!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır

!Reklam – Yazi

Qədirbilən cəmiyyətimiz 18 yanvar 2021-ci il – Azərbaycan xalqının görkəmli oğlu, uzun zamandır Vətənimizin milli irsi və genofondu hesab edilən, nəcib, ziyalı, intellektual və böyük vətənpərvər nəslin nümayəndəsi Eldar Quliyevin 80 illik yubileyinin üstündən səssiz-səmirsiz keçdi. “Bir cənub şəhərində” və “Abşeronun ritmləri” altında doğulub “Səmt küləyi”ni tapmaq çətindir; bu səni “Nizami” dramaturji poetikası, “Babək”in fədakar şücaətinin ömürlük “Girov”una çevirir və “Nə gözəldir bu dünya…”da Azərbaycanın kiçik, lakin rəngarəng hissəcik olduğunu dərk etməyə imkan yaradır!

Yadımdadır, məqalələrimin birində rejissor Eldar Quliyev sənətini Azərbaycan cəmiyyətinin rəng qammasının palitrası kimi təqdim etmişdim.

Eldar Quliyev qətiyyətli dialektikdir və onun rəngarəng əsərlərində məhz rənglərin ziddiyyəti açar rolunu oynayır desəm, yanılmaram.

Yaşından asılı olmayaraq, Eldar Quliyev hər dövr üçün mütərəqqi rejissor, psixoloji və mədəni nöqteyi nəzərdən incəsənətə müxtəlif qütb, təməllə yüksək səviyyəli fikirlərin toqquşması və ya sintezi kimi baxan ustaddır (“Bir cənub şəhərində” bədii filmi, 1969). Bu elə onun montaj etdiyi filmlərdə də açıq-aydın görünür. Lev Kuleşovun (XX əsr kino nəzəriyyəsinin banisi) montaj prinsiplərinin davamı olaraq Eldar Quliyevin nəzəriyyəsinin özəyində, nəticə olaraq təkrarolunmaz və çoxrəngli obraz yaradan antaqonist rənglənmiş təsvirlər, işıq və rənglərin toqquşmasını təşkil etmək bacarığı dayanır (“Nizami” bədii filmi, 1982). Erudit və poliqlot Eldar Quliyev həmişə özünün ideal, güzəştsiz, amansız, bıçaq kimi iti kompozisiyalarını Vsevolod Meyerholdun (XIX-XX əsr teatr nəzəriyyəçisi) biomexanikası üzərində qurur: yəni cəmiyyətdə dinamik hərəkət və inkişaf yaratmaq üçün o, daima əks istiqamətə – tarixə və oradan müasir cəmiyyətin inkişafı üçün vacib olan ismarışları açıq şəkildə çatdırır (“Babək” bədii filmi, 1979). Sergey Eyzenşteynin (XX əsrin kino xadimi) daim metr və ritm, görüntü və səs arasındakı ziddiyyətləri Eldar Quliyevin yaradıcılığında insanların fərqli baxış nöqtələri, eyni cəmiyyətin fərqli nümayəndələrinin hərəkətlərinin təzahürünü təşkil edir (“Biri vardı, biri yoxdu…” bədii filmi, 1967. “Ən vacib müsahibə” kinopovesti, 1971).

Çox təəssüf olsun ki, dünya səviyyəli rejissor, mənim əziz müəllimim, dostum və qohumum, maestro Eldar Quliyev 80-cü ad gününü xəstəxanada, məğrur yalnızlıqda keçirdi. Ümumiyyətlə, qürurun da ləyaqət kimi Eldar Tofiq oğlu Quliyevi ömür boyu müşayiət etdiyini desəm, yanılmaram. Bu onun – əsl aristokratın və dünya kinofestivallarında bütün azərbaycanlıların təmsilçisinin seçimi idi. Onu yalnız qoymaq isə bizim seçimimizdir, qədirbilən həmvətənlərinin, tələbələrinin və davamçılarının seçimidir…

Azacıq mövhumatçılığım üzündən bu yazını bir neçə gün əvvəl qoymadım, çünki Eldar müəllimin səhhəti kritik olduğundan reanimasiyada idi. Amma dünən Maestro gözlərini açıb, danışıb və ona həmişəlik sadiq olan Tanya, indi onu əhatə edən mehriban həkimlər və mələk simalı tibb bacıları ilə dostcasına zarafatlaşıb.

Eldar Quliyev bu layiqli pərəstişkarlarının balaca da olsa, işıq və rənglə dolu mühitində bir daha hər kəsə nümayiş etdirdi ki, həyat – yaşamaq üçün deyil, yaşadığını hiss etmək üçün lazımdır!

www.yenicag.az

1263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv