünün…

Emin Səfərov

www.yenicag.az

4603
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100