!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səadətin altı guşəli qəsri - Rəsulzadənin tərcüməsində

!Reklam – Yazi

Azərbaycan milli dövlətinin yaradıcısı, böyük lider və mütəfəkkir Məmməd Əmin Rəsulzadənin siyasi şəxsiyyəti ilə birlikdə onun ədəbi-bədii sahədəki yaradıcılığı əvəz edilməzdir.

Rəsulzadənin tarix, mədəniyyət və ədəbi sahədəki çalışmaları yanında çox az bilinən tərcümələri də mövcuddur. Müəyyən etdiyimiz tərcümələrdən ikisi 19. əsrin islahatçı alimlərindən biri olan Seyyid Cəmaləddin Əfqaninin iki kiçik məqaləsidir. Bunlardan birincisi “Səadətin altı guşəli qəsri”, ikincisi isə “Vəhdəti cinsiyyə fəlsəfəsi” (“Milli birlik fəlsəfəsi”)-dir. Tərcümənin hər ikisi də 1912-ci ildə “Türk Yurdu” dərgisində nəşr edilmişdir.

Məqalənin əsas məğzini o dövrdə müsəlmanların yeni cəmiyyət quruculuğunda ehtiyacı olan əsas prinsiplər (guşə) meydana gətirir. Əfqani bu prinsipləri altı maddədə ələ almışdır. Bunlardan ilk üçü insanın yer kürəsinin sabibi, məxluqatın ən şərəfli varlığı olduğunu dərk etməsi, öz millətini digər millətlərdən daha fəzilətli bilməsi və insanın kamilliyi üçün çalışmasıdır. Digər üçü isə həya, əmanət və doğruluqdur. Əfqaninin bu görüşləri Rəsulzadənin diqqətini çəkmiş məhz buna görə də tərcüməsini münasib görmüşdür. Bu da Rəsulzadənin yeni cəmiyyət və dövlət quruculuğunda nələrə diqqət etdiyi baxımından əhəmiyyət kəsb edir.

Bunu da əlavə etmək lazımdır ki tərcümədə səsləndirilən fikirlər müasir dövrümüzdə də öz aktuallığını qorumaqdadır.

Şeyx Cəmaləddin Əfqani

Səadətin altı guşəli qəsri

Mütərcim: M. Ə. Rəsulzadə

(Mətni transfonoliterasiya edib çapa hazırlayan, sadələşdirən, tərkib və kəlimə mənalarının müəllifi Şahin Əhmədoğlu)

Dinlərin bir nəticei-tərbiyəviyyəsi olaraq əski zamandan bəri insanlar meyanında (arasında) üç əqidə və üç xislət vücuda gəlmişdir ki, onlardan hər biri millətlərin qivamı (duruşu) və ictimai heyətlərin davam və bəqası (gələcəyi) nöqtei-nəzərindən birər rükni-rəkin (ali əhəmiyyətə malik) olub millətlərin tərəqqi və təkamülü içün də davamlı əsaslar təşkil edirlər və həyati-bəşəriyyənin mucibi-fəlakəti (fəlakət səbəbi) olan şər və fəsadı bir mevci-fə`al (hərəkətli dalğa) gibi silüb götürürlər.

İşbu üç əqidei-cəlilənin (böyük əqidənin) birincisi insanın ərzi (yer kürəsi) bir məlik və əşrəfi-məxluqat olduğuna inanmaq; ikincisi kəndi millətini sair millətlərin əfzəli (üstün) bilüb digərlərinə tərcih etmək; üçüncüsü də bir külbei-əhzandan (hüznlər evi) fərqi olmayan işbu tar və qaranlıq aləmdən daha əfzəl, daha ə’la (ali) və daha evsa` (geniş) bir aləmə intiqal etmək içün insanın kəsbi-kəmalat (kamilliyi çalışaraq əldə etmək) etmək üzərə aləm vücuda gəldiginə etiqad eyləməkdən ibarətdir.

Şu üç əqidənin heyəti-ictimaiyyəcə (toplumca) təsiratı-əziməsini (böyük təsirlərini), mədəniyətcə mənafei-mühimməsini (mühüm mənfəətlərini), intizam və rəvabiti-miləlcə fəvaidi-kəsirəsini (çox faydalarını) ehmal etməməli, təvaifi-bəşəriyyənin və əfradi-insaniyyənin əqaidi-məzkurədən əxz edəbiləcəkləri səmərələrdən, millətlərin tərəqqiyyati-fikriyyə (fikri tərəqqi) və təkamülati-əqliyyələri (əqli təkamüllər) üzərinə icra eyləyəcəkləri təsiratı-həsənədən (gözəl təsirlərdən) hiçbir zaman qafil olmamalıdır. Bu əqaidi-sülüsədən (üç əqidədən) hər birinin kəndisinə xas olmaq üzrə bir taqım icabatı (tələbat) vardır ki hiçbir surətlə ehmal ediləməz.

