“Seçkiləri izləmək üçün Azərbaycana getməyimə imkan vermədilər” – Gürcüstan parlamentinin deputatı

“Azərbaycanda indiyə qədər müşahidə etdiyim seçki prosesi ilə bağlı hər zaman müsbət rəy vermişəm”.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalifətçi Milli Hərəkat Partiyasının təmsilçisi Azər Süleymanov Yenicag.az-a açıqlamasında Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkilərində ölkəsinin seçki müşahidə missiyasının tərkibində olmamasına aydınlıq gətirib.

Azər Süleymanov seçkiləri müşahidə etmək üçün Azərbaycana gələ bilməməsinə görə Gürcüstan hakimiyyətini suçlayıb:

“Mən Azərbaycanda keçirilmiş əvvəlki seçkilərin bir çoxunu izləmək üçün Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibində Bakıda və bir neçə rayonda olmuşam. Azərbaycanda indiyə qədər müşahidə etdiyim seçki prosesi ilə bağlı hər zaman müsbət rəy vermişəm.

Ancaq çox təəssüf ki, Gürcüstan hakimiyyəti, “Gürcü arzusu” partiyası mənim Azərbaycandakı 9 fevral seçkilərini izləyəcək müşahidə missiyasının tərkibinə daxil olmağıma imkan vermədi. Ona görə də seçkiləri izləmək üçün rəsmi statusla Azərbaycana gəlməyim mümkün olmadı”.