Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Xəyanət edən kişidən gözünün içinə baxa-baxa intiqam alaram" - Azərbaycanlı aktrisa

“Büyükfırat” restoranlar şəbəkəsinin dəstəyi ilə hazırlanan və Xaqani Ticarət Mərkəzində yerləşən adıçəkilən restoranda baş tutan Yenicag.az – ın “2:1” layihəsinin növbəti qonağı Bakı Bələdiyyə Teatrının aktrisası, cazibədar xanım Aynur Abbasovadır.

C.Səlimqızı

– Sən də bəzi həmkarların kimi özünü öyüb, “gözələm, məndən yoxdur” deyirsən?

– Yox, mən özümü gözəl saymıram. Boyum hündür deyil, bir az dolubədənliyəm. Amma cazibədar xanımam. Hara gedirəmsə, mənə kompliment edirlər ki, sən nə şirin xanımsan, çox cəlbedicisən.

– Yəni rejissorlar bunu nəzərə alır?

– Lap dünya gözəli ol, əgər istedadın yoxdursa, heç bir rejissorun diqqətini cəlb edə bilməzsən. Əsas istedaddır. Məni gözəlliyimə görə irəli çəkə bilərlər, amma gərək verilən obrazın da öhdəsindən gələ bilim axı. Çünki tamaşaçıya mükəmməl obraz təqdim etməliyəm.

– Deyəsən, kaprizlərin də çoxdur. Ofisiant sənə çay gətirdi, dedin ki, stəkanı fincanla əvəzləsin…

– Hə, belə komplekslərim var. Çayı stəkanda içəndə onun dadını hiss etmirəm. Adi qəndlə çay içə bilmirəm, düşünürəm ki, çox əl dəyib. Toxunulmuş əşyalardan, qənddən, konfetdən xoşum gəlmir. Mən ilk dəfə toxunduğum şeyləri xoşlayram.

– Onda yəqin çox sevgi yaşamış kişiləri də xoşlamazsan?

– Mən dəfələrlə eşq yaşayan kişinin həyatına daxil olsam belə ona fərqli hisslər yaşatmağa çalışaram. Həyatı dolu-dolu və bənzərsiz yaşamaq istəyirəm. Yanımda olan kişiyə də bu həyatı elə yaşadaram ki, heç vaxt unutmaz.

– Hazırda yanında olan kişi var?

– Yox, sevmişəm, amma indi o münasibət bitib. Hörmətlə ayrılmışıq.

– Əgər sevgi bitməmişdisə, niyə münasibətə son qoyduz ki?

– Bitməsi lazım idi.

– Onda belə çıxır ki, əsl sevgi deyilmiş…

– Elə deməyək. Hər ikimiz bu sevgidə bir-birimizə unudulmaz anlar yaşatmışıqsa, demək, sevgiymiş. Buna “həyatın axarı” deyək. Qismət deyib, taleyimizlə barışmışıq.

– Hiss edirəm ki, hələ də qəlbindədir.

– Bu mövzuda danışmaq çətindir. Çünki çox həssas insanam, elə şeylər var ki, qəlbimdə yara kimi qalıb. Lap sevgi olmasın e, bir insanın insana kobud münasibəti də qəlbimi incidə bilir. Baxıram kasıb insandır, maşın təkəri qaraldır, amma o bahalı avtomobilin sahibi onu alçaldır, üstünə qışqırır, onda ürəyim param-parça olur. Ya da bir dilənçi görəndə ürəyim dözmür. Günlərlə o acı mənzərəni unuda bilmirəm.

– Sevginizi bəlkə xəyanət bitirib?

– Yox.

– Üstündən çox keçib?

– Çox. İndi ürəyim boşdur.

– Adamın heç inanmağı gəlmir ki, sənin kimi gözəl qızın sevgilisi olmaya?

– Hələ ki, mənə layiq olan o sevgili yoxdur. Bəlkə də nə vaxtsa o insan qarşıma çıxacaq və mənə heç vaxt yaşamadığım xoşbəxtliyi bəxş edəcək. Bu dəqiqə həyatımda beş insan var, beşini də sevirəm.

– Kimlər?