Kəndi növünün əşrəfi-məxluqatı olmasına iman etmək icabatından birisi; bəhimi (heyvani) keyfiyətlərdən istinkaf etmək (qəbul etməmək), heyvani sifətlərdən mütənəffir (nifrət etmək) olmaqdır. Şək yoxdur ki bu etiqadi-istehkam (etiqadı qorumaq) peyda etdikcə, məzkur keyfiyyətlərdən biri olmaq hissi də təzayüd (artar) edər və işbu hiss qüvvətləndikcə insanın tərəqqiyyati-əqliyyəsi dəxi artar, əqlin təvəssüi (artması, genişləməsi) nisbətində insan mədəniyyətcə yüksəlir, məhəbbət, hikmət və ədalət əsasına müstənid (istinad edilən) mədineyi-fazilə (ideal şəhər / dövlət)* əhlindən olmaq dərəcəsini ihraz (əldə etmək) edər ki, bu da hükəmanın qayei-amali və səadəti-dünyəviyyənin nöqtei-intəhasıdır (son nöqtəsidir). Demək ki: bu etiqad insanları vəhşi bargirlər (burada vəhşi heyvanlar, atlar) və yabani öküzlər kimi yaşamaqdan, səhra vühuşi (vəhşiləri) kimi keçinməkdən mən’ edər; Alam (üzüntülər) və məzərratı (ziyanlar, zərərlər) kəndilərindən dəf’ edəcək istedada malik bulunmayan, təriqi-həyatı (çıxış yolunu) bilməyən, bütün günlərini xof və vəhşətdə keçirən heyvan sürüsi kimi əmrari-hayat etməgə (ömür sürməyə) bıraqmaz; insanları yırtıcı arslanlar, vəhşi qurdlar və quduz köpəklər kimi yekdigərlərini parçalamaqdan saqlar; bəni-Adəmin sıfati-xəsisə və dəniyyəsilə (alçaq vər pis sifətlər) heyvan dərəkəsinə (qatına) enməsinə müsaidə etməz. Xülasə bu, cərəyani-fikri və qəvayi-əqliyyeyi (əqli gücü) istemal üçün ən iyi bir saiq və nəfsi hər dürlü rəzaildən (rəzilliklələr) təhzib (sağaltmaq) içün ən müəssir (təsir edici) bir vəsilədir. Bir millətdə işbu etiqad mövcud olmaz da əksi bir əqidə cayigir (yer tutarsa) olursa və insanı sair bəhaim (heyvanlar) kimi degil onlardan daha dəni (aşağı) tələqqi edərlərsə, öylə bir millətdə nəinki dənainlər (aşağılıq), nə kimi rəzalət və şərarətlər zühur edəcəgini, ruhlarının nə dərəcədə küçüləcəgini, qüvvei-əqliyyələrində bir təvəqqüf (durmaq, dayanmaq) vücuda gələrək əvamili-fikriyyələrinin nə qədər ətalətə tutulacağını düşününüz…

Kəndi millətinin əfzəli-miləl (ideal millət) olduğuna inanmanın və onı bilcümlə millətlərə tərcih etmənin cümlei-icabatından biri də budur ki; ən azı böylə əqidənin mötəqidi (inananı) sair millətlərlə rəqabətə girişir.

