Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Yenicag.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycan milli istiqlal hərəkatının və Azərbaycan Demokratik Respublikasının təməlini qoyub.

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşüb. 1909-cu ildə Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İ. Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib.

Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.

Dövrün bir çox mətbuat orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.

Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.

Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan, Azərbaycan milli istiqlal hərəkatının öndəri Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1955-ci ildə Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vəfatından 65 il ötür.

Loading...

www.yenicag.az

901
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100