– Ailə üzvlərim- anam, qardaşım, gəlinimiz və iki gül balaları… Uşaqlarının adını da mən qoymuşam – Aylin, Ömər.

– Səncə, qadının hansı xüsusiyyəti kişini ondan uzaqlaşdırır?

– Baxımsızlığı və deyingənliyi.

– Özün deyingən deyilsən ki?

– Deyingənliyim yoxdur, amma pik nöqtəyə çatanda səsimi çıxarıram.

– Hansı halda münasibətə nöqtə qoyursan?

– “Yalanı bağışlamıram”, desəm, şablon olacaq. İçi mənqarışıq, hamı zamanla yalanı da bağışlayır, xəyanəti də. İnsan sevdiyinə görə hər şeyi keçir.

– Bəs nəyi bağışlamazsan?

– Mənim üçün fərqi yoxdur: ya dost olsun, ya sevgili, ya da ailə üzvlərimdən kimsə, – dar günümdə mənə sahib çıxmayan insanı heç vaxt bağışlamıram. Yalanı anlayaram, beynimdə xəyallar qurub, özümü onun dürüst olmağına inandıraram, amma dar günümdə laqeyd olsa, bağışlamağım mümkünsüzdür.

– Niyə gözlərin doldu?

– Çünki bugünkü gündə axirətə qədər halallığını verməyəcəyim insanlar var. Belə olmalı deyildi. Nə isə… bu barədə danışmaq istəmirəm, çünki özümə aiddir.

– Nə yaman kinlisən…

– Kinli deyiləm, amma unutmaram da.

– Qisas hissi varmı içində?

– Mən əqrəb bürcündənəm. Çox yaxşı “əqrəb”əm. Olub ki, gecədən səhər saat 5-ə qədər ağlamışam, gözümün yaşını silib, heç nə olmamış kimi həyata davam etmişəm. İçimdəki kədərə qalib gəlməyi bacaran insanam.

– İçindəki ağrını unudursan yəni?

– Tam unuduram desəm, yalan olar. Amma üzümdəki təbəssümüm heç vaxt əskik olmaz. Hətta elə məclis olub ki, görmüşəm kimsə gözünü zilləyib mənə baxır. Baxışından tutulmuşam, işarə etmişəm ki, nəyə baxırsınız? Deyib ki, bəs siz niyə mənə baxıb gülürsünüz? Cavab vermişəm ki, mənim simam təbəssümlüdür, həmişə gülümsəyirəm.

– Geyimində, hərəkətlərində cəmiyyəti nəzərə alırsan?

– Bacardığım qədər adət-ənənəyə uyğun geyinirəm. Göbəyi açıq geyimlər olmasa da, qarderobumda dekoltelər, qısa ətəklər çoxdur. Çox cəmiyyət içində olan insan da deyiləm.

– Gözəl xanımsan, birdən imkanlı bir şəxs sənə maşın hədiyyə etmək istədi, reaksiyan necə olar?

– Eləsin, hədiyyədən kim imtina edər? Qarşı tərəfin niyyəti safdırsa, niyə də almayım? Qəlbi qara olanlar pis düşünür.
Olub ki, kimsə məni sosial şəbəkədə bəyənib; yazıb ki, aktrisa kimi sizi çox bəyənirəm, hədiyyə vermək istəyirəm. Sevinə-sevinə o hədiyyəni qəbul etmişəm. Onu da deyim ki, “CİP” və “LEXUS” markalı avtomobilləri xoşlayıram.

– Bəs əgər bunu eşq yaşamağın qarşılığında təklif etsə, onda necə?

– Əgər aramızda sevgi yaşanarsa, niyə də yox?

– Hər qadının sevdiyi kişi obrazı var, sənin xəyal etdiyin kişilər necədir?

– Ətli-canlı kişiləri sevirəm. Həyatıma girmək istəyən kişi arıq ola bilməz. Boyu da ən azı məndən hündür olmalıdır.

– Bəs əlini masanın üstünə çırpıb desə ki, mən deyən olmalıdır, onda?

– Tabe olmağı sevmirəm. Getdiyim ünvanı dəqiqliklə söyləyə bilərəm, amma “icazə ver, bunu eləyim” ifadəsini qarşı tərəfə demərəm. Allah mənə ağıl verib, niyə kimdənsə icazə almalıyam?! Rəfiqələrimlə harasa istirahətə gedirəmsə, anama deyirəm ki, birhəftəlik dincəlməyə gedirəm, vəssalam.