Meydani-fəzaildə (fəzilət meydanında) onlarla müsabiqə edər; gərək məzayayi-əqliyyə və insaniyyə (əqli və insani məziyyətlər) və gərək məzayayi-ruhiyyə və həyatiyyədə sair millətlərə qarşı ihrazi-təfəvvüq (üstün olmağa çalışmaq) etməgə səy’ eylər və kəndi millətinin xissət (xəsis, tamahkar), dənaət (aşağılıq) və alçaqlığına qətiyyən razı olmaz; bəlkə istər ki onun milləti izz (izzət) və şərəf, qüvvət və səadət, rifahi-hal və ümrani-biladca (inkişaf etmiş ölkələr) hər bir əcnəbi millətin qüvvətində olsun; çünkü övladi-bəşər meyanında fəzilət, məziyyət, izz və şərəf əda olunan xüsusata kəndi millətinin daha müstəhiqq (layiq) və daha müstəidd (qabiliyyətli) olduğuna inanmışdır. Böylə bir iman ilə mücəhhəz (təchiz olunmuş) olan kimsə bir taqım xariciyyə təhti-təsirində (təsiri altında) olaraq kəndi millətində bəzi fəzaili-insaniyyə asari-inhitatı (çöküş əlamətləri) görüncə vicdanən rahət edəməz, son dəqiqei-həyatına qədər iadei-heysiyyət etmək üzərə cəhd edər. Demək ki: bu əqidə meydani-müsabiqədə mədəniyyətdə ən müəssir səvaiqi-təfəvvüqdən (üstün olan şeylər) birisi və əfzəlidir; ülum, fünun və sənayi’in calibidir.

Millətlərin izz və şərəfini mucib ən qüvvətli bir amildir. Bir millətdə böylə bir etimadi-nəfs olmazsa fəzaildə nə qədər məhkumi-bataət (yavaşlamağa məhkum olmaq) olacağını, himmətinə nə dərəcə fütur gələcəgini, zavallılıq və izsizlik bəliyyəsinin (fəlakət) kəndisini nasıl istila edəcəgini, nə kimi fəlakətlər və məzəllətlərlə (zillətlər) yaşayacağını bikərə təfəkkür eyləyiniz… Hələ (dəhir) və (manik)** təvaifi kimi kəndilərini miləli-sairədən (digər millətlərdən) alçaq fitrətli tələqqi edəcək olursa, böylə bir millətin nə kimi birgün qazanacağını da təəmmülə (düşünmək) alınız.

İnsan istihsali-kəmalat (kamilliyi əldə etmək) ilə daha vase’ (geniş) və daha ə’la (ali) bir aləmə intiqal etmək içün işbu aləmə gəldigi əqidəsinin mucibatındandır (səbəblərindən) ki böylə bir əqidənin sahibi daima mərufi-haqqa və ülumi-nafiə (faydalı elmlər) ilə əqlini tənvirə (aydınlatmaq) çalışır; qüvvei-müdrikəsini (idrak gücünü) atıl (boş) bıraqmaz. Kəndisində bir vədiətullah (Allahın əmanəti) olan quvai-fəalə (fəal qüvvətə), meşari-aliyə (ali hisslər) və xəvassi-cəlilənin (böyük keyfiyyətlərin) həpsini ictihadı sayəsində vücuda gətirir; həyatın bilcümlə mədaricində (yollarında) kəndi nəfsini sıfati-rəzilədən təhzib (təmiz) eyləməgə səy’ eylər və nəfsinin alışdığını naşayəstə mələkatı (gərəkəsiz vərdişləri) tədilə (dəyişdirmək) uğratır. Böylə bir mötəqid (etiqad sahibi), sərvət və samanını (zənginlik) yalançılıq, hiyləkarlıq, xəyanət, xud’a (hilə), rüşvət, rəzalət və dalqavuqluq kimi fasid təriqlərlə degil, məşru və məqbul bir yolda təhsil etdigi kimi məşru surətdə də sərf edər. Demək ki: bu əqidə ülumi-həqqə və əxlaqi-mühəzzəbə (saf, təmiz əxlaq) əsası üzərinə qurulmuş bir mədəniyyətin daisi (təbliğqatçısı) olmaq üzərə ən iyi və amil və kəndi hüquqlarını bilən və adilanə rəftar edən əfradə malik bir heyəti-ictimaiyyənin davamını mucib (səbəb) olub, doğrulıq və sədaqətlə icra olunan beynəlmiləl müaməlatın (işlərin) ən qüvvətli bir nizamıdır. Müsaləmət (barış, sülh), məhəbbət və ədalət dəxi əxlaqi-həsənənin məhsulı olduğundan işbu əqidə təbəqati-millət meyanında təmini-müsaləmət edən əvamildəndir (amillərdəndir). İnsanları bilcümlə fəna işlərdən saqlayan, kəndilərini bədbəxtlik vərtai-hövlnakından (qorxunc təhlükə) xilas edüb də mədineyi-fazilədə mürəbba-nişin (oturaq, yaşamaq) təxti-səadət eyləyən yeganə səbəb də budur. Böylə bir əqidəyə malik olmayan bir millətin meyanında nə qədər şiqaq (ixtilaf), nifaq, kizb (yalan), iftira, dəsisə (oyunabzlıq) və irtişa şüyu’ (rüşvət yayılması) bulacağını; ihtirasat (ifrat istəklər), ibtali-hüquq (hüququn ləğvi), mücadilə və müqatələnin (birbirini öldürmək) nə dərəcədə ümumiyyət peyda edəcəgini; kəsbi-mərifətcə nə qədər ehmalkar olacaqlarını təəmmül ediniz…
Şimdi gələlim xəsaili-sülüsiyyə (üçüncü xislət) ki əski zamandan bəri dinlərin təsiri və tərbiyəsilə millətlər arasında mövcuddur: onlardan birincisi həyadır. Həya, qəbih və şəni’ (pis) fellərin icrasından infial (qəzəb) peyda etməkdən ibarətdir. Bəşəriyyətcə nəqaisdən (naqisliklər) əddedilən (sayılan) şeylərlə təması mən’ edən onun təsiridir. İşbu əqidənin heyəti-icitmaiyyənin intizamı lehində və əfali-şəniei-irtikabı (rüşvətxorluq edənlərin) əleyhində təsiratı-inzibatiyyə və tədafü`iyyəsi (inzibati və müdafiə təsirləri) yüzlərcə qanunlar və binlərcə inzibat məmurlarından daha fazladır. Həya olmazsa ruh, xissət (tamahkarlıq) peyda edər, küçülürsə əcaba hangi bir qanun cəzanın iqtidarındadır ki onı heyəti-ictimaiyyənin mucibi-əfsadı (fəsada səbəb) əfa`ldan (fellərdən) mən’ (yasaq) edəbilsin? Solon*** kimi hər qəbahətin cəzasını edam deyə qərar vermək olamaz a… Həya xisləti eyni zamanda izzəti-nəfsi də müstəlzimdir (tələb edir). Hətta birini digərindən təfriq (ayırmaq) etmək bilə qabil degildir. İzzəti-nəfs, müaməlatın (işlərin) mədari-intizamı (nizam-intizam səbəbi), əhd ü peymanların əsas sədaqəti, insanın mayeyi-etibarıdır. Bu xislət, vaqar və hamiyyətində (heysiyyət) eynidir ki, şəklə aid olmaq üzrə, iki kəlimə ilə təvsim (adlandırmaq) edilmişlərdir.

