Azərbaycanın yerləşdiyi geosiyasi mövqe tarix boyu böyük güclərin marağını cəlb edib və onlar bu coğrafiyanı daim nəzarətləri altında saxlamağa çalışıblar. Ötən əsrlərdə böyük dövlətlərin hədəfinə çevrilən Azərbaycan daim torpaq itkisinə məruz qalıb və suverenliyi pozulub. Bu proses XX əsrin sonunadək davam edib və Azərbaycan müxtəlif təzyiqlərlə üzləşərək Qarabağı itirmək məcburiyyətində qalıb. Yaxın Şərqin müxtəlif regionlarından Azərbaycanın Qarabağ bölgəsinə köçürülmüş ermənilər siyasi məqsədlər üçün çox yaxşı “alət” rolunu oynayıblar. Təbii sərvətlərlə zəngin olan Azərbaycanı ələ keçirmək, onu müstəqillikdən məhrum edib xalqını köləyə çevirmək istəyənlər təəssüf ki, zaman-zaman istəklərinə bəzi hallarda nail olurdular. Bu proses XXI əsrədək davam etdi.