– Sənin anlamında qalib qadın hansıdır?

– Səbrinə hakim olan qadın. Mən özümü qalib, həm də güclü qadın hesab edirəm.

– Birdən sevdiyin insan sənə hansısa gözəl xanımla xəyanət etdi, reaksiyan necə olar?

– Heç vaxt şəviyyəmə yaraşdırıb, o qadına söz demərəm. Mənim fərqliliyim bundadır. Xəyanətə gəlincə, hər kəsin başına gəlir.

– Səncə, xəyanət sevgi bitəndə başlayır?

– Yox. Kişilərdə “hər gün eyni xörəyi yemək olmaz”, fikri var. Bunu qəbul etmirəm.

– Xəyanətə xəyanətlə cavab verməyə necə baxırsan?

– Bu vasitədən istifadə edən qadınlar var, amma nə yaxşı baxıram, nə də pis. Mən başqa cür rəftar edərəm. Xəyanət edən kişinin gözünün içinə baxa-baxa ondan intiqam alaram. Onu yandıraram.

– Bitirərsən münasibəti?

– Atmaram, bağışlayaram.

A. Zeynalov:

-Bəlkə bir az da siyasətdən danışaq?

– Sakit həyat sevirəm, qalmaqallı həyat mənlik deyil. Siyasət olan yerdə qalmaqal da olur.

– Heç ürəyindən deputat omaq keçir?

– Yox, heç düşünmürəm də.

– Hər hansı problemin olanda hansısa məmura ağız açmısan?

– Heç vaxt ağız açmağı xoşlamamışam. Həyatımda bir dəfə çətin dönəm yaşadım, kiminsə köməyinə ehtiyacım vardı. Tanıdığım, münasibətim olan yüksək vəzifəli şəxslər də var, amma heç vaxt onlara ağız açmadım. Allah eləməmiş, həyatımda böyük problem yaşasam, külli miqdarda pula ehtiyacım olarsa, ağız aça biləcəyim və sözümü yerə salmayacaq dostlarım var. Elə ağır günümü arzulamaram.

– Siyasi mövzular səni maraqlandırmır?

– Çox dərin sularda üzməyi sevmərəm.

– Yəni siyasət sizin üçün dərin mövzudur?

– Bəli, dərindən də dərin.

– Siyasi xəbərləri də izləmirsiz?

– “Xəbərlər”ə baxıram, görüm ölkədə nə baş verir. Bakını çox sevirəm, hara da getsəm Bakıya can atıram.

– Ölkədə bir problem görmürsünüz yəni?

– Problem axtaran insan deyiləm.

– Siyasətçilərdən kimləri tanıyırsınız?

– Şəxsi tanışlığım yoxdur. Efirdən, ordan-burdan görüb-eşitmişəm.

– Hansı siyasətçi ilə tamaşada tərəf müqabili olmaq istərdiniz?

– Düşünməmişəm. Heç ürəyimdən də keçməyib.

– Bəyəndiyiniz siyasətçilərdən kimlərin adını çəkə bilərsiz?

– Xatırlamıram.

C.Səlimqızı:

– Sevgilisi olmaq istədiyin siyasətçi varmı?

– Yox. Onlar mənim həyat tərzimlə uyğun gəlməyən insanlardır. Mən həyatımı orta səviyyədə yaşamaq istəyirəm. Məşhur insanla ailə qurmaq istəməmişəm. Hətta hərdən məni tələsdirirlər ki, sənət aləmində səni başa düşəcək bir insan varsa, ailə qur. İnanın, heç ağlımdan da keçmir.

A.Zeynalov:

– Harda yaşayırsınız?

– Əhmədlidə. Nədi ki?

– Deputatınızı tanıyırsız?

– Yox.

– Bu, sizin günahınızdır, yoxsa onun?

– O mövzulara girmək istəmirəm.

Cəvahir Səlimqızı
Araz Zeynalov
Foto: Cəmalə Əlizadə

Yenicag.az

www.yenicag.az

2253
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100