Vaqar və həmiyyət (çalışmaq, qorumaq) millətlərin ülum, fünun, həşmət, əzəmət və sərvətçə tərəqqi eyləmələrinin həqiqi bir saiqidir (aparıcısı). Vaqar və həmiyyəti olmayan bir millət hiçbir zaman tərəqqi edəməz. Daima xissət, dənaət (aşağılıq), məzəllət (zillət) və məskənət (yoxsulluq) içində əsarət və übudiyyət (köləlik) təhtində (altında) yaşar, həya mələkəsi insaniyyətin riştei-ictima` və i’tilafıdır (birlik və bərabərlik bağı). Çünkü həqqün nasın (insan haqqının) hüdudı məhfuz olmayınca bir cəmiyyətin i’tilafi-əfradı (fərdlərin birliyi) qabil olmaz, işbu mələkə olmayınca dəxi hifzi-hudud qabil değildir. Bu səciyyədir ki insanı adabi-həsənə (gözəl ədəblər) ilə müəddəb (ədəblənmiş) və əfali-şəniei-heyvaniyyədən (pis heyvani davranışlar) mübərri (uzaq tutmaq) edər. Hərəkat və səkənatının tədilini mucib olur. Bu səciyyə ilədür ki insan sair heyvanlardan mümtaz olur. Dairei-bəhimiyyətdən (heyvanlıq dairəsindən) çıqar. Bu o yeganə mühərrikdir ki insanları ərbabi-fəzaili imtisalə (boyun əymək) təşviq edər, zəmaim (pis şeylər) və nəqaisdən (naqisliklərdən) uzaqlaşdırar, cəhl (cahillik), dənaət (aşağılıq) və rəzalətdən mütənəffir qılar. Bu xislət olmazsa nə əmanət təhəqqüq (gerçəkləşər) edər, nə də sədaqət bərdəvam olur. Bu ilk tərif və dəsturdur ki onunla hər bir müəllim, mürəbbi (tərbiyəçi) və nasih (nəsihət verən) kəndi şagirdanını suvəri (surət, şəkil) və mənəvi, zahiri və batini məkarim (saflıq, təmizlik) və fəzaili-əxlaqiyyəyə dəvət edir.

