Reklam: High Technic
hightechnic

Tehrandan Vaşinqtona uzanan təhdid: “İran nüvə anlaşmasından çıxarsa...” – Ekspert

Reklam: High Technic

“Yaranmış vəziyyətdə İranın da Qərbin aparıcı ölkələri ilə imzalanmış nüvə müqaviləsindən imtina etməsi tamamilə real görünür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İranın ABŞ-ın ona qarşı atdığı son addımlara cavab olaraq nüvə razılaşmasından çıxmaq xəbərdarlığına münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin fikrincə, cəmiyyəti bir araya gətirmək üçün İranın dini rəhbərliyinin belə bir addıma getməsi gözləniləndir:

“Əslində, İranın nüvə anlaşmasından imtina edəcəyi kifayət qədər realdır. Çox güman ki, İrana münasibətdə sanksiyalar davam edərsə, ən azı daxili vəziyyəti qoruyub saxlamaq və nüvə məsələsi ətrafında dini-vətənpərvərlik motivlərindən istifadə etməklə cəmiyyəti bir araya gətirmək üçün belə bir addımın atılması mümkündür.

Ümumiyyətlə, Vaşinqtonun atdığı son addımlar sadəcə İranı deyil, digər region dövlətlərini də bu barədə düşünməyə məcbur edə bilər. Konkret ad çəkmək istəmirəm, amma son dövrlər ABŞ həm iqtisadi müharibə, həm də hərbi şantaj kontekstində artıq dünyanın bir çox ölkələrini seçim qarşısında qoyub.

Bildiyiniz kimi, ABŞ artıq Hindistana da sanksiyalar tətbiq etməyi nəzərdə tutur. Bu da Rusiya ilə Hindistanın hərbi sahədə ticarət anlaşması əldə etməsilə bağlıdır. S-400 raketlərinin alınması ilə əlaqədar Hindistanın Rusiya ilə razılığa gəlməsi bu ölkəni də ABŞ-ın hədəfinə gətirir.

Görünən budur ki, Vaşinqtonun “soyuq müharibə” elan etdiyi ölkələrin sırası getdikcə genişlənir. Eyni zamanda, İrandan ən çox neft alan ölkələrdən biri məhz Hindistandır. Doğrudur, Hindistan İrandan neft alışını müəyyən qədər azaldacağını bəyan etmişdi. Lakin ABŞ-ın faktiki olaraq ona qarşı sanksiya tətbiq etməsi fonunda çox güman ki, Hindistan da İrana qarşı sanksiyalara qatılmayacaq. Çünki özü də faktiki olaraq sanksiyaya məruz qalan dövlətə çevrilir. Belə olan halda görürük ki, İran ətrafında yaranmış vəziyyət kifayət qədər təhlükəli yön almaqdadır. Belə bir şəraitdə İranın da nüvə anlaşmasından çıxması tamamilə realdır”.

Qeyd edək ki, bu günlərdə Nazirlər Kabinetinin üzvləri ilə görüşən İranın dini lideri Ayətullah Xameneyi ölkəsinin nüvə razılığından çıxmaq ehtimalına toxunarkən bildirib ki, bu çərçivədə istədikləri nəticə əldə olunmasa, o halda milli maraqları qorumaq üçün nüvə anlaşmasından imtina edəcəklər.

Xatırladaq ki, Donald Tramp administrasiyası artıq İranla nüvə anlaşmasını ləğv edərək, İrana qarşı sanksiyaları daha da sərtləşdirib. İran da buna qarşılıq olaraq, nüvə razılaşmasından çıxacağını bəyan etməyə başlayıb. Amma aydın məsələdir ki, Tehranın hətta indiki vəziyyətdə belə nüvə anlaşmasından imtina etməsi regionda onsuz da gərgin olan durumu daha da ağırlaşdıracaq.

ELÇİN

www.yenicag.az

1552