Reklam

Reklam

“Ərdoğan müsəlmanların hiddətini Səudiyyə Ərəbistanına və ABŞ-ın digər əlaltılarına yönəltməlidir”.

Rusiyalı ekspert İqor Pankratenko Yenicag.ru-ya müsahibəsində Yaxın Şərqdəki vəziyyət, İsraillə İran arasındakı mümkün müharibə və Vladimir Putinin regiona səfərini dəyərləndirib.

– Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını necə qiymətləndirirsiz? Türkiyə və İranın bu addıma münasibəti necə olacaq?

– Trampın həmin qərarını oxuyanlar və çıxışına baxanlar bilirlər ki, orada söhbət Qüdsü İsrailin paytaxtı olaraq tanımaqdan getmir. Qərarda qeyd olunur ki, Amerika yaxın 2-3 ildə öz səfirliyini İsrailin nəzarətində olan Qüdsün qərb hissəsinə köçürəcək. ABŞ prezidentinin o çıxışında Şərqi Qüdsün fələstinlilərə məxsusluğu şübhə altına alınmayıb. Yəni reallıqda Tramp administrasiyası Qüdsü tam şəkildə İsrailin paytaxtı elan etməyib. Həm də bildirilib ki, şəhərin daxilindəki hüdudlar İsrail və Fələstin arasında müzakirə predmetidir. ABŞ-ın əlində İsrailə və Fələstinə sırıyacağı konkret xəritə yoxdur.

Trampın çıxışından danışarkən, bu məqamları bilmək lazımdır. Trampın çıxışından hiddətlənənlərin müxtəlif əsasları və motivləri var. Bu yanaşmalar daha çox praqmatik xarakter daşıyır və Qüdsün “Üç dinin müqəddəs şəhəri” kimi ideallaşdırılmasından uzaqdır.

Konkret ölkələrə gəldikdə, hazırda İranın əsas məqsədi regionda Amerika və onun müttəfiqlərinin mövqeyinə etiraz edən cinahın mövcudluğunu saxlamasıdır. Tehranda hesab edirlər ki, həmin cinahda tək şiə yox, həm də sünni siyasi təşkilatları təmsil oluna bilərlər. Belə bir vəziyyətdə “Qüds uğrunda mübarizə” şüarı müxtəlif yönümlü partiyalar, hərəkatlar və qruplaşmalar arasında ziddiyyətləri azaldan amilə çevrilir. Bu şüar həm də “uzunmüddətli istifadə” üçün yararlıdır.

Ankaraya gəldikdə isə, aydın görünür ki, bu vəziyyətdə onu narahat edən əsas məqam regionda Səudiyyə Ərəbistanının rolunun artması və Ər-Riyadın nəzarətində olan ərəb dövlətlərinin İsraillə “böyük sövdələşmə”yə hazırlaşmalarıdır. Əgər bu “sövdələşmə” baş tutarsa – proseslər buna doğru gedir – o halda Türkiyənin regionda təsir gücü azalacaq. Mən hələ digər məqamlara toxunmuram.

Ona görə də indi Trampın mövqeyi ilə bağlı müsəlmanların artan qəzəbini Səudiyyə Ərəbistanı və ABŞ-ın digər əlaltılarına doğru yönəltmək Ərdoğan üçün çox vacibdir. Hazırda bu proses getməkdədir. Bu məqsədi tam şəkildə həyata keçirtmək mümkün deyil. Ancaq prosesin uğurlu gedişatı Ankaranın mövqelərini xeyli gücləndirəcək.

– İsraillə İran arasında müharibə nə dərəcə mümkündür?

– Ondan başlayaq ki, bu ölkələr arasında elan olunmamış müharibə – o cümlədən Suriyada – çoxdan başlayıb. Burada söhbət iki ölkə arasındakı qarşıdurmanın İran və İsrail orduları arasında açıq toqquşmaya çevrilib-çevrilməyəcəyindən gedir. Məncə, bu ehtimal yüksək deyil. Bu ölkələrin Suriyadakı mübarizəsi isə “kəşfiyyat döyüşü” adlandırıla bilər. Əlbəttə, indiki şəraitdə hər şeyin baş verməsi ehtimalı var. Ancaq tərəflər hansısa miqyaslı toqquşmalardan yayınacaqlar.

– Putinin Yaxın Şərqə son səfərinin hansı nəticələri olacaq?

– Bu səfər beynəlxalq və regional müstəvidə ciddi dəyişikliyə səbəb olmayacaq. Yəni Putinin dekabrın 11-də Suriya, Misir və Türkiyəyə səfəri daha çox daxili, Rusiya auditoriyasına ünvanlanan, prezident seçkilərinə yönələn təbliğat aksiyasıdır. Məqsəd Putinin dünya miqyasında sözü eşidilən “sülhməramlı lider” obrazının yaradılmasıdır. Rusiya qoşunlarının Suriyadan çıxarılması haqda bəyanat da bu məqsəddən qaynaqlanır. Putinin əs-Sisi və Ərdoğanla apardığı müzakirələr isə Moskvanın Qahirə və Ankara ilə münasibətlərində ziddiyyətlərin artdığını göstərdi. Ancaq bu, başqa söhbətin mövzusudur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1327
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."