Müəllimin kəndi şagirdini təşviq edərək ona: “arqadaşının fazlaca səni ilərləməsindən dolayı heç həya etmiyormusun?” deyə təvcihi-xitab etdigini görmədinmi? Bu xislət mövcud olmaya idi, nə müaxəzənin (ayıblamaq) bir əsəri, nə təqdirin bir faidəsi, nə də dəvət və təşviqin bir səmərəsi olurdı. Demək ki: bu səciyyə bilcümlə möhsənatın əsli, kaşanei-fəzailin (böyük fəzilətlər) əsası, tamamı, tərəqqiyyatın saiqi olmuş və hələ də olmaqdadır. Bir millətdə işbu xislət olmazsa o millətdə yalançılıq və xəyanətin nə dərəcə intişar (yayılacağını) edəcəgini, nə dürlü ə`mali-qəbihə (pis əməllər) və əfali-şəniə (pis davranışlar) işlənəcəgini təsəvvür ediniz…

İkincisi-əmanətdir (etibar, inam). Növi-bəşərin bəqa və həyatının müaməlat və mübadəlat üzərinə qaim olduğu məlumdur. Müaməlat və mübadəlatın qanı və canı isə-əmanətdir. İnsanlar meyanında əmanət olmazsa müaməlat və mübadəlat da bozulur. Müaməlat bozuldumı-insanın bəqa və həyatı da mütəne’ (imkansız) olur. Bir də millətlərin rifah və asayişi, intizami-məişətləri cumhuriyət, məşrutiyyət, yaxud mütləqiyyət şəkli ilə olsun-ancaq bir hökumət vasitəsilə təmin ediləbilir. Bir hökumət dəxi, hangi bir şəkli haiz olursa olsun, hududlarında əcanibin, daxildə rah-zənlərin (quldurların), qatillər və xırsızların tə’diyat (burada oğurladıqlarını) və təcavüzlərini dəf’ edən harislərdən (mühafizə edən, qoruyan); beynəlmiləl qəvaninə (qanunlar) və şəriətə arif əhalinin dəavii-hüquqiyyə və cəzaiyyəsini (hüquq və cəza məsələləri) həll edən hakimlər və qazilərdən; vergü və sair aidati (ödənişləri) bervefqi-qanun (qanunauyğun) topluyubda, xəzinei-millət olan dövlət vəznəsinə iddixar (yığan, toplayan) və mühafizə edənlərdən və aidati-müdəxxərei (yığılan ödənişləri), bərsəbili-iqtisad, mədaris, məkatib, cədavil (su kanalları), türüqi-inşaatı (yolların çəkilməsi) və xəstəxanalar kimi mənafei-ümumiyyə xadimi-müəssisatə, hariseyni-hüquqi-milliyyə (milli hüquqları qoruyan), qazilər və bu kimi millət müstəxdimlərinə (xidmət edənlər) sərf edən, dört təbəqədən təşkil edər. Ərkani-ərbə’ə (dörd rükn) təşkil edən bu təbəqələrin, hökumətin əsasını rəxnədar (zərər) etməyəcək bir surətdə idarei-umur (işlərin idarəsi) eyləmələri isə əmanətə bağlıdır. Bunlarda əmanət olmazsa ahadi-nasdan səlbi-itminan (hərkəsdən razılığı olmadan məcbur almaq) edilmiş olur, rahət edəməzlər. Hüquqları paymal (tapdalanmaq) olur gedər. Qətl və qarət təvsi’ (artar) edər. Ticarət yolları məsdud (bağlanmış), səfalət qapuları məkşuf (ortaya çıxmış) olur. Xəzinei-hökumət xali (boş), təriqi-fəllah (qurtuluş yolu) qapalı qalır. Böylə əmanətsiz və xain bir hökumətlə idarə olunan millətin həman vərtai-həlakə yuvarlanacağı, əcanibin (əcnəbilərin) təhti-əsarətinə (əsarəti altına) girəcəgi, izmihilal (yıxılmaq) və zəvaldan (çöküş) daha fəna olan zillət əsarəti çəkəcəgi aşkardır. Yenə vəzihatdandır (aşkar, aydın) ki ahadi (hamı) meyanında əmniyyəti-mütəqabilə (qarşılıqlı etimad) olmayan və bir insani-vahid kimi müttəhid (birlik) bulunmayan millətlər digər əqvam (qövmlər) və təvaif (tayfalar) üzərinə icrai-nüfuz (təsir etmək) edəməz və hökumət sürəməzlər. Böylə bir ittihad və əmniyyət dəxi əmanətin vücudi xaricində mohali-mümtəne’dir (imkansızdır). Demək ki: əmanət bəqai-insanın qivami və hökumətin əsasi-davamıdır. O olmazsa nə əmniyyət vücud bulur, nə də rahat. Millətlərin vüqar və heysiyyətləri onsuz surətpəzir (mövcudluğu) olamaz. Ədalətin canı da, qanı da budur. İşbu xislətə malik olmayan bir millət əfradının (fərdlərinin) nə kimi bəlalara tutulacağını, nasıl biçarə və zavallı qalacaqlarını, nəhayət nə yolda məhv ü nabud (yox olmaq) olacaqlarını təəmmül ediniz…

