Reklam: High Technic
hightechnic

Tək oğullar əsgər getsinmi?

Bu suala şəxsən mən qısa olaraq belə cavab verərdim: əlbəttə ki, getsin. Niyə də yox? Oğul tək olanda oğul olmur ki?

Amma belə bir cavabı verməzdən öncə bəzi məqamlara da aydınlıq gətirilməsinə zərurət var.

Nədir bu zərurət? İndi ardıcıllıqla izah etməyə çalışacağam.

Zaman vardı Azərbaycan ailələri çoxuşaqlı olardı. Elə bizim ailəmiz də onlardan biri idi. Səkkiz uşaqdıq. Altı oğul, iki qız. Səs-küylü, xoş bir ailə idi. Qardaşlar olaraq hər birimiz Sovet ordusunda xidmət keçdik. Üçümüz xaricdə (Macarıstan, Monqolustan və Almaniya), digər üçümüzsə SSRİ-də olmaqla.

Biz əsgər gedəndə anamızdan, atamızdan xeyir-dua eşitdik, Vətənə vicdanla xidmət etmək tapşırığı aldıq. Hər birimiz o iki ilimizi bu tapşırığa uyğun başa vurduq, evimizə döndük. Sağ-salamat. Burnumuz belə qanamadan.

Amma kəndimizdə başqa bir ailə də vardı ki, üç oğullu idi. Onlardan sonuncusu mənim həmyaşıdımdı. Universitet tələbəsi idi. Əsgər çağırdılar, getdi. Rusiyada, dinc bir bölgədə xidmət edirdi. Günlərin birində meyidi gəldi. Bəlli oldu ki, sadəcə maşınla yol gedərkən qəzaya düşüblər və bu gənc həlak olub. Özü də o qədər əsgərin içindən yalnız bir nəfər olaraq. Digərləri salamat qurtulmuşdu.

Əslində, dinc Sovet dönəmində əsgərlərin həlak olması adi hal idi. Buna görə də heç kim etiraz etməzdi. Yaxud da “mənimki tək oğuldur, qaynar nöqtələrə aparılmasın” kimi tələb də səslənməzdi onda.

Yeri gəlmişkən, mənim xidmət etdiyim Almaniyada da iki fərqli ölümə şahidlik etmişdik. Bunlardan biri gənc bir leytenantın ölümü idi. Çox ağır ölümdü. Pribaltikadan olan bu gənc iki tankın arasında dayanıb qarşıdakına hərəkət üçün işarə verərkən naşı tankçı qəfil hərəkətlə onu arxadakı tankın üzərində sadəcə yox etmişdi…

Digər bir ölümsə Azərbaycanlıya aiddi. Bakıdan olan, adını unutduğum sərbəst işçi vardı. Elektrik işləyirdi. Hərbiçi olmadığı üçün kənarda yaşayırdı, hərbi hissəyə velosipedlə gəlib-gedirdi. Günlərin birində səhər işə gələrkən yolda maşın vurub öldürmüşdü.

Anlaşılacağı kimi, bu halların hamısı sakit bir ortamda, savaşın olmadığı bölgələrdə baş vermişdi. Ölüm onları başqalarının arasından seçərək ağuşuna almış, aparmışdı.

Demək istədiyim odur ki, bir insanın sonu çatmışsa, oturduğu yerdə, yatdığı yerdə belə öləcək. Kimsə bu ölümün qarşısını ala bilməz.

Hələ əsgərlik bir yana dursun. Məgər evin tək övladı olan gənclərin elə Bakı küçələrində hansısa qəzadan ölməsi xəbərlərini eşitmirikmi? Elə bu son illərdə Bakının Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində sökülməkdə olan bir binanın yolun kənarındakı maşının üzərinə yıxılması sonucu anasının tək oğlu olan bir gəncin həlak olması xəbərini ürək ağrısıyla oxumamışdıqmı?

Demək istədiyim budur ki, tək və ya cüt olmasından asılı olmayaraq hər kəs saatı-saniyəsi çatınca ölümü dadacaqdır və heç bir qüvvə bunun qarşısını ala bilməz.

Bütün bunların ardından tək oğulların əsgər aparılmasına, yaxud da aparılarkən döyüş bölgəsindən kənarda xidmət keçməsi çağırışlarına münasibətlərə qayıtmaq istərdim.

Hər kəs ətrafına baxsın. Qohumlara, qonşulara, tanışlara. Görün, neçə ailədə ikinci oğul var? Yəqin ki, əksər ailələrdə yalnız bir oğlun olduğunu fərq edirsiniz. Mən də fərq edirəm. Ətrafımdakı ailələrin çoxunda yalnız bir oğul var.

Durum beləykən, əsgərliyə kim getsin? Axı hamının oğlu onun üçün təkdir və əzizdir? İndi “sən ağa, mən ağa, inəkləri kim sağa”? Bu Vətəni kim qorusun? Biz tək oğullarımızı ölməsin deyə savaşa göndərməyək, Vətənmi əldən getsin? Həm də o tək oğulları cəbhəyə göndərməsək kim təminat verir ki, onlar evdə yatdıqları yerdə ölməyəcəklər?

Sözümün canı odur ki, “tək oğul” qayğısına qaldığını iddia edib kimlərsə ictimai rəyi çaşdırmasınlar. Bu müzakirələri açanların özləri də yaxşı bilir ki, indiki dövrdə ailələrin çoxunda yalnız bir oğul var. Sadəcə Azərbaycan ordusunun əlini zəiflətmək üçün açılır belə müzakirələr. Bu isə kimə lazımdır? Əlbəttə ki, işğalçı Ermənistana!

Bütün bunları yazdıqdan sonra düşünürəm ki, daha “tək oğul” söhbətləri edilməz. Edilsə belə o oğulların da hər kəs kimi ən şərəfli şəkildə düşmən qarşısına çıxmasından danışılar. Şəhid olanlara gəlincə, əlbəttə, oğul itkisi ağırdır. Amma, vallah, bu şəhidlik həqiqətən də çox böyük şərəfdir axı. Axı bu oğulların qanı nahaqdan axmır. Bunlar canlarını Vətənə fəda etməklə əbədiyyət qazanırlar axı.

Sözardı: Mənim də oğlum təkdir və onun ən ön xətdə xidmət etməsindən şərəf duyardım. Bəzi sözdə Vətənpərvərlər kimi üzdə Vətən deyib, arxada oğlunu daha sakit bir bölgəyə əsgər göndərmək üçün hər şeyindən keçənlərdən olan deyiləm mən. Hələ o guya Vətən üçün yaxasını cıranların arasında ata-babalarının məzarları erməni tapdağında olanları demirəm. Onlar da öz oğullarını o cəbhə xətdindən uzaq tutmaq üçün yollar axtarır. Bax, bunu heç cür anlaya bilmirəm…

Azər HƏSRƏT

www.yenicag.az

969