Türkiyədə 24 iyun seçkiləri: İqtidar inamlı, müxalifət ümidlidir – Yenicag.Az

Reklam

Reklam

Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri tək qardaş ölkədə deyil, regionda ən ciddi siyasi hadisələrdən biri kimi dəyərləndirilir.

Yenicag.az xəbər verir ki, Türkiyənin hakim koalisiyası – Ədalət və İnkiaşf (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) təşəbbüsü ilə keçirilən növbədənkənar seçkilər bu tandem üçün iqtidara davam fürsəti, müxalifət üçünsə hakimiyyətə gəliş şansı hesab olunur.

AKP-MHP ittifaqının növbədənkənar seçkilər qərarı gözlənilməz olsa da, bu addım Türkiyə daxilində çox da geniş müzakirələr doğurmadı. Daha doğrusu, hakim koalisiyanın yeni seçki təklifini müsbət qarşılayan ölkə müxalifəti siyasi rəqiblərinin bu addımında özləri üçün “işıq ucu” gördülər. O baxımdan, iqtidaryönlü və müxalifət düşərgələrinə bağlı mediada növbədənkənar seçkilərin aktuallığı məsələsi çox da dartışılmadı.

Gözlənildyi kimi, seçkilar elan olunduqdan sonra AKP-MHP birliyi çox əmin-arxayınlıqla kampaniya hazırlıqlarını davam etdirməkdədirlər. Hakim düşərgə ilə müqayisədə müxalifət daxilində izaholunmaz eyforik ovqat yaranıb.

İstər prezidentliyə namizəd Meral Akşenerin liderliyində yeni yaradılmış İYİ Partiya, istərsə də lideri Kamal Kılıçdaroğlunu deyil, Muharrem İncə ilə seçkilərə qatılan ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) öz tərəfdarlarına indidən “qələbə müjdəsi” verməkdədirlər. Eyni zamanda, İYİ Partiya və CHP ilə seçki ittifaqına daxil olan Səadət (lideri Təməl Karamollaoğlu) və Demokrat Partiyası (lideri Gültekin Uysal) bu birgəlik sayəsində uğur qazanacaqlarına inanırlar.

Türkiyədə seçki hazırlıqlarının həlledici fazaya daxil olduğunu nəzərə alaraq, kampaniyanın əsas iştirakçıları olan partiyaların prosesin gedişi və mümkün nəticələrlə bağlı mövqelərini şərhsiz təqdim edirik.

Türkiyədə keçiriləcək 24 iyun seçkiləri ərəfəsində yaranmış vəziyyəti Yenicag.az-a şərh edən Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan Azərbaycan əsilli millət vəkili Nurəddin Aras prosesin normal getdiyini söyləyib. Arasın bildirdiyinə görə, prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi şübhə doğurmasa da, parlament seçkilərinin nəticələri AKP-nin gözləntiləri ilə üst-üstə düşməyə bilər:

“Bildiyiniz kimi, Türkiyə ötən il aprelin 16-da baş tutmuş referendumun nəticələrinə əsasən, ölkəmiz prezident üsul-idarəsinə keçib. Bununla da, keçirilən seçkilərin mahiyyəti xeyli dəyişmiş oldu. Bu baxımdan, 24 iyun seçkilərinin əhəmiyyəti olduqca böyükdür.

Hesab edirəm ki, parlament seçkilərində nəticələr gözlənildiyi kimi olmaya bilər, ancaq prezident seçkilərinin sonucu ilə bağlı heç bir problem görünmür. İnşallah, prezidentimiz Rəcəb Tayyib Ərdoğan yenə qalib gələcək.

Lakin müxalifət partiyalarının seçki ittifaqları yaratmaları və birlikdə kampaniya aparmaları Məclis seçkilərinin nəticələrinə istəmədiyimiz səviyyədə təsir göstərə bilər. Nəticələrin planlaşdırdığımız kimi olması üçün hər birimiz maksimum səy göstərməliyik.

Mənə gəldikdə, hazırda Məclisdə yeganə Azərbaycan əsilli millət vəkiliyəm. Bu seçkilərdə də namizədlik üçün müraciət etmişəm. Ümid edirəm ki, qarşıdakı bazar ertəsi günü namizədliyim təsdiq olunacaq.

Ümumiyyətlə, partiyalar Məclis üzvlüyünə namizədlərini mayın 21-də Ali Seçki Qurumuna təqdim etməlidirlər. Siyahılar təsdiqləndikdən sonra isə seçki kampaniyası başlayacaq.

Təbii ki, uğurlu kampaniya aparan, elektratlarının rəğbətini qazanan namizədlər millət vəkili seçiləcəklər. İnanıram ki, AKP son 16 ildə əldə etdiyi uğurlarını bu seçkidə də davam etdirəcək və xalqdan güclü hökumət formalaşdırmaq səlahiyyəti alacaq.