Xəsaili-məzkurədən (zikr edilən xislətlərdən) üçüncisi də doğrılıqdır. Məlumdur ki insanın bir çox ehtiyacatı, həyatın da bir çox zəruriyyatı vardır. Ehtiyacları dəf’ edən (məvaddın (xüsusların, malın), zəruriyyatı təshil (asanlaşdıran) eyləyən əsbabın (səbəblərin) hər biri bir yanda bir yerdə xəfa təhtində (burada qapalı şəkildə) gizlənmiş, üzlətnişin (tənha yaşamaq) suyi-nisyan (unudulmuş) olmuşdur. Eyni zamanda bin bəla, binlərcə məsaib (fəlakət) dəxi dünyanın hər bir guşəsində pusuya (tələ) girmiş, insanı hədəfi-tir (ox) həlakı etmişdir. İnsan isə həvassi-xəmsei-zahirəsilə (xarici beş duyu orqanı) qətiyyən nə bilcümlə mənafe’ini dərk edəbilir, nə cümlə məzərratı (zərərlər) dəf’; nə bəlaların kəmingahlarını (hilələri) kəşf edə bilər, nə də vücudını mühafizə. Lihaza əcləbi-mənafe’ (fayda əldə emtək) cəlb və dəf’i-məzərrat (zərərləri ortadan qaldırmaq) etmək üzrə hər bir insan kəndi növündən olan digər insanların məşari’indən isti’anəyə (burada, qabiliyyətli olanlardan kömək istəmək) və onlardan yardım istəməgə möhtacdır. O qədər ki onların rəhbərligi sayəsində -beqədri-imkan (imkan daxilində)- kənidini mühalikə (həlak edən) qarşı müdafiə edəbilsin və həyatına lazım olan məvaddın (malın) bir qismini əldə etsin. Doğruluq olmazsa işbu istianət qətiyyən fayda verməz. Çünkü yalancı yaxını uzaq, uzağı yaxın, nafi’i məzər, məzəri nafi’ (faydanı zərər, zərəri faydalı) şəklində göstərir. Demək ki: doğruluq növi-bəşərin rəkin bəqa və davamı, heyəti-ictimaiyyənin habli-mətin (möhkəm ip/İslam dini) qivamidir. Gərək xüsusi bir ailə olsun, gərəksə bir bir millətin olsun, heç bir cəmiyyət doğruluq olmayınca təşəkkül edəməz. Bir cəmiyyətdə doğruluq olmazsa nə kimi talesizliklərə düçar olacaqlarını, nizam və intizamlarının nə surətlə bozulacağını təfəkkür ediniz…

* Bu tərkiblə həzrəti-Şeyx son dərəcə təkamüli ihraz eyləmiş ideal bir cəmiyyəti-bəşəriyyəyi qəsd ediyor. Mütərcim.

** Müxtəlif dinlər və dürlü dürlü məsləklər məşhəri olan Hindistanın taifələrindən olmaları möhtəməldir. Mütərcim.

*** “Məqalati-Cəmaliyyə”nin tabi`i (naşiri) burada bir not alaraq: “Həzrəti-Şeyx zənni-acizanəmizə görə bu ismi zikr etməklə cüzi bir əsəri-müsamihə (burada yanlış) ibraz eyləmişdir; çünkü şiddətli qəvaini (qanunları) ilə məşhur olan Solon değil, Draqondur. Yunan tarixi böylə göstəriyor” diyor. Mütərcim.

COP29

www.yenicag.az

1393
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv