Sərdar Cəlaloğludan “herb” təkilifinə sərt cavab: “Şeir adamının siyasətdəki rolu belə olur”

“Dövləti eksperiment etmək olmaz. Guya Azərbaycan dövlətinin qarşısında duran problemlər sən demə himnimizlə, bayrağımızla bağlıdır və onu dəyişməklə, Azərbaycanda hər şey öz yerini tapacaq. Rəfael Hüseynov ədəbiyyatçıdır, ona görə də düşünəndə də məhz ədəbiyyatçı kimi düşünür. Ədəbiyyatçıda da bədii təfəkkür güclü olur. Ədəbiyyatçı və şeir adamının siyasətdəki rolu belə olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Rəfael Hüseynovun parlamentin mayın 1-də keçirilən iclasında milli atributlarımızla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

“Dilimizə başqa dillərdən keçən sözlərin tələffüzü məsələsi elmi məsələdir. Bir var alınma sözləri xalq öz dilinə uyğunlaşdırır, bir də var alınma sözlər elə olduğu kimi işlənir. Bu mənada, ruslardan bizə keçən “qimn” sözünü “himn” kimi səsləndirə biliriksə, “gerb”i də “herb” kimi deyə bilərik. Burada qeyri-adi bir şey yoxdur. O ki, qaldı, ara-sıra Azərbaycan dövlətinin bayrağı və gerbinin dəyişdirilməsi kimi məsələsinin qaldırılması bunlar hamısı dövlətlə oyun-oyuncaq oynamaqdır. Dünyanın çox əsrlik tarixi olan dövlətləri var ki, uzun illərdir eyni və sadə dövlət atributlarından istifadə edir, bununla belə dünyaya ağalıq etməkdə davam edirlər. Məsələn, İngiltərə, Fransa, ABŞ-da belədir. Ona görə də dövlətimizə yaraşan gerb, bayraq həmin dövlətin vətəndaşlarının bu atributlarımıza bağlılığı, sayğısı ilə bağlı olan bir məsələdir. Yoxsa, dünyanın ən gözəl gerbinin rəsmini çəkib onu qəbul etməklə gerbə, dövlətə münasibət dəyişməyəcək ki? Ona görə də, R. Hüseynovun həmin fikrinin birinci hissəsilə razıyam ki, “gerb” sözü, “herb” sözü ilə əvəz olunsun. Amma ikinci hissə ilə qətiyyən razı deyiləm.

Dövləti eksperiment etmək olmaz. Gerb və himnimizin dəyişməsinə ehtiyac yoxdur. Amma alınma sözləri dilimizə uyğunlaşdırmaq əlbəttə ki, lazımdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi müzakirə olunarkən çıxış edən Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov dilimizdə “gerb” əvəzinə, “herb” sözünün yazılmalı olduğunu bildirib: “Ona görə də müsabiqə elan edilməli, dövlətimizə yaraşan herbimiz qəbul olunmalıdır. Arzu edirəm ki, yaxın zamanda himnimizin də, herbimizin də daha normal variantını ortaya qoyaq. Biz bayrağımıza, himnimizə, herbimizə bir də qayıtmalıyıq. İkinci yüz ilin lap başlanğıcında milli simvollarımızın dövlətimizə layiq formasını qəbul etməliyik”.

ELÇİN

COP29