Müxalifətin prezidentliyə namizədlərinin qalib gəlmək ehtimalı yoxdur, onların heç biri hörmətli Ərdoğana rəqib olacaq gücdə, səviyyədə deyillər. Onların əsas məqsədləri Türkiyə üçün faydalı işlər görmək yox, sadəcə Ərdoğanı hakimiyyətdən yıxmaqdır. Özlərinin də qalib gələcəklərinə inamları yoxdur, yalnız “2-ci tur” ümidləri var. Ancaq bizim Ərdoğanın qələbəsinə, Türkiyə üçün faydalı fəaliyyətini davam etdirəcəyinə şübhəmiz yoxdur”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İYİ Partiyadan olan millət vəkili Yusuf Halaçoğlu Yenicag.az-a açıqlamasında 24 iyun seçkilərinə iddialı qatıldıqlarını və prezidentliyə namizədləri Meral Akşenerin 2-ci tura keçərək, yekunda qalib gələcəyinə inandıqlarını deyib. Halaçoğlunun sözlərinə görə, seçki prosesinin indiki mərhələsində hakim AKP tərəfindən müxalifətin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik ayrı-seşkiliyə yol verilir:
“Öncə deyim ki, partiyalar mayın 21-nə kimi öz namizədlərini müəyyənləşdirib Ali Seçki Qurumuna təqdim etməlidirlər. Hazırda seçki prosesi bu mərhələdədir. Bundan sonrakı mərhələdə isə seçki kampaniyası başlayacaq. İyunun 24-də isə seçicilər həm prezident, həm də parlament seçkilərində səs verəcəklər.

Təəssüf ki, bu seçkilərdə də Türkiyə müxalifətinin ölkə iqtidarı qədər imkanları yoxdur. Təəssüf ki, media və digər resurslar iqtidarın nəzarətindədir. Bu media da müxalifət təmsilçilərinə tribuna vermir, yaxud da çox az verir.
Xüsusilə, bizim İYİ Partiyanın lideri, prezidentliyə namizədimiz xanım Meral Akşenerə televiziyada, mediada çıxış imkanı yaradılmır. Yəni bu məsələlərdə ciddi ədalətsizlik var. Ancaq buna baxmayaraq, seçkilərdə qalib gələcəyimizə inanırıq.

Bundan sonra müxalifətin prezident seçkilərinə vahid namizədlə qatılmaq ehtimalı yoxdur. İYİ Partiya da, CHP də prezidentliyə namizədini artıq müəyyənləşdirib və bu iş bitib. Bu partiyaların ittifaqı sadəcə, parlament seçkilərini əhatə edir. İYİ Partiya Türkiyə seçicisinə bütün sahələrdə islahat aparmağı və avtoritar idarəçiliyə son qoymağı vəd edir. Ən əsas məqsədimiz Türkiyəni parlament demokratiyasına qaytarmaqdır.

Hesab edirik ki, prezident seçkilərində ikinci tur qaçılmazdır və o mərhələdə mübarizə Meral Akşener və Rəcəb Tayyib Ərdoğan arasında gedəcək, nəticədə Meral xanım qalib gələcək. Biz hazırda bu seçkilərdə qalib gəlməmək fikrini yaxına buraxmadan, uğur qazanacağımızı düşünürük”.

Seçki prosesinin gedişini Yenicag.az-a dəyərləndirən Cumhuriyyət Xalq Partiyasından olan millət vəkili Mustafa Balbay 24 seçkilərində əsas məqsədlərinin Türkiyəni gerçək demokratiyaya qaytarmaq olduğunu bildirib:

“Türkiyə xalqı dəyişiklik istədiyi üçün 24 iyun seçkilərinə bir vasitə kimi baxır. İctimai rəyə nəzər saldıqda, prezidentliyə namizədimiz Muharrem İncənin çox şanslı olduğunu görürük.

Muharem İncə artıq 16 ildir, TBMM-in üzvü olaraq, özünü yetkin, gözütox siyasətçi  kimi təsdiqləyib. Biz onun bu seçkilərdə uğur qazanmaq şansının olduğunu görür və düşünürük. Prezident seçkilərində qalibin 2-ci turda müəyyənləşəcəyi qənaətindəyik.

Seçki prosesinin indiki mərhələsində bəzi qanun pozuntularına yol verilsə də, onları qısa müddətdə aradan qaldırmağa çaılışırıq. Seçkilərin gerçək bir proses olmasına çalışırıq.

Ancaq bu çərçivədə ən böyük ədalətsizlik mediadır. Yəni siyasi qüvvələrə asimmetrik münasibət göstərilir. Dövlət telekanalı olan TRT son bir ayda Ərdoğana 60 saat, Muharrem İncəyə isə cəmi 1 saat efir vaxtı verib. Bu çatışmazlığı aradan qaldırmaq üçün sosial şəbəkələrin imkanlarından istifadə edirik.

Müxalifətin prezidentliyə 4 namizədinin məqsəd birliyi var. Eyni zamanda, prezident seçkilərinə diqqət ayırdığımız kimi, Məclisdə də üstünlüyü qazanmağı hədəfləyirik. Dövlət siyasətinin bir nəfər tərəfindən deyil, parlamentdə müəyyənləşməsini istəyirik.

Bu seçkilərin nəticəsindən asılı olmayaraq, bizim Türkiyədə demokratiya uğrunda mübarizəmiz dayandırılmayacaq. Dünya beşdən böyüksə, Türkiyə dəbirdən böyükdür. Türkiyə heç vaxt bir nəfər tərəfindən idarə olunmayacaq. Türkiyə demokratik siyasi sistemin bərpasına hazır və qadirdir”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1557
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."