“Tək Dağlıq Qarabağ deyil, ona bitişik 7 rayon da işğal olunub” – Dövlət Dumasının deputatı – Eksklüziv

“Türkiyə ilə Rusiya siyasi iradə və sağlam düşüncə nümayiş etdirərək, anlaşılmazlığı aradan qaldırdılar”.

Bu fikirləri Yenicag.Ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupu rəhbərinin müavini Dmitri Savelyev deyib.

– Rusiya-Türkiyə münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiz?

– Hər şeydən əvvəl qeyd etməliyəm ki, dövlətlər arasında münasibətlərin yüksəliş və eniş dövrü olur, bu da normaldır. Münasibətlərdəki soyuqlaşmadan sonra Rusiya ilə Türkiyə arasında əlaqələr əvvəlkindən daha yüksək səviyyəyə qalxıb. Humanitar əlaqələrin bərpa prosesi gedir. Ərzaq məhsullarının idxalına qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb, “Türk axını” layihəsinin icrasına başlanılıb, çarter reysləri bərpa edilib, 2013-cü ildə Akkuyu AES istifadəyə veriləcək.

Türkiyənin inşaat şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. Türkiyədən Rusiyaya ərzaq məhsullarının ixracı artıb. Təbii ki, turizm sahəsində əməkdaşlıq da genişlənib: Rusiyadan Türkiyəyə turist axınının səviyyəsi yüksəlib.

Sözsüz ki, bu fonda siyasi dialoq da xeyli intensivləşib. Bu məsələdə hər iki ölkənin parlamentləri mühüm rol oynayırlar – ikitərəfli münasibətlərin inkişafına çalışan Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupu öz fəaliyyətini genişləndirir. O baxımdan, mən ciddi sınaqlardan keçən Rusiya-Türkiyə münasibətlərinin indiki vəziyyətinin çox yaxşı olduğunu düşünürəm.

– Təyyarə böhranı ikitərəfli münasibətləri korlasa da, hazırda Türkiyə ilə Rusiya Suriyada birgə əməliyyatlar keçirirlər. Hadisələrin belə inkişafı nəyin göstəricisidir?

– Görünən budur ki, hər iki ölkə o xoşəgəlməz tarixdən düzgün nəticə çıxardıb. Yəni aydın olan budur ki, Yaxın Şərqdəki münaqişəyə son qoyulmalıdır və bunun üçün birgə fəaliyyətə ehtiyac var. Tanınmış analitiklər də dəfələrlə bildiriblər ki, Suriyadakı böhranın aradan qaldırılmasında ən təsirli güc Rusiya ilə Türkiyədir. Bunu Rusiya ilə Türkiyənin Suriyadakı tək birgə hərbi əməliyyatları yox, həm də humanitar və diplomatik səyləri də təsdiqləyir.
Terrorizm sərhədləri yaxınlığında münaqişə olan Türkiyənin və ya Suriyanın, o cümlədən Qərbin “imperiya ambisiyaları”nda suçladığı Rusiyanın problemi deyil. Bu, bütün dünyanın problemidir və onu birgə səylərlə aradan qaldırmaq lazımdır. Təyyarə insidentinə gəldikdə isə şükürlər olsun ki, Rusiya ilə Türkiyə o böhranlı mərhələni keçdilər.

– Ankara, Bakı və Moskvanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?

– Burada yenə də söhbət Dağlıq Qarabağda müharibənin başa çatmasında maraqlı olan ölkələrdən gedir. Rusiya, Azərbaycan və Türkiyə çoxəsrlik qarşılıqlı münasibət təcrübəsi olan dövlətlər, yaxşı qonşudurlar. Bu ölkələr Qafqaz regionunda sülhün bərqərar edilməsi kimi ümumi hədəflərə malikdirlər.

Moskva, Ankara və Bakının qarşılıqlı siyasi dəstəyi, bu ölkələrin siyasi-iqtisadi əməkdaşlığı diqqəti bu münaqişəyə yönəltməyə imkan verir. Qarabağ münaqişəsi artıq 25 ildir ki, davam edir və çox sayda insanın ölümünə səbəb olub. Çox təəssüf ki, dünya birliyi hərbi cinayət hesab olunan Xocalıda törədilmiş faciəyə hələ də diqqət yetirmir.

Tək Dağlıq Qarabağ deyil, ona bitişik olan 7 rayon da işğal edilib. Biz üç nüfuzlu dövlətin birgə səyləri sayəsində bu ədalətsizliyə son qoya və münaqişəni beynəlxalq hüquq normaları əsasında, BMT-nin işğal altındakı torpaqların boşaldılmasını nəzərdə tutan qətnamələrinə uyğun olaraq həll edə bilərik.

Yenicag.Az

COP29