Bu gün davam etdirilən büdcə müzakirəsində millət vəkilləri Milli Məclisə və digər dövlət qurumlarına ayrılan büdcə vəsaitlərinin həcmini müzakirə edib.
Yenicag.az xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkilləri parlamentin fəaliyyətinə ayrılacaq vəsaitlərlə bağlı öz təkliflərini səsləndirib. Milli Məclisin fəaliyyəti, itkiləri və deputatlara ayrılan ezamiyyət xərclərinin azlığından gileylənən millət vəkilləri bu vəsaitlərin artırılmasını təklif edib.
Müzakirədə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, parlamentin deputatlardan başqa işçi heyətinin genişliyinə baxmayaraq, dövlət büdcəsindən Prezident Administrasiyasına 94 milyon manat ayrılıb və bu da parlamentə ayrılan vəsaitdən 4 dəfə çoxdur.
Millət vəkili maliyyə naziri Samir Şərifovdan məsələnin aydınlaşdırılmasını xahiş edib. O, bildirib ki, aradakı fərqin 4 dəfə olması anlaşılan deyil.
Daha sonra müzakirədə çıxış edən millət vəkili Siyavuş Novruzov da Milli Məclisin ezamiyyət üçün nəzərdə tutduğu xərcləri artırmasını təklif edib:
“Maliyyə çatışmazlığı ucbatından 2016-2017-ci illərdə ezamiyyətin effektivliyi əvvəlki kimi olmayıb və bəzi məsələlərdən imtina edilib. Bu da istənilən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün səfərləri və qonaq qəbul etmək imkanlarını xeyli məhdudlaşdırıb”.
Araz Zeynalov