Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Tulla kitablarımı bir yana..." - "Hormonların qiyamı" , yoxsa "aldanmaq" istəyən məktəbli?

Təhsil üzrə ekspert Kamran Əsədovun son illər ölkədə 1200-ə yaxın məktəblinin abort etdirdiyi barədə verdiyi açıqlama gündəmi bir-birinə vurub. Rəsmi məlumat isə özünü çox gözlətməyib.

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər. Dövlət Statistika Komitəsinin rəsmi hesabatında isə göstərilir ki, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort məhz 15-17 yaş arası olan gənc xanımları əhatə edib.

Ölkə üçün acınacaqlı olan bu məsələyə toxunan təhsil eksperti Məlahət Mürşüdlü məktəbli qızlar arasında baş verən sözügedən tendensiyanı əxlaqi-mənəvi dəyərlərimizə vurulan zərbə kimi qiymətləndirdi:

“Sözsüz ki, məktəbyaşlı qızların abort etdirmələri əxlaqi dəyərlərimizə zidd olan məsələdir. Belə vəziyyəti əxlaqi-mənəvi dəyərlərimizə vurulan zərbə hesab edirəm. Bu halların başvermə səbəbləri araşdırılmalıdır. Belə vəziyyət əsasən o hallarda baş verir ki, qızlar ailənin nəzarətindən kənarda qalır, nəticələri anlamadan müxtəlif yollarla aldadılaraq, cinsi münasibətə ya təhrik, ya da məcbur edilirlər. Ailədə mövcud olan zorakılıq halları da məktəbli qızlar arasında bu cür halların yaşanmasına gətirib çıxaran amillərdəndir. Düşünürəm ki, məktəblilər arasında cinsi tərbiyə mövzusunda söhbətlər aparılmalıdır. Bu istiqamətdə addımlar atılarsa, sözügedən neqativ halların qarşısı tam alınmasa da, azalmasına səbəb ola bilər”.

Psixoloq Elnur Rüstəmov isə bu qənaətdədir ki, orta məktəblərdə cinsi tərbiyə mövzusunda maarifləndirmə işləri aparılmalıdır:

“Məktəbli qızların cinsi əlaqədə olması və bu cür münasibətlərin də abortla nəticələnməsi qloballaşmanın yaratdığı problemlərdir. Yəni qloballaşmanın yaratdığı problemlərdən biri də nikahdankənar cinsi münasibətlər, eyni zamanda, informasiya-kommunikasiya texnologiyasının inkişafı ilə bağlı olaraq, cinsi maarifləndirmənin yanlış istiqamətdə getməsi və bu maariflənmənin az qala cinsi münasibətlə əlaqələndirilməsi ilə bağlıdır. Ailədaxili münaqişələr, boşanma halları fonunda da bəzən yeniyetmə qızlarımızın həyatında bu tip xoşagəlməz hadisələr yaşanır. Ona görə də həmin hala qarşı mübarizə üçün mütləq şəkildə profilaktik tədbirlər görülməlidir. Dünyanın aparıcı ölkələri artıq bu mərhələni keçib. Sırf ailə psixologiyası baxımından bunu konkret olaraq, postmodernizmin yaratdığı dövrlə əlaqələndirirlər.

Məsələn, qoruyucu vasitələrin yaranması, təbabətin inkişaf etməsi, süni mayalanmanın meydana gəlməsilə artıq cinsi əlaqənin formaları da dəyişdi. Baxın, bu gün internet üzərindən nə qədər porno saytların reklamı gedir. Ona nəzarət də yoxdur. 24 saat ərzində uşağın başının üzərində dayanıb, ona nəzarət etmək mümkünsüzdür. Problemin həlli üçün orta məktəblərdə maarifləndirmə işləri aparılmalı, ondan da qabaq valideynlər diqqətli olmalıdırlar. Hər hansı neqativ məqamlarla bağlı səslənən rəqəmlərdən sui-istifadə hallarını yaxşı görürük. Baş verən hadisələrin sayı bəzən şişirdilir, bəzən də bilərəkdən aşağı rəqəmlər göstərilir. Bu mənada məktəbli uşaqların abort edilməsilə bağlı səslənən rəqəmlərdən hansının nə dərəcədə düzgün olub-olmadığını söyləmək çətindir.

Hər halda, belə hadisələr baş verib və bu, qaçılmaz bir mərhələdir. Amerikanın özündə indi də müəllim-şagird sevgisi barədə məlumatlara rast gəlirik. Əvvəllər bu kimi məlumatlarla ancaq xarici mətbuatda tanış olurduq, indi öz başımıza gəlir. Bu mənada prosesdən sui-istifadə edənlər də olur ki, onlara imkan verilməməlidir”.

ELÇİN

www.yenicag.az

